Artan pul kütləsinin müsbət və mənfi cəhətləri

Artan pul kütləsinin müsbət və mənfi cəhətləri

 
"Novoye Vremya" qəzetində isə "Pul bazası artır: müsbət və mənfi cəhətləri" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə pul bazasının artmasını, bu amilin müsbət və mənfi keyfiyyətlərini müzakirəyə çıxarır.
 
Yazı müəllifi deyir ki, bu günlərdə türk lirəsinin kəskin dəyər itirməsi Azərbaycanda ciddi narahatlıq yaratdı, bir çoxları bu amilin Azərbaycan manatına təsir edəcəyi proqnozları da verdilər: "Amma xoşbəxtlikdən, pis heç nə baş vermədi, manat dayanıqlı qaldı, nəyin hesabına, bu, artıq başqa məsələdir. Bu məsələdə neftin indiki qiyməti az rola malik deyil. Hətta yerli iqtisadçılar manatın dəyərdən düşməsi üçün əsas görməsələr belə, manatın devalvasiya olmayacağı təhlükəsi tam aradan qalxmayıb".
 
Müəllif Mərkəzi Banka istinadən bu il oktyabrın 1-nə Azərbaycanda pul bazasının 8 871,5 milyon manat, keçən ilin sentyabrı ilə müqayisədə 553,5 milyon manat və ya 6,65% çox olduğunu deyir, manatın sabit qalmasına bu amilin də təsirini ehtimal edir.
 
Müəllif deyir ki, pul bazası ayrıca götürülmüş ölkədə istehlakçıların xərcləri üçün əlçatan pul kütləsidir, onun artması çox zaman kredit faizlərini aşağı salır, bu da öz növbəsində bank kreditlərini əhali üçün əlçatan edir.
 
Amma müəllif ölkə bankirlərinin kredit faizlərini azaldacaqlarına inamsızlıq bildirir: "Ölkədə pul bazasının artması ilk dəfə deyil, bir neçə dəfə baş verib, amma kredit faizləri artmaqda davam edir".
 
Müəllif vurğulayır ki, pul kütləsi Mərkəzi Bank üçün iqtisadi prosesləri idarə etmək alətidir, amma problem MB-nin bu alətdən necə istifadə etməsindədir: "Pul bazasının artması bəzən istehsalın artmasına gətirir, təəssüf ki, bunun yetərli şəkildə olduğunu görmürük. Yeri gəlmikən, pul bazasının artması Mərkəzi Bankın faiz dərəcələrini aşağı salmasına səbəb olur, amma bizim ölkədə bu da baş vermir".
 
Müəllif bu amilin mənfi tərəfi barədə deyir ki, pul bazasının kəskin artmımı inflyasiyanın artması təhlükəsi yaradır və bu, izafi pul kütləsinin yaratdığı mənfilikdir, ona görə də hadisələrin belə inkişafı yerli məhsulları xarici istehlakçılar üçün ucuzlaşdıra bilər.
 
Müəllifə görə, Azərbaycan məhsulları üçün xairci bazar axtarıldığı indiki halda bu, yolverilməzdir.
 
Yazı müəllifinin iddiasına görə, pul bazasının kəskin artması bütün iqtisadiyyatda, o cümlədən bank sistemində böhrann hələ də davam etməsinin göstəricisidir, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması isə arzu olaraq qalır, yəni manatın məzənnəsi, inflyasiyanın cilovlanması neftin yüksək qiyməti hesabına baş verir, hər hansı başqa iqtisadi əsaslandırma yoxdur.
 
Müəllif hesab edir ki, ölkədə pul bazasının artmasına barmaqarası baxmaq, bunda ancaq müsbət amil görmək olmaz. /contact.az /

Google+ WhatsApp ok.ru