Aslan İsmayılov: “Səhiyyə işçiləri nə vaxta qədər insanlara pul mənbəyi kimi baxacaqlarsa, problemlər davam edəcək”

Azərbaycanda bir çox sahələrdə olduğu kimi səhiyyə sistemində də yarıtmaz iş sistemi öz fəsadlarını göstərməkdədir. Bir müddət öncə ölkədə baş alıb gedən uşaq və ana ölümləri bütün ölkəni ciddi narahat edən bir prosesə çevrilmişdi. Bu günlərdə jurnalistin döyülərək xəstəxanaya salınması və az sonra həyatını itirməsi ondan xəbər verir ki, sağlamlığımız hələ də təhlükə altındadır. Bəzi ekspertlərə görə səhiyyə sistemində mütəxəssis çatışmamazlığı və səhlənkarlıq çox ciddi fəsadlara yol açmaqda davam edəcək.
 
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən vəkil Aslan İsmayılov bildirib ki, ölkədə baş verən bütün özbaşnalıqların əvvəlində qanunsuzluq dayanır: “Səhiyyə sistemində də baş verən bu cür hadisələrin qarşısını yalnız qanunun tətbiqi ilə almaq lazımdır. Bu baxımdan qanun icra olunmalıdır. Qanunların icra olunmaması bütün özbaşnalıqlara rəvac verir. Qanun mütləq icra olunmalıdır. Jurnalistin ölümü prosesini Cavid Qurbanov və onun dəstəsini həbs etməklə, bəyanatlar verməklə, işi nəzarətə götürməklə bitirmək olmaz. Çünki, jurnalistin ölümündə Cavid Qurabanovun nə qədər günahı varsa, bir o qədər də səhiyyə işçilərinin günahı var. Nə qədər ki, səhiyyə işçiləri bu cür diqqətsizlik, sayğısızlıq, qeyri-insanı münasibət göstərəcəklərsə və insanlara pul mənbəyi kimi baxacaqlarsa, bu cür hallar davam edəcək. Səhiyyə sistemində baş verən bu qanunsuzluqla bağlı cəzanın verilməməsi görünür səhiyyə nazirinin qeyri-məhdud toxunulmamazlıq hüquqi ilə bağlıdır”.

Google+ WhatsApp ok.ru