'Artım tempi hətta 2 faiz altında ola bilər'

'Artım tempi hətta 2 faiz altında ola bilər'

Noyabrın 7-də Maliyyə naziri Samir Şərifov bildirib ki, gələn il Ümumi Daxili Məhsulun (ÜDM) artımı 3, qeyri-neft sektorundan gələn artımlar isə 3.8 faiz proqnozlaşdırılır.
 
Avropa Yenidənqurma və İnkişaf Bankı isə bir qədər fərqli proqnozla çıxış edib. Qurum açıqlamasında 2020-ci ildə Azərbaycanda ÜDM-nin artım tempini 2.4 faiz proqnozlaşdırıb. Bu da cari illə müqayisədə azdır.
 
İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna xatırladıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankının açıqladığı proqnoza görə, MDB ölkələrindən Azərbaycanda, Qazaxıstanda, Tacikistanda və Türkmənistanda 2020-ci ildə ÜDM-in artım tempi yavaşayacaq: «Təbii ki, Türkmənistan, Azərbaycan, Qazaxıstan neftlə zəngin ölkələrdir və növbəti ildə neft-qaz resurslarının qiymətlərinin dünya bazarında ucuzlaşacağı gözlənir. Çox güman ki, bunun təsirləri hər üç ölkəyə olacaq».
 
«Dövlət xərcləri azalır və...»
 
İqtisadçıya görə, Azərbaycanda ÜDM-yə bundan əlavə digər amillər də təsir edəcək: ​«Bu amillərin sırasında investisiya mühitinin pisləşməsi, Azərbaycanın biznes indeksində mövqeyinin əvvəlki illə müqayisədə geriləməsi və ölkədə daxili mənbələrin hesabına əsas kapital qoyuluşlarının azalmasını demək olar. Hesab edirəm ki, sadaladığım hallar ÜDM-yə təsirsiz ötüşməyəcək. Dövlət xərcləri da azalır və bununla yanaşı, ölkəyə cəlb edilən sərmayənin həcmində azalma müşahidə olunur. Daxili mənbələrin hesabına, o cümlədən bank kreditləri və dövlət büdcəsi hesabına əsaslı kapitala vəsait qoyuluşunun azalması müşahidə olunur».
 
«Həm hasilatda azalma gedir, həm də…»
İqtisadçı daha sonra bu məsələdə, əsasən, iki komponent üzərində dayanıb: «Biri investisiyalardır, o biri isə dövlət xərcləridir. Növbəti ildə həm də neft ixracatımız da aşağı düşəcək. Bu da təbii ki, Ümumi Daxili Məhsula təsirsiz ötüşməyəcək. Miqdar baxımından həm hasilatda azalma gedir, həm də dünya bazarında neftin qiymətin ucuzlaşması proqnozlaşdırılır. Yəni üç amil - həm investisiya mühitin pisləşməsi, həm dövlət xərclərin azalması, həm də neftin xalis ixracatın azalması Azərbaycanda növbəti il üçün proqnozlaşdırılan iqtisadi artım tempinin bu illə müqayisədə aşağı olacağını deməyə əsas verir. Düşünürəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı optimist ssenarini açıqlayıb. Bəlkə də növbəti ildə düzgün hesablama aparılarsa, Azərbaycanda Ümumi Daxili Məhsulun artım tempi hətta 2 faiz altında ola bilər».
 
Bu sahələrdə artım gözlənilir
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə «Turan» agentliyinə açıqlamasında deyib ki, 2020-ci ildə Ümumu Daxili Məhsulun artım tempi 3 faiz olmalıdır:
 
 «Maliyyə naziri Samir Şərifov bu barədə məlumatı təqdim edəndə digər nazirlər də orada iştirak etmişdi. Növbəti il üçün ÜDM artımı 3 faiz səviyyəsində göstərilir. Mən də inanıram ki, bu rəqəm doğrudur. 2020-ci ildə ÜDM artımı, əsasən, qeyri-neft sahəsi hesabına olacaq. Bura kənd təsərrüfatı, sənayenin müəyyən sahələri, o cümlədən turizm daxildir. Bu sahələrdə artım gözlənilir. 2021-ci ildə isə ÜDM artımı 3.7 faiz səviyyəsində gözlənilir. Həmin ildə Azərbaycan qaz ixracına başlayacaq və artım əsasən bununla bağlı olacaq».
 
Xatırlatma
Dövlət Statistika Komitəsinin son açıqlamalarına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58 mlrd. 464.2 mln. manatlıq Ümumi Daxili Məhsul istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.5 faiz çoxdur.
 
DSK vurğulayıb ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3.5, neft-qaz sektorunda isə 1.1 faiz artıb.
 
Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 910.1 manata bərabər olub. /azadliq.org

 

Google+ WhatsApp ok.ru