`Arazın həbsindən 2 həftə sonra evimizə qara maskalılar daxil oldu`

Bildiyimiz kimi sentyabr ayının 8-i jurnalist Araz Quliyev Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında hüquq mühafizə orqanları tərəfindən jurnalist fəaliyyətini həyata keçirərkən döyülərək həbs olunub.
 
3 ildir Araz öz doğma yurdundan, ailəsindən uzaq düşərək əsassız yerə 8 il həbs olunub. Bu 3 illik zaman çərçivəsində jurnalistin ailəsi, yaxınları və dostları ətrafında olub keçənlərdən baş redaktorun qardaşəı Azər Quliyev İslamazeri.az-a açıqlama verib. 
 
"Araz həbs edilən gündən bizə yerli icra hakimiyyəti və polis orqanları tərəfindən təzyiqlər oldu. Onun günahsız olduğunu rayonumuzda bir çox insan bilir. Araz rayonda yalnız inanclı biri kimi deyil, həm də insanların qayğısına qalan, rüşvətxorluğa və məmur özbaşınalığına qarşı mübarizə aparan biri kimi tanınıb.
 
Bir insanı dini inancına görə belə işgəncə ilə həbs etmək heç bir qanunda yoxdur. Araz həmən günü Ziya Tahirovla birgə həbs olundu. O gündən sonra Arazın yaxın qohumları və dostları onun tənqidi yazılarına görə həbs olundu. Bütün bunlar hamısı göstəriş əsasında həyata keçirilirdi.
 
Mənim özümü də həbs etmək istəyirdilər. Amma nədənsə sonradan fikirlərindən daşındılar. Araz həbs ediləndən iki həftə sonra yaşadığımız ünvana "qara maska"lılar daxil olublar. Ailə üzvlərimiz evdə nahar etdiyi zaman rayon polis şöbəsinin keçmiş rəis müavini Əlifağa Kazımov evə daxil olub stolun üstündə süfrəni yerə atıb. Silahlı "qara maskalı"lar evdəki körpələri qorxudub. Bir qədər sonra polislər özləri ilə gətirdikləri əl qumbaralarını aktlaşdırıblar. Bütün bu əməliyyatda 300-dən çox hüquq-mühafizə orqanlarının əməkdaşı iştirak edib. Qardaşım Araz Quliyevə qarşı hökm oxunandan sonra da təzyiqlər davam etdi.
 
Belə ki, o, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimov tərəfindən dəfələrlə karserə salındı. Əfv ərizəsi yazmadığı üçün "Tubzon"a aparılaraq işgəncə verildi. Dəfələrlə bu özbaşınalığın qarşısının alınması üçün şikayət edildi.
 
Lakin məmur özbaşınalığının qarşısı yenə də alınmadı. Araz "Tubzon"da işgəncədən sonra əsassız yerə 3 illik Qobustan qapalı tipli həbsxanaya göndərilib. Bütün bunlar bizim üçün ağır olsa da Arazla biz fəxr edirik. Çünki onun necə bir insan olduğunu bizdən başqa kimsə bilməz. Allahın köməkliyi ilə zindan həyatı yaşayan ruhanilərimiz və inanclı qardaşlarımız zindandan azad olunub yaxınlarına qovuşarlar".

Google+ WhatsApp ok.ru