Aslan İsmayılov: Haqqımızı tələb etməyincə bundan daha ağılsız qərarların şahidi olacağıq

Vəkil Aslan İsmayılov son günlər ölkə gündəmini əhatə edən "rayon maşınlarının Bakıya buraxılmaması" məsələsi ilə bağlı öz fikirlərini qələmə alıb. Maide.az olaraq vəkilin fikirlərini təqdim edirik:
 
Rayon maşınlarını Bakıya buraxmırlar. Bu gözlənilən idi. Bir müddət sonra Bakıda yaşayan kasıbları tıxac var deyə Prezident Administrasiyasından Mərdəkan istiqamətinə olan yola buraxmasalar belə təəccüblənmək lazım deyil. Bu hakimiyyət bütün problemləri əhalinin kasıb təbəqəsinin hesabına həll etməyə öyrəşib və bu şəraiti də elə həmin təbəqənin özü, “əşşi nəyinə lazımdır?” sualını verə-verə yaradıb. Əgər əhali ona qarşı olan haqsızlıqlara etirazını bildirsə, seçkilərə gedib fəal iştirak etsə, bir kilo ətə deputat seçməsə, bir qarın sədəqəyə görə məmurların göstərişi ilə üzə durmasa (Sabunçu rayonunda A.Quliyevin torpaq sahəsi ilə olan kimi), belə tipləri qınaq atəşinə tutsa bu günlərə qalmazdıq.
 
O ki, qaldı tıxac məsələsinə bunun bir neçə həlli yolları var. Birinci, DYP əməkdaşları vəzifələrini tində durub cərimə yazmaqda yox, yollarda hərəkət qaydalarını nizamlamaqda görsə, avtomobillərin dayanacaq olmayan yerlərdə saxlamalarının qarşısını alsa, işıqforlar, yol hərəkət nişanları qaydasında olsa. İkinci, yerüstü ictimai nəqliyyatda nizam-intizam yaradılsa, bu sahə Ziya Məmmədov və sabah digərilərinin qohum əqrabasının varlanmasına yox, sərnişinlərin vaxtlı vaxtında ünvanlara daşınmasına xidmət etsə. Üçüncü, yolların və səkilərin məmurlar tərəfindən obyektlərə yox, təyinatına uyğun xidmət etsə tıxaclar da bu qədər olmaz. Qısa zamanda nizamlana biləcək bu siyahını uzatmaq da olar.
 
Ancaq ən vacibi, dünya praktikasından istifadə edib Metropoliteni inkişaf etdirməkdir. Azərbaycan Metropoliteni 1967-ci ildə yaradılıb. Ümumi uzunluğu 34,6 km olan yeraltı nəqliyyatımız 2 xəttdən, 23 işləyən stansiyadan ibarətdir. 25 illik müstəqillik dövründə, 10 milyardlarla neft pulları ölkəyə axan zamanda yalnız 4 yeni stansiya istifadəyə verilib. Müqayisə üçün Şanxay Metrosu 1993-cü ildə yaradılıb. Ümumi uzunluğu 548 km, 14 xəttdən, 337 stansiyadan ibarətdir. Gün ərzində 10 milyona qədər adam daşıyır. Bu hakimiyyət 10 ildir bir dənə 20 Yanvardan Beynəlxalq avtovağzala metro xətti çəkə bilmir. Bütün dünyada əsas ictimai nəqliyyat vasitəsi olan yeraltı metronu qaydaya salmaq əvəzinə isə Bakıya rayon maşınlarını buraxmırlar. İnanmıram ki, belə bir təcrübə ikinci bir ölkədə olsun.
 
Bu biabırçılığın özündə də bir biabırçılıq var. Bakıda Naxçıvana məxsus 85 nömrəli maşınların bu gün də sayı hesabı yoxdur. Məgər Naxçıvan Azərbaycanın bölgəsi sayılmır? Bu iradım heç də naxçıvanlılara olan münasibətim kimi anlaşılmamalıdır. Ancaq bu cür yanaşmanın özü cəmiyyətdə ayrıseçkiliyə, narazılığa zəmin yaradır.
 
Haqqımızı tələb etməyincə bundan daha ağılsız qərarların şahidi olacağıq. Bunu hamı bilməlidir.
 
P.S. Yadımdan çıxmışdı. Orta yaş həddi 70-i keçmiş hökumət üzvlərinin nəzərinə: Birdən rayonlarda iqtisadiyyatı inkişaf etdirərsiniz. Bilin, bunu etsəniz təqaüdə gedəcəksiniz.

Google+ WhatsApp ok.ru