Astaradan İrana keçənlərə `gömrük maneələri`

Astara gömrük məntəqəsində sakinlərə İrana sərbəst getməyə problem yaradılır, sakinlər deyir.
 
Onlar bildirir ki, əvvəllər bu keçid məntəqəsindən İrana hər 5 gündən bir keçmək olurdusa, indi günlərin sayı çoxalaraq 15 olub.
 
BBC Azərbaycancaya bununla bağlı müraciət edən vətəndaş Xəzər Mehdizadənin sözlərinə görə, Astarada gömrük rəsmiləri onlara "zülm edir".
 
Dövlət Gömrük Komitəsi iddialarla bağlı BBC Azərbaycancanın suallarını cavablandırmayıb.
 
 
"Dövlət içində dövlət"
 
Astara sakini Vaqif Əhmədoğlu da bu vəziyyətdən şikayətçidir. Onun sözlərinə görə, təxminən 4 aydır ki, İran ərazisinə keçmək istəyən sadə vətəndaşlar bu problemlə üzləşib."
 
Elə adam var xəstədir, müalicə üçün gedir. Belə olmaz", o qeyd edir.
 
Rayon sakini Astara gömrük məntəqəsindəki qanunsuzluqlardan danışaraq bildirir ki, bu məntəqədə "qanunlar yox qaydalar işləyir".
 
"Vətəndaşları incidirlər. Bir blokdan çox siqaret gətirənlərin əlindən məhsul alınır, ambara verilir, deyirlər sonra gəlib götürərsən.
Bu barədə heç bir sənəd də tərtib edilmir", Vaqif Əhmədoğlu deyir.
 
Onun sözlərinə görə, məntəqədə monopoliya mövcuddur və "burda nə ictimai, nə də dövlət maraqları, yalnız şəxsi maraqlar qorunur".
 
Rayon sakini Astarada işsizliyin olduğunu, vəziyyətin isə acınacaqlı olduğunu deyir. Onun sözlərinə görə, bir çox sakinlər İrandan satmağa gətirdiyi məhsullarla dolanır, "ona da imkan vermirlər".
 
"Vatikan"
 
Vaqif Əhmədoğlu Astara gömrük məntəqəsinə sakinlər öz aralarında Vatikan dediyini də bildirir. O bu vəziyyəti "dövlət içində dövlət" kimi dəyərləndirir.
 
İranın Astara şəhərinin sakini Əli Qavvamzadə BBC Azərbaycancaya müsahibəsində bildirib ki, əvvəllər Azərbaycan vətəndaşları həftədə bir dəfə İrana buraxılırdısa, indi 2 həftədən bir icazə verilir.
 
O deyir ki, hır gün Astaranın gömrük məntəqəsinin Azərbaycan tərəfi izdihamlı olur. Onun sözlərinə görə, İran tərəfində vətəndaşlara problem yaradılmır, amma Azərbaycan tərəfində vəziyyət əksinədir.
 
Azərbaycan vətəndaşları İran ərazisində vizasız 2 həftə qala bilərlər. İran vətəndaşları isə Azərbaycan ərazsində 10 gün ərzində qeydiyyatdan keçməlidir və vizada göstərilən müddətdə ölkədə qala bilərlər.
 
 
Qeyri-rəsmi göstəriş
 
Hüquqşünas Xalid Bağırov bildirir ki, belə bir yazılı qərar görməsə də, inzibati orqanların qaydaları ola bilər. Onun sözərinə görə, bu qayda İrandan məhsul gətirərək satanların hər gün sərhədi keçməsinin qarşısını almaq üçündür.
 
Hüquqşünas bu qaydanı doğru saymır və hesab edir ki, bu qayda gətirdiryi məhsullarla dolanan sakinlərin xırda alverini öldürür.
Cənab Bağırov deyir ki, 90-cı illərdə İran və Azərbaycan arasında imzalanmış sazişə əsasən, hər iki ölkənin vətəndaşları ölkə daxilində sərhəddən başlayaraq 40 km-i əhatə edən ərazidə sərbəst şəkildə gedib-gələ bilərdilər.
İqtisadi təhlilçi Nazim Məmmədov da bu sazişi xatırlayır və o deyir ki, sazişə görə hər iki ölkənin vətəndaşları maneəsiz sərhədyanı ticarət edə bilərlər.
 
İqtisadçı bu sazişi müsbət hesab edir və qonşuluq münasibətlərini inkişaf etməsinə səbəb olduğunu deyir. O, sazişin son illərə qədər qüvvədə olduğunu da bildirir.
 
Astara gömrük məntəqəsindəki qayda ilə bağlı isə, cənab Məmmədov azərbaycanlıların ölkədən sərbəst şəkildə gedib-gəlmək hüququndan danışır.
 
O qeyd edir ki, belə qaydalar qeyri-rəsmi göstərişlərdir və vətəndaşlar məhkəməyə müraciət edə bilərlər.
 
"Brokerlər, yəni idxal monopoliyasına rəhbərlik edən şəxslər gömrük məntəqələrindən kənarlaşdırılsa da, onların adamları bu və ya digər formada yerli əhaliyə maneə yaradırlar", iqtisadçı qeyd edir.
 
İqtisadçı Dövlət Gömrük komitəsinin ləğv edilməsi lazım olduğunu da deyir.bbc /

Google+ WhatsApp ok.ru