Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

İlk xəbər 08:12-də verilib
 
Baş həkim açıqlama verib
 
Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) elektrik enerjisinin verilişi bərpa olunub.
 
Bu barədə “Report”a açıqlamasında RMX-nin baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.
 
Baş həkim bildirib ki, bu gün xəstəxananın "Azərişıq" ASC-yə olan borcundan 5 min manatı ödənilib: "Noyabr ayının 25-nə qədər borcun 10 min manatı ödənilməlidir. Ancaq bu halda ilin sonuna qədər xəstəxanaya verilən elektrik enerjisinin verilməsində problem olmayacaq".
 
Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisinin verilişi noyabr ayının 4-dən etibarən "Azərişıq" ASC-yə olan borc səbəbindən dayandırılmışdı. Nəticədə xəstəxanada olan onlarla dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpənin həyatı təhlükə altında qalıb.
 
 
***
Ağsu rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “İşıq hələ də yanmır”
 
“Xəstəxanaya noyabr və dekabr ayında kömək etmək lazımdır”
 
Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi bərpa olunmayıb.
 
Bu barədə “Report”a RMX-nin baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.
 
Baş həkim bildirib ki, xəstəxanada vəziyyət eyni olaraq qalır: “Dörd gündür xəstəxanaya elektrik enerjisi generatorla verilir".
 
O vurğulayıb ki, gələn ilin dövlət büdcəsində xəstəxana üçün işıqpulu nəzərdə tutulub: "Bizə sadəcə noyabr və dekabr ayında kömək etmək lazımdır ki, işıq yansın. İl dəyişən kimi biz köhnə borcları da, növbəti ilə olan işıqpulunu da ödəyəcəyik".
 
Ş.Məlikova qeyd edib ki, "Azərişıq" ASC-yə noyabr ayına qədər işıq pulu ödənilib: "Quruma 31 920 manat pul ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400, noyabrda 520 manat pul ödəmişik".
 
Həkim bildirib ki, artıq dördüncü gündür xəstəxananın işığı yanmır: "Xəstələri nəzarətdə saxlayırıq ki, ağırlaşma olmasın. Amma ağırlaşma və ölüm olsa cavabdeh kim olacaq bilmirəm. Bizə hələ ki, heç bir rəsmi qurum cavab verməyib". /

Google+ WhatsApp ok.ru