ATƏT və ABŞ-ın Xədicə İsmayılla bağlı bəyanatı

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatović Azərbaycanda jurnalist Xədicə İsmayılın həbsini pisləyib.
 
«İsmayılın həbsi yalnız qorxutma kampaniyasının idarə olunmasıdır, bu, onun azad və tənqidi səsini susdurmağa yönəlmiş kampaniyanın bir hissəsidir», - Mijatović deyib.
 
«Azərbaycan hakimiyyətini media azadlığına zidd olan bu təcrübəni dayandırmağa çağırıram», - Mijatović sözlərinə əlavə edib.
 
Bəyanatda daha sonra son bir neçə ay ərzində həbsə atılmış jurnalistlər Seymur Həzi, Pərviz Həşimli, bloqqerlər Əbdül Əbilov, Ömər Məmmədovun və digərlərinin adları sadalanır.
 
Mijatović bəyanatı Bazeldən, ATƏT Nazirlər Şurasının 21-ci toplantısından verib.
ABŞ Dövlət Departamenti də Xədicə İsmayılın həbsinə münasibət bildirib.  ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bu məsələ ilə tanış olduğunu və ətraflı detalları gözlədiyini deyib. 
 
O Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyətinin fəallarına qoyulan məhdudiyyətlərdən narahat olduğunu qeyd edib.
 
X.İsmayılın həbsi barədə Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
 
X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. Azadliq /
 

Google+ WhatsApp ok.ru