Arif Məmmədov: “Qoy, prokurorluq nazirlərin dəbdəbəli həyatının araşdırılması ilə məşğul olsun”

Keçmiş diplomat Arif Məmmədov 2007-2012-ci illərdə Azərbaycanın  Avropa Şurası nümayəndəliyinin rəhbəri olduğu müddətdə mənimsəmə və digər maliyyə sui-istifadələri ilə bağlı Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamları  rədd edib. O, prokurorluğun ittihamlarına özünün Facebook səhifəsində cavab verib.
 
A.Məmmədovun fikrincə, Azərbaycan hakimiyyəti onun Avropada müdafiə altında olduğundan yaxşı xəbərdardır.
 
“Bu məsələlər Avropa İttifaqı qurumlarının gündəliyindədir. Avropa İttifaqı ölkələrinin  Bakıdakı səfirlikləri Brüsseli bu məsələ ilə bağlı hər zaman məlumatlandırır.  Azərbaycan hakimiyyəti yaxşı bilir ki, mən Avropada hərtərəfli müdafiə altındayam. Onların məqsədi məni yox, sizi qorxutmaqdır və ağ yürüşə, hətta ağ qərənfillərlə gəzintiyə, əvvəlkilərdən fərqli olaraq demokratik islahatlar uğrunda yeni hərəkatın yaradılmasına yol verməməkdir. Onlar başa düşürlər ki, ağ köynəkli və qərənfilli insanları küçələrdə qovsalar bütün dünya yenidən onlara güləcək”,- A.Məmmədov yazıb. Bundan öncə o, Azərbaycanın demokratikləşməsi uğrunda tərəfdarlarını jurnalist Rasim Əliyevin ölümünə etiraz olaraq avqustun 15-də ağ geyim və ağ qərənfillərlə Bakı küçələrinə çıxmağa çağırıb.
 
A.Məmmədov qeyd edib ki, ona qarşı başlanan kampaniyaya cavab olaraq islahatlar və demokratiya naminə siyasi hərəkat yaratmaq niyyətindədir, halbuki, əvvəllər bunu etmək istəmirdi.
 
“Sizin məsləhətlərinizlə bizim hərəkat “Ağ qərənfillər” adlanacaq. Elə alınıb ki, qırmızı qərənfillər 1990-cı il 20 yanvar faciəsindən sonra  xalqımızın  yas simvoluna çevrilib. Ağ qərənfillər xalqımızın korrupsiyadan, ədalətsizlikdən təmizlənmənin, azadlıq və inkişafın simvolu olacaq”, - A.Məmmədov bildirib.
 
O, öz tərəfdarlarını “Azərbaycan - 2025” proqramının üzərində işləməyə çağırıb.
 
A.Məmmədova qarşı irəli sürülən ittihamlara gəlincə, keçmiş diplomat bunları “yalan və əsassız” adlandırıb.
 
“Keçmiş həmkarlarımı prokurorluğa çağırıb əleyhimə ifadə almaq üçün şantaj ediblər. Düşünmədən yazırlar ki, mən işıq pulu ödəməmişəm. Mən Strastburqda xidmət binasında yaşamışam, bundan başqa bütün dünyada səfirin rezidensiyası birinci növbədə iş yeridir. Əgər 400 min avro pulum olsaydı, hakimiyyətin “kristal nümayəndələri”ndən fərqli olaraq ailəvi istirahətə qiyməti 30 avroya olan RYANAIR təyyarəsi ilə getməzdim. Azərbaycanın bütün məmur ailələrinə daha sadə avia reyslərlə istirahətə getmək sərf etmir. Onlar özlərinin şəxsi təyyarələrindən istifadə edirlər ki, bu da 10 milyonlar deməkdir. Bəs nədən prokurorluq bu məsələlərlə məşğul olmur... Həmçinin mən milyonlarla avroya başa gələn abidələr və parklar salmamışam, amma bu “biznes” “halal” hesab olunur və prokurorluq buna müdaxilə etmir”, - A.Məmmədov yazıb.

Google+ WhatsApp ok.ru