AİP prezident seçkiləri ilə bağlı mövqeyini açıqladı

AİP prezident seçkiləri ilə bağlı mövqeyini açıqladı

-- Azərbaycan İslam Partiyasının mərkəzi qərargahında geniş tərkibdə toplantı keçirilib

Azərbaycan İslam Partiyası 11 aprel 2018-ci il prezident seçkilərində iştirakla bağlı məsələni müzakirə edərək qərar qəbul edib
 
Qurum prezident seçkilərində iştiraka yox deyib.
 
Maide.Az "İslaminSesi”-nə istinadən xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda deyilir:
 
“Dünən, yəni fevral ayının 22-də Azərbaycan İslam Partiyasının mərkəzi qərargahında geniş tərkibdə toplantı keçirildi. Siyasi qurum bu ilin aprel ayının 11-də keçiriləcək prezident seçkilərində iştirakla əlaqədar məsələni müzakirə etdi. Toplantı iştirakçıları ötən prezident seçkilərini yada salaraq AİP sədri Hacı Mövsüm Səmədovun prezidentliyə namizədlik sənədlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən bilərəkdən gizlədilməsi və müzakirəyə belə çıxarılmamasını bir daha partiyaya qarşı mövcud hakimiyyətin qərəzli münasibəti kimi qiymətləndirdilər. Qeyd olundu ki, M. Səmədovun 2011-ci ilin yanvar ayında həbs olunması tam mənasında saxta ittihamlarla və siyasi sifarişlə icra olunmuşdur. Buna görə də partiya səlahiyyətliləri toplantıda çıxış edərək bildirdilər ki, qurumun çoxminli üzvləri bu gün də AİP iderinin həbsini qanunsuz hesab etməklə heç bir cinayət məsuliyyəti daşımadığı qənaətində olduqlarına rəğmən onun azadlığa buraxılmasını və seçkilərdə namizəd kimi iştirakına şərait yaradılmasını zəruri hesab edirlər.
 
Müzakirədə çıxış edənlər onu da qeyd etdilər ki, heç bir cinayət törətmədən hazırda müxtəlif cəza müəssisələrində məhbus həyatı yaşayan AİP-in komitə sədrləri və rayon təşkilatlarının fəallarının azadlıq hüquqlarının haqsız olaraq pozulması, həmçinin seçkilərin qeyri-demokratik, qeyri-şəffaf keçirilməsi ənənəsi davam etməkdədir. Vətənimizin, dövlətçiliyimizin, milli-mənəvi-dini dəyərlərimizin həqiqi təəssübkeşlərinin zindanlarda saxlanmasını ölkədə ədalətsizliyin sübutu kimi hesab edən sözçülərin əksəriyyəti, prezident seçkilərində iştirakı seçkinin legitimləşdirilməsi cəhdi kimi qiymətləndirərək bu, nəticəsi qabaqcadan bəlli siyasi kampaniyada iştirakı məqsədəuyğun saymadıqları təklifi ilə çıxış etdilər.
 
Son qərar olaraq Azərbaycan İslam Partiyası 11 aprel 2018-ci il prezident seçkilərində iştirak etməmək və heç bir namizədi dəstəkləməmək qərarını verməklə, seçkilərə yox dedi.”
 
 
Azərbaycan İslam Partiyasının Mətbuat Xidməti
 

Google+ WhatsApp ok.ru