Atambaev-ə korrupsiya ittihamı irəli sürülüb

Atambaev-ə korrupsiya ittihamı irəli sürülüb

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-ə rəsmən korrupsiya ittihamı irəli sürülüb. O, ötən gecə, Bişkek kənarındakı iqamətgahında təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra saxlanıb.
 
Birinchi Mai rayon məhkəməsi avqustun 9-da bildirib ki, 62 yaşlı keçmiş prezidentə ittiham 2013-cü ildə kriminal avtoritet Aziz Batukaev-in qanunsuz olaraq azadlığa buraxılması ilə bağlıdır. O, bir deputatın və Daxili İşlər Nazirliyi rəsmisinin öldürülməsində təqsirli bilinmişdi.
 
Məhkəmə Atambaev-in avqustun 26-dək Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanması barədə qərar çıxarıb.
 
Avqustun 7-də təhlükəsizlik qüvvələrinin Atambaev-i saxlamaq cəhdi alınmamışdı. O, Daxili İşlər Nazirliyinin dindirilmə ilə bağlı üç çağırışına getməyəndən sonra onun saxlanmasına qərar verilib.
 
Hakimiyyət daha öncə Atambaev-in 2011-2017-ci illərdə prezident postunda olarkən beş maddə üzrə ittiham olunduğunu deyirdi – buraya korrupsiya, hakimiyyətdən sui-istifadə, qanunsuz varlanma daxildir.
 
40 nəfər saxlanıb
 
Atambaev və tərəfdarlarının müqaviməti, bir polis əməkdaşının öldürülməsi və 100-dən artıq adamın yaralanması keçmiş prezidentə əlavə ittihamların irəli sürülə biləcəyi deməkdir.
 
Qırğızıstan Baş Prokurorluğu artıq insidenti araşdırmağa başlayıb.
 
Atambaev-in iqamətgahına basqın zamanı öldürülmüş 47 yaşlı polkovnik Usen Niyazbekov isə avqustun 9-da səhər dəfn olunub.
 
 Atambaev iqamətgahlından Bişkekə aparılandan sonra yüzlərlə tərəfdarı yürüş keçirib.
 
Bişkekdə böyük ticarət mərkəzləri və restoranlar kütləvi iğtişaşdan ehtiyatlanaraq işi dayandırıb.
 
Bişkek polisi avqustun 9-da bildirib ki, ötən gecə 1500-dək adam “sabitsizlik yaratmağa çalışıb”, yolları bağlayıb, jurnalistlərə hücum edib. 40 nəfərin saxlandığı xəbər verilir.
 
Atambaev 2017-ci ilin oktyabrında prezident seçkisində indiki prezident Sooronbai Jeenbekov-u dəstəkləyib. Ancaq son aylar onlar bir-birini səriştəsizlik və qeyri-peşəkarlıqda ittiham etməyə başlayıb.
 
Keçmiş prezident Atambaevin bir sıra yoldaşları korrupsiya ittihamları ilə həbs olunub. Atambaev bütün ittihamları rədd edir, onları siyasi motivli adlandırır.
 
Ötən mayda Qırğızıstan qanunlarına edilən dəyişikliklər Atambaevi toxunulmazlıqdan məhrum edib. Atambaevin vəkili düzəlişləri qanunsuz adlandırıb. /azadliq.org
 

Google+ WhatsApp ok.ru