Aramsız yağışlar Ceyranbatan su anbarını çirkləndirə bilərmi?

Aramsız yağışlar Ceyranbatan su anbarını çirkləndirə bilərmi?

-- su anbarında hazırda 100 milyon kubmetr su var

Son günlər yağan ardıcıl yağışlar Ceyranbatan su anbarında suyun çirklənməsinə səbəb ola bilməz.
 
Maide.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
Qurum rəsmisi bildirib ki, su anbarında hazırda 100 milyon kubmetr su var və yağış sularının qarışması anbardakı su ehtiyatını çirkləndirə bilməz: "Bu qədər suya yağış suları təsir edə bilməz. Ceyranbatan gölünə yağışlı havalarda lilii su gələrsə, həmin suyun lil qatı gölün dibinə çökməklə təbii şəkildə durulur.
 
Digər tərəfdən, Ceyranbatan gölünün sahilində inşa edilmiş, Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatına hesablanmış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğu var. Ceyranbatan gölündən suyun götürülməsini təmin etmək üçün 3 suqəbuledici başlıq, mikrotunel üsulundan istifadə etməklə gölün dibi ilə hər birinin diametri 1600 mm olan 3 kəmər quraşdırılıb. Göldən götürülən suyun həcminin tənzimlənməsi və həm yeni tikilmiş, həm də mövcud təmizləyici qurğuların tələbatına uyğun xam suyun verilməsi üçün sahildə suqəbuledici kamera tikilib. Suqəbuledici kamerada toplanmış su təmizləyici qurğuya hər birinin diametri 1400 mm olan 4 kəmərlə nəql olunur. Bu kəmərlərlə emal prosesinə saniyədə 13,8 kubmetr su ötürmək mümkündür".
 
A.Cəbrayıllı bildirib ki, təmizləyici qurğuya ötürülən xam suyun ilkin təmizlənməsi mexaniki süzgəc binasında quraşdırılmış 7 ədəd avtomatik yuyulan süzgəclərdə aparılır, xam su iri hissəciklərdən təmizlənir.
 
Bundan başqa qurum rəsmisi qeyd edib ki, tutumu 50 min kubmetr olan anbar kompleksi inşa olunub. Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin ediləcək:
 
"Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsi də yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib".
 

Google+ WhatsApp ok.ru