AİP rəhbərliyinin Mövsüm Səmədovla görüşünə icazə verilmədi

“Azərbaycan İslam Partiyasının funksionerləri bir müddət öncə qurumun Qobustan Qapalı tipli Həbsxanasında saxlanılan lideri Hacı Mövsüm Səmədovla görüşmək üçün rəsmi müraciətini həbsxana əməkdaşları mənfi cavablandıraraq görüşə icazə verməyiblər.”
 
Maide.az xəbər verir ki,bu barədə Azərbaycan İslam Partiyasından "İslaminSesi"nə daxil olan məlumatda qeyd edilir.
 
Bunu nəzərə alan partiya səlahiyyətliləri dünən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis vəzifəsini icra edən Hüseyn Əlixanova və Qobustan Qapalı Tipli həbsxananın rəisi, ədliyyə polkovniki Fikrət Qafarova Mövsüm Səmədovla görüş məqsədilə yenidən rəsmi müraciət ünvanlayıblar.
 
Müraciətdə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 81.7-ci və həmin məcəllənin digər müvafiq maddələrinə əsasən məhkumun qohumlarının, digər şəxslərin onunla görüşünün məqsədəuyğun hesab edilməsi qeyd olunmuş, məhkum Səmədov Mövsüm Mərdan oğlunun dostları ilə Qobustan həbsxanasında görüşünə şərait yaradılması istənilib.
 
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 04 noyabr tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir.O, hazırda Qobustan Qapalı Tipli həbsxanada saxlanılır.
 

Google+ WhatsApp ok.ru