Arif Əliyev: “Əgər prezident sərəncam verib desəydi ki...”

“Azərbaycan” nəşriyyatının cari ilin 1 mart tarixindən etibarən çap xərclərini 20% artırması ilə bağlı məlumat yayılıb. Maraqlıdır, ərzaq qiymətlərinin qalxmaması, bu sahədə sabitliyin təmin edilməsi üçün inzibati metodlara əl atan hökumət bu sahədə də inzibati müdaxilə üsullarından istifadə etməlidirmi? Çap xərclərinin bahalaşması qəzetlərə nə vəd edir?
Maide.az xəbər verir ki, məsələ ilə bağlı moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev çap xərclərinin artacağının gözlənilən olduğunu vurğuladı: “Əlbəttə ki, nəşriyyat çap xərcini qaldırmalı idi. Nəşriyyat təsərrüfat hesabındadır. Kağız, təbəqələr dollarla alınır. Azərbaycanın özündə heç nə istehsal olunmur. Mətbəənin işlətdiyi ən xırda detallar belə xaricdən dollarla alınır. Bu baxımdan təbii ki, artım baş verməli idi. Hələ çap xərci 20% bahalaşıbsa, yaxşıdır. Bunu o zaman qaldırmamaq olardı ki, prezident sərəncam verərdi və elan edərdi ki, mən bunu hansısa fonddan ödəyirəm. Prezident bunu eləmədi və odur ki, nəşriyyat məcburiyyət qarşısında qalıb bunu qaldırdı. Pis vəziyyətdə qalan bilavasitə çıxışda dayanan şəxslər, yəni jurnalistlər, KİV əməkdaşları olacaq. Çünki onlara heç kim kompensasiya ödəməyəcək. Bahalaşma onsuz da kasad olan reklam bazarında vəziyyətin bir qədər də gərginləşməsinə səbəb olacaq”.

Google+ WhatsApp ok.ru