Artan dövlət borcu

Artan dövlət borcu

-- xarici borc ÜDM-nin 22%-ni təşkil edir

«Azərbaycan dövlət borcunu artırır?». «Exo» qəzeti bu suala iqtisadçı-ekspert Natiq Cəfərli ilə cavab axtarır.
 
Ekspert hökumətin kreditlər götürməklə layihələr icra etməsində mənfi heç nə olmadığını söyləsə də, digər tərəfdən də dövlət borcunun artmasının narahatlıq yaratdığını da vurğulayır. O, əslində, Azərbaycanın xarici kreditorlar önündə öhdəliklərini yerinə yetirmək məqsədilə başqa yolu olmadığını bildirir:
 
«Buna əsas sponsoru Azərbaycan olan «Cənub qaz dəhlizi» nümunəsində baxmaq olar. CQD Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün boru kəmər infrastrukturu yaradılmasını nəzərdə tutan çoxmilyardlı layihə deməkdir».
 
Ekspertin qənaətincə, ən azı 2020-ci ilə kimi Azərbaycan bu layihəni maliyyə baxımından dəstəkləməlidir. N.Cəfərli Azərbaycan qazının Avropaya 2020-ci ildən 10 milyard kubmetr olmaqla nəql ediləcəyini, layihənin ümumi dəyərinin isə 41.5 milyard dollar olduğunu xatırladır:
 
«CQD işə salındıqdan sonra əldə edilmiş gəlirlərin bir hissəsi borcların bağlanmasına xərclənəcək, yəni, ilk illər bu layihədən büdcəyə irihəcmli pullar daxil olmayacaq. Bundan əlavə, bəzi layihələr də maliyyələşməyə ehtiyac duyurlar. Odur ki, kreditləşdirmə artacaq, gələcəkdə isə xarici kreditin artması ölkə iqtisadiyyatına böyük problemlər yarada bilər».
 
«Exo» yazır ki, 2018-ci ildə isə Azərbaycan müstəqillik əldə etdiyi dövrdə ilk dəfə olaraq büdcə vəsaitlərinin 10%-ni xarici borcun bağlanmasına yönəldəcək.
 
N.Cəfərli bildirir ki, hökumət bu məqsədlə əlavə kreditlər götürmək niyyətindədir və ölkə hələlik maliyyə öhdəliyini yerinə yetirmək gücündə olduğundan ona kredit ayırmaqda tərəddüd etmirlər. O, Azərbaycanda həcmi 40 milyard dollardan çox olan Neft Fondu kimi «təhlükəsizlik yastığı» olduğunu yada salır.
 
Amma iqtisadçı hesab edir ki, ölkədə dövlət borcu düzgün müəyyən edilmir, o, cəmi 4 il öncə xarici borcun ÜDM-nin cəmi 8%-nə bərabər olduğu halda, indi bu rəqəmin 22% təşkil etdiyini vurğulayır.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru