Aqrar sahədə sarımsaq böhranı - İstehsalçılar məhsulu niyə sata bilmirlər...

Aqrar sahədə sarımsaq böhranı - İstehsalçılar məhsulu niyə sata bilmirlər...

-- Regional idarələrin effektsiz fəaliyyəti...

Bu gün kənd təsərrüfatı sahəsində pərkəndəlik hökm sürür. Dedi-qodu üzərinə qurulan, planlaşdırılmadan əkilən məhsul növləri sonda fermerlərin ziyana düşməsinə səbəb olur. İnişil soğan, bu il də sarımsaq... Tendensiya nə vaxtadək davam edəcək?
 
 
Sarımsaq-soğan böhranı...
 
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Modern.az-a deyib ki, bunun əsas səbəbi mərkəzdən kənarda yaşayan istehsalçıların informasiya təminatının qurulmamasıdır:
 
“Hesab edirəm ki, aqrar iqtisadiyyatda mərkəzləşdirilmiş məsləhət informasiya xidməti yardılmalıdır. Bu məsləhət xidməti bazar tendensiyalarını, bazarın konyekturasını və inkişaf istiqamətlərini araşdırmalıdır. İstehlakçıların hansı məhsullara daha çox tələbatı var və s. Bildiyiniz kimi, hər mövsümdə istehlakçıların qidalanma strukturu dəyişir. Bu tendensiyalar öyərənilməli, ümumiləşdirmə aparılaraq, hər bir fermer üçün Azərbaycanda fərdi məsləhət xidməti qurulmalıdır. Bu gün dünyada bunun praktikası çoxdur. İstənilən bir ölkənin kənd təsərrüfatına nəzər salsaq, bu istiqamətdə müxtəlif metodların olduğunu görərik. Bütün dünyada hər bir fermerlə aidiyyatı qurum arasında SMS əlaqəsi var. Səlahiyyətli qurum hər gün o sahədəki yeniliklər, bazardakı qiymətlər və tendensiyalar barədə məlumatlar göndərir. Fermer, kəndli də işini aldığı SMS-ə görə qurur.
 
Azərbaycanda bu sistem qurulmadığına görə istehsalçılar bir istiqaməti götürür. Bu il nə azdırsa, nəyin qiyməti nisbətən baha olubsa, növbəti il onu əkməyə başlayırlar. İnişil soğan yaxşı qiymətə gedirdi, hamı başladı soğan əkməyə. Ötən il ölkədə soğan böhranı yaşandı. 
 
Eynilə də, builki problemin adı sarımsaqdır. Ötən il sarımsaq baha idi, 1 kiloqramı 7-8 manata satılırdı, bu il hamı başladı sarımsaq əkməyə. Bu il sarımsağın qiyməti kəskin düşüb. Növbəti il də tendensiya başqa bir istiqamətdə davam edəcək. Bu, ümumilikdə regionlarda yaşayan fermerlərin iqtisadi fəallığına ciddi təsir edən amildir. Mən Sumqayıt bazarında şənbə-bazar günləri müşahidələr apardım. Bəzi məhsullarda-konkret olaraq ac-şirin bibərdə 50 faizə qədər ucuzlaşma var. Bibər  1 manat 50 qəpikdən 80 qəpiyədək ucuzlaşıb. Bu o deməkdir ki, arxadan məhsul gəlir, amma bazar çatdırıb onu realizə edə bilmir. Bu çox ciddi problemdir. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər saxlanc yerləri yoxdur, bu, problemin miqyasını daha da böyüdür”.
 
Ekspertin sözlərinə görə, məsələyə cavabdeh qurum bilvasitə Kənd Təsərrüfatı Nazirliyidir:
 
“Eyni zamanda, nazirliyin nəzdində fəaliyyət göstərən qurumlar var. Bütün bunlar Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti və yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin bilvasitə funksiyalarına daxildir. Eyni zamanda, prezidentin sərəncamı ilə Dövlət Aqrar Tədqiqatlar Mərkəzi yaradıldı. Mən hesab edirəm ki, o mərkəzin resursları hökmən Azərbaycanda məsləhət-informasiya xidmətinin qurulmasına yönəlməlidir.
 
Bu məsələlərdə mərkəzi icra hakimiyyəti olaraq Kənd Təsərrüfatı Nazirliyi məsuliyyət daşıyır. Qanunla bütün səlahiyyətlər nazirlikdədir. Bildiyiniz kimi, məsləhət-informasiya xidməti nazirliyə aiddir və tabeliyində təxminən 17 elmi tədqiqat institutu, 30-a yaxın elmi təcrübə stansiyası var. Əgər buna qədər effektiv informasiya mübadiləsi qura bilsəydilər, bu gün belə problemlər olmazdı. Hazırda nazirliyin hər bir regional idarəsində məsləhət-informasiya mərkəzi var. Gedişat onu deməyə əsas verir ki, yeni nazir İnam Kərimov bu xidməti yenidən qurmağa çalışır. Bildiyiniz kimi, tanınmış gənc alim Ələddin Eyvazov Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. Ümid edirəm ki, onun özü də bu sistemin işlək hala gətirilməsində mühüm rol oynayacaq”.
 
Ekspert bildirib ki, hələ sabiq nazir Heydər Əsədovun dövründə yaradılan regional idarələr səlahiyyətli olduqları sahədə o qədər də effektli işləmirdi:
 
“Heydər Əsədovun dövründə regional kənd təsərrüfatı idarələrinin yaradılması ilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində effektiv addımlar atıldı. Çox gözəl, yaraşıqlı, gözəgəlimli binalar tikildi. Hər bir avadanlıqla təchiz olunan həmin binların əksəriyyətində olmuşam. Amma onların çoxu aqrar sahədə effektli işləmirlər.Pambıqdan zəhərlənmə məsələsində də bunun əyani şahidi olduq. Əgər onlar effektiv fəaliyyət göstərsəydilər, bu cür problemlər də yaşanmazdı. Hələ bundan sonra hansı fəsadlarla qarşılaşacağıq bilmirik. Bildiyiniz kimi, artıq açıq sahədə tərəvəzçilik mövsümü başlayıb. Bu da kənd təsərrüfatında riskli sahə sayılır. Tərəvəzlər böyük hektarlarla ərazilərdə açıq şəkildə əkilir. Çox maraqlıdır, bu sahələrdə istehsalçılarla iş aparan hansısa qurum varmı? Bu istiqamətdə hansı işlər görülür? Günəş altında, ilan və bu kimi heyvanlarla qarşılaşma zamanı necə davranmalı olduqlarını bilirlərmi? Bu da ayrıca mövzunun müzakirəsidir. Çünki açıq sahələrdə qurumuş ot, qamış, qarğılar var, bu da yanğına səbəb ola bilər. Hazırda bu sahədə böyük risk müşahidə edilməkdədir”. (modern.az)
 

Google+ WhatsApp ok.ru