ARAMLIQ YALNIZ ALLAHI ZİKR ETMƏKLƏ YARANIR!

ARAMLIQ YALNIZ ALLAHI ZİKR ETMƏKLƏ YARANIR!

Hadisələrin acı küləyi möminin imanından zərrə qədər azalda bilmir. Mömin möhkəm bir dağ kimidir...

İnsanın bu dünyadakı həyatı iztirablar və həyəcanlarla ötüşür. Hətta bəzi insansevən məktəblər iztirab və həyəcanı insan həyatı və insan vücudunun qurucu amili, başqa sözlə, insanın təkamül fəsli hesab edirlər. Onlar deyirlər: İnsanın insan olması iztirab və həyəcan keçirməsi ilə bağlıdır. Əlbəttə, bu nəzərdə çox ifrata varılır və həqiqətin bir hissəsi göstərilir. İnsanlar adətən müxtəlif səbəblərdən iztirab və həyəcan keçirir, həmişə gələcəkdən ötrü nigaran olurlar. Bu hal bir tərəfdən faydalıdır və insanda müsbət təsirlər qoya bilər. Lakin ümumilikdə bəyənilmiş hal hesab olunmur. İnsan fitrətən sakitlik tələbindədir. Əgər az-çox nigarançılığı vardırsa, daha üstün sakitliklə bu nigarançılıq aradan qaldırılmalı, insan qəlbinin dərinliyi sakit və arxayın olmalıdır. Cüzi nigarançılıqlar dənizin üzündəki dalğalar kimi olmalıdır. Dənizin dərinliyi isə həmişə sakit olur. İnsan qəlbinin dərinlikləri də sakit və əmin olmalıdır. Nigarançılıqlar səthi və tez ötüb gedən dalğalar kimi uzaqlaşmalıdır. Yoxsa həyat insan üçün qaranlıq və zülmət olar.

İnsan hansı yolla arxayınlıq və xatircəmlik tapa bilər? Quran buyurur ki, yalnız Allahı düşünüb yad etmək iztirablı və pərişan qəlblərə sakitlik verə bilər:

أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!” (“Rəd” surəsi, ayə 28.)

Həqiqətən, Allahı düşünən və bu düşüncə canının dərinliyinə nüfuz etmiş şəxslər elə bir aramlıq və arxayınlıq tapırlar ki, heç bir hadisə onları iztirablı və pərişan edə bilmir, ən böyük hadisələr baş verən vaxt (dağları tərpədən hadisələr) belələri sanki heç bir şey baş verməmiş kimi, öz sakitliyini əldən vermir. Bu necə qəlbdir? Haradan qaynaqlanır? Bu sakitlik və qüdrət yalnız Allahı düşünüb yad etmək sayəsində əldə olunur. Əgər biz bu sakitlikdən az faydalanırıqsa və ya faydalanmırıqsa, deməli, qəlbimizdə Allah düşüncəsi zəifdir. Allahı düşünmək hər nə qədər güclü olarsa, qəlb sakitliyi də bir o qədər çox olar.

Naqis bir misal kimi, dərya sahilində bir gəmi təsəvvür edin. Əgər bu gəmi sahildə möhkəm bir şeyə bağlanmasa, dalğalar onu hərəkətə gətirər və yerini dəyişər. Dalğalar çox güclü olsa, Onu lərzəyə gətirər, sonda qərq edər. Lakin gəmi sahildə möhkəm bir şeyə bağlanmış olarsa, dalğalar hər nə qədər güclü olsa da, onu lərzəyə gətirə bilməz. Gəmi bir az tərpənə bilər, lakin qərq olmaz.

Mömin də Allahın sonsuz qüdrətinə güvənir. Buna görə də hadisələr onu əldən sala bilmir.

Rəvayətlər mömini dağa, hətta ondan da möhkəm varlığa oxşadır. Çünki tufan nəticəsində dağdan bəzi zərrələr ayrılır. Lakin hadisələrin acı küləyi möminin imanından zərrə qədər azalda bilmir. Mömin möhkəm bir dağ kimidir, hadisə küləkləri onu tərpətmir, ona təsir edə bilmir. (“Biharul-ənvar”, 24-ci cild, səh.104, 15-ci rəvayət.)

Nə üçün? Çünki onun qəlbi silkələnməz, lərzəyə gəlməz və davamlı bir yerə bağlıdır. Beləliklə, Allahı düşünmək əbədi qurtuluşdan əlavə, dünyada sakitliyə, vəsfolunmaz dəyərli bir nemətə səbəb olur. (“Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh.150-152.) (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru