AİP qondarma seçkilərlə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası separatçı Dağlıq Qarabağ rejiminin işğal zonasında Azərbaycan və beynəlxalq qanunların ziddinə olaraq keçirmək istədikləri seçkilərə sərt etirazını bildirən bəyanat yayıb.
Maide.az islaminsesi saytına istinadən məlumat verir ki, bəyanatda deyilir:
 
“Erməni separatçı qüvvələri Azərbaycanın əzəli torpaqlarını işğal etməklə kifayətlənməyərək qondarma dövlət yaratmaq niyyətlərini gizlətmir, dünyanın, beynəlxalq təşkilatların gözü qarşısında saxta seçkilər keçirir. Qəsbkarlar növbəti belə bir oyunu sentyabrın 13-də keçirmək niyyətindədirlər. Bu isə istər Azərbaycan qanunlarına və Konstitusiyasına, istərsə də beynəlxalq qanunlara və BMT qətnamələrinə ziddir. Təəccüblüsü odur ki, Azərbaycanın sərhədləri daxilində yeni qondarma dövlət yaratmağa cəhd edildiyi və ya defakto olaraq yaradıldığı bir şəraitdə nə işğalçı Ermənistana, nə də onun separatçı quldur dəstəsinə beynəlxalq təşkilatlar, dünyanın güc mərkəzləri tərəfindən təsir və təzyiq göstərilir. Hesab edirik ki, qəsbkar rejimləri artıq öz adı ilə çağırmağın vaxtıdır. Belə rejimlərə sanksiyalar tətbiq etmədən ərazi bütövlüyü pozulmuş, dövlətçiliyinə təhlükələr yaranmış bölgələrdə müharibələr qaçılmaz olaraq qalacaq.
 
Azərbaycan xalqı isə bir qarış torpağını belə düşmənin işğalı altında saxlamaq niyyətində deyil. Şəhid qanı axıdılan Dağlıq Qarabağ torpaqları bizim üçün artəq müqəddəs bir məkandır. Bu gün göründüyü kimi təmas xəttində cəsur əsgərlərimiz düşmənə qarşı müqaviməti gücləndirirlər. Təəccüblüdür ki, əsgərlərimizin bu həmləsindən işğalçı rejimdən daha çox ABŞ və Minck Qrupunun digər üzv ölkələri narahat olur, Azərbaycan tərəfini hətta sanksiyalarla təhdid edirlər.
 
Bütün bunlar Dağlıq Qarabağ uğrunda mübarizədə Azərbaycan xalqına öz iradəsini azad ifadə etmək imkanının verilməməsinin nəticəsidir. Göründüyü kimi ökəmizdə aparılan daxili və xarici siyasətdəki boşluqlardan, insan haqlarının pozulmasından xalqımızı sevməyənlər sui istifadə edirlər. Biz Azərbaycanın islamçı vətənpərvər oğulları adından bəyan edirik ki, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması hüququ xalqımıza qaytarılmalı, bütün vasitələrin işə salınması ilə Vətənimizin dilbər güşəsi, müqəddəs İslam torpaqları qəsbkarlardan azad edilməlidir. /
 

Google+ WhatsApp ok.ru