AİP lideri Mövsüm Səmədov aclıq aksiyasina başlayıb

AİP lideri Mövsüm Səmədov aclıq aksiyasina başlayıb

Siyasi məhbus AİP lideri M. Səmədov müddətsiz aclıq aksiyasına başlayıb

 

Maide.Az İslaminsesi-nə istinadən xəbər verir ki, həbsdə olan siyasi məhbus, AİP lideri Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə vəkil Yalçın İmanov bildirib. 

 

 Vəkil avqustun 30-da AİP lideri M. Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşüb. M. Səmədov bildirib ki, referendum aktında Konstitusiyaya kifayət qədər mürtəce dəyişiklilkər nəzərdə tutulur və həmin dəyişikliklərin qəbulu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi anlamına gəlir.

 

M. Səmədov bildirib ki, ayrı bir etiraz imkanları olmadığına görə yalnız aclıq aksiyası formasında dəyişikliklərə etiraz edir. “Bu ölkədə baş verənlərə görə həm Allah, həm də tarix qarşısında hər birimiz məsuliyyət daşıyırıq. Bu gün referenduma etiraz etməyə görə həbs etməsələr, sabah bizi başqa ittihamlarla həbs edəcəklər.”- deyə Səmədov bildirib.

 

Vəkilin bildirdiyinə görə, M. Səmədov bildirib ki, hakimiyyət onsuz da referendumu keçirəcək. “Əsas odur ki, cəmiyyət siyasi hadisələrə münasibətdə süst olmasın. Referenduma etirazsızlıq məni çox narahat edir. Referendumun sakit keçməsi, etirazsız qarşılanması Azərbaycan xalqının axırıncı qürurunu da əlindən almaqdır. Hər bir azərbaycanlını qanunun verdiyi imkanlar çərçivəsində bu dəyişikliklərə etiraza çağırıram. Biz ədalətli dövlət istəyirik, bu gün Azərbaycan xalqının milli vəhdətə ehtiyacı var. Xalqıma üzümü tutub deyirəm: Eyni həyatdan yorulmamısınız? Gəlin, birlikdə yaşayaq. Zalımın zülmündə ilk növbədə məzlum günahkardır” - deyə syasi məhbus bildirib.

 

O, aksiyası ilə həmçinin Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan şəxslərə verilmiş işgəncələrə, qanunsuzluğa və haqsızlığa etiraz etdiyini də deyib. Vəkil deyir ki, Mövsüm Səmədovda ümumi halsızlıq yaranıb. Ancaq Səmədov deyib ki, həbs ediləndən bəri mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir.

 

M. Səmədov müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti olunması ilə bağlı müraciət etsə də, hələlik onun səhhətinə həkim nəzarəti yoxdur. 

Google+ WhatsApp ok.ru