AİP və Müdafiə Komitəsi Mövsüm Səmədovun həyatının təhlükədə olması ilə bağlı birgə bəyanat yayıb

AİP və Müdafiə Komitəsi Mövsüm Səmədovun həyatının təhlükədə olması ilə bağlı birgə bəyanat yayıb

Bu gün Azərbaycan İslam Partiyasının Təşkilatçılığı ilə 12 saylı Cəzma Çəkmə Müəssisəsində saxlanılan partiya lideri Mövsüm Səmədovun təzyiqlərə məruz qalması, yenidən Qobustan Qapalı Tipli Təcridxanaya göndərilməsi və həyatının təhlükə ilə üzləşməsi ilə bağlı dəyirmi masa keçirilib.
 
Tədbirdə AİP rəhbərliyi, ölkə ruhaniləri, hüquq müdafiəçiləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir müqəddəs Qurani-Kərimin oxunuşu ilə açıq elan edilib. 
 
Tədbirdə çıxış edən iştirakçılar Mövsüm Səmədova qarşı baş qaldıran təzyiqləri pisləyərək, onun həyatına yönəlik təhdidin və təhlükənin aradan qaldırmasını tələb edib.  
Sonda bəyanat qəbul edilib. “İslaminSesi” sözügedən bəyanatı oxucularına təqdim edir. 
 
Qeyd edək ki, tədbir haqqında geniş reportajı təqdim edəcəyik.
 
                                                                                                                                                       
                                                                                                                       Bəyanat
 
Qondarma ittihamlar irəli sürülməklə şərlənib 12 il azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədov artıq yeddinci ildir ki, məhbus həyatını yaşayır. Bununla yanaşı dəyərli ilahiyyatçı alimə qarşı Azərbaycan Respublikası Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində zorakılıq əməlləri törədilir, hüquqları kobudcasına pozulur, sakit məhbus həyatı yaşamasına belə şərait yaradılmır.
 
Məlum olduğu kimi, Hacı Mövsüm Səmədov həbs müddətinin üç il yarımını penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində keçirmişdir. Qeyri-müəyyən səbəblərdən 2014-cü ilin iyun ayında M.Səmədov  12 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş və burada mütamadi olaraq karserdə, ağır şəraitdə saxlanmışdır. O, qısa müddətdən sonra buradan da daha sərt rejimli Qobustandakı Qapalı Tipli Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdür. Məhkəmə hökmü ilə iki illik müddəti ötdükdən sonra M. Səmədov 11 saylıya deyil, məhz 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Göründüyü kimi bu hal Doktor Səmədova qarşı qərəzli münasibətdən və düşünülmüş şəkildə onu təzyiq altında saxlamaq niyyətindən irəli gəlir. Son günlərdə isə M.Səmədova qarşı açıq düşmənçilik münasibəti bizi və ölkəmizin bütün dindar camiəsini, onu tanıyan on minlərlə insanı ciddi narahat etməyə bilməz. Çünki Hacı Mövsüm Səmədovun Qobustan həbsxanasından qayıtdığı ayların demək olar ki, əksər vaxtını karsel və ya qapalı rejimdə keçirmişdir. Bir neçə gün öncə isə M. Səmədovun yenidən Qobustan Qapalı Tipli Cəzaçəkmə Müəssisəsinə köçürüləcəyi barədə ona məlumat verilmiş və müəssisə rəhbərliyi tərəfindən məhkəməyə müraciət edilmişdir. Bunu isə müəssisə rəhbərliyi Mövsüm Səmədovun həyati təhlükəsizliyi naminə edilməsi ilə əlaqələndirmişdir.
 
Göründüyü kimi, Doktor Hacı Mövsün Səmədovun saxlandığı cəza müəssisələrinin daha sərt rejimlilərlə əvəzlənməsi və eyni zamanda cərimə təcridxanalarında məhbus həyatı yaşamasına məcbur edilməsi, ona qarşı işgəncələr M. Səmədovun fiziki məhvinə ölçülməsi şübhəsini yaradır. Bəllidir ki, belə hallar, yəni məhbusların müəmmalı şəkildə heç bir əsaslı səbəb olmadan dünyalarını dəyişmələri narahatçılıq doğurmaya bilməz.
 
Hesab edirik ki, bir ölkədə insan haqlarının belə kobudluqla pozulması, bir xalqın dini-mənəvi dəyərlərinin daşıyıcısına qarşı zorakılıq əməllərinin törədilməsi təkcə cəmiyyətin birliyinə, dövlətçiliyin möhkəmləndirilməsinə zərbə vurmur, beynəlxalq aləmdə bir xalqın, bir millətin mənəvi tutumunu, əxlaqi davranışını, düzgün idarə olunmasını, düşüncə tərzindəki plüralizmi ciddi şübhə altına alır. Təəssüflər olsun ki, ölkəmizdə bir çox hallarda bütün bu mənəvi-əxlaqi-insani dəyərlərə kimlərinsə maraq dairəsindən baxılır, bəzən fərdi maraqlara tabe etdirilir, bəzən də üstündən xətt çəkilir. Mübarək Ramazan ayında İslam alimlərinə qarşı qərəzli, qeyri-sağlam münasibət isə ölkədə ümumən dinimizə olan münasibətin qeyri-səmimiliyindən xəbər verir.
 
Əslində din alimlərinə, o cümlədən Doktor Hacı Mövsüm Səmədova qarşı bu fiziki və psixoloji təzyiqlər cəmiyyəti zülm və qanunsuzluğa qarşı mübarizədən çəkindirməyə, itaətkarlığa sürükləməyə ölçüldüyü bəlli olur.  Belə münasibət cəmiyyətin gələcək inkişafını buxova almaqdan, hər hansı xarici müdaxiləyə qarşı laqeydlikdən də ağır nəticələr verəcəyini göstərir.
 
Biz Hacı Mövsüm Səmədov və bu gün zindanlarda qanunsuz olaraq saxlanılan və cəmiyyətdən təcrid halında ömür sürən onlarca İslam alimlərinin hüquqlarının müdafiəsini zəruri, vacib hesab edənlər müvafiq orqanları və siyasi sifarişçiləri bu haqsızlıqlara, məhkəmə ədalətsizliklərinə, cinayətsiz cəzalara son qoyulmasına çağırırıq. Vətən, xalq, torpaq naminə canından, qanından keçə bilən  dəyərli insanlar zindanda deyil, cəmiyyətin içində olmalı, xalqımızı baş verən və baş verə biləcək bəlalardan qurtarmaq üçün bilik və bacarıqlarını sərf etməlidirlər.
 
Azərbaycan İslam Partiyası
 27.05.2017

Google+ WhatsApp ok.ru