Aprelin 1-dən Yaşıl Kart sistemi tətbiq olunacaq - VİDEO

Aprelin 1-dən Azərbaycan Avropa İqtisadi Zonası və İsveçrə ilə Yaşıl Kart sisteminin tətbiqinə başlayacaq

Hörmətli tamaşaçılar, bildiyiniz kimi Azərbaycan bu ilin yanvarın 1-dən etibarən yaşıl kart sisteminə qoşulub. Və buna qədər ölkə vətəndaşları bu sığorta şəhadətnaməsini əldə etməklə cəmi 2 ölkəyə, Türkiyə və İrana məhdudiyyətsiz şəkildə daxil ola bilirdilər. Amma artıq bu tip ölkələrin sayı 45 çatıdırılıb.
 
Aprelin 1-dən Azərbaycan Avropa İqtisadi Zonası ölkələri və İsveçrə ilə Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayacaq.
 
İcbari Sığorta Bürosundan (İSB) XəzərXəbər-ə verilən məlumata görə, İSB-nin Yaşıl Kart sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasından 2016-cı il fevralın 26-da aldığı məktuba əsasən İsveçrə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin Yaşıl Kart Büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair bağlanmış ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi aprelin 1-nə müəyyənləşdirilib. Həmin tarixədək tərəflər Yaşıl Kartların mövcudluğuna və etibarlılığına nəzarət edən ölkədaxili aidiyyəti qurumlara və sərhəd-keçid məntəqələrinə bu barədə məlumat verməlidirlər.
 
Aprelin 1-dən etibarən Azərbaycan Respublikasının vətəndaşları Avropa İqtisadi Zonasına daxil olan ölkələr, həmçinin İsveçrə, Tunis, Bosniya və Hersoqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran İslam Respublikası, Moldova, Ukrayna, Andorra Knyazlığı, Albaniya və Mərakeş Krallığına avtonəqliyyat vasitəsi ilə səyahət edərkən Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərindən Yaşıl Kartları ala bilərlər. Eyni zamanda qeyd olunan ölkələrin vətəndaşları da avtonəqliyyat vasitəsi ilə Azərbaycana səyahət etdikdə öz ölkələrindən Yaşıl Kartları əldə edə bilərlər.
 
Rusiya, Belarus və İsrailin Yaşıl Kart büroları İcbari Sığorta Bürosu ilə ikitərəfli sazişləri imzalamadıqları üçün Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri bu ölkələrə səyahət etdikdə həmin ölkələrdə etibarlı olan Azərbaycan Yaşıl Kartlarını əldə edə bilməyəcəklər və nəticə etibarilə həmin ölkələrə daxil olarkən bu ölkələrin sərhəd sığorta müqavilələrini almalıdırlar. Həmçinin, həmin ölkələrdə qeydiyyatdan keçən nəqliyyat vasitələrinə münasibətdə Azərbaycanda etibarlı olan Yaşıl Kartların rəsmiləşdirilməsi mümkün olmadığına görə, bu nəqliyyat vasitələri Azərbaycana daxil olarkən “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş sərhəd sığorta müqaviləsini bağlamalı olacaqlar.

Google+ WhatsApp ok.ru