AŞURA GECƏSİ İMAM (Ə) SƏHABƏLƏRİ İLƏ BİRGƏ!

AŞURA GECƏSİ İMAM (Ə) SƏHABƏLƏRİ İLƏ BİRGƏ!

İmam Hüseyn (ə) Kərbəlaya daxil olmamışdan öncə, kufəlilərdən müsbət cavab gözləsə də, son mənzilə yaxınlaşdıqca, ən yaxşı səhabələrini seçmək qərarına gəldi. Aşura gecəsi gəlib çatdıqda, imam Hüseyn (ə) öz səhabələrinə belə buyurdu:

إِنِّی لا أَعْلَمُ أَصْحاباً أَوْلى وَ لا خَیْراً مِنْ أَصْحابِی، وَ لا أَهْلَ بَیْت أَبَرَّ وَ لا أَوْصَلَ مِنْ أَهْلِ بَیْتِی، فَجَزاکُمُ اللّهُ عَنِّی جَمیعاً خَیْراً، أَلا وَ إِنِّی لاَظُنُّ یَوْمُنا مِنْ هؤُلاءِ الاَعْداءِ غَدَاً، أَلا وَ إِنِّی قَدْ أَذِنْتُ لَکُمْ، فَانْطَلِقُوا جَمیعاً فی حِلٍّ، لَیْسَ عَلَیْکُمْ مِنِّی ذِمامٌ،

“Mən öz köməkçilərim və səhabələrimdən üstün və yaxşısını, öz əhli-əyalımdan da xeyirxah və itaətkarını tanımıram. Allah mənim tərəfimdən sizin hamınıza xeyirli mükafat əta etsin. Mən bilirəm ki, sabah bizim işimiz bu düşmənlərlə necə olacaq. Mən sizə icazə verir və beyətimi sizin üzərinizdən götürürəm, artıq mənim tərəfimdən sizin öhdənizdə heç bir əhd-peyman yoxdur.” (“Tarixi-Təbəri”, 4-cü cild, səh.317.)

فَهذَا اللَّیْلُ قَدْ أَقْبَلَ فَقُومُوا وَ اتَّخِذُوه جَمَلا، وَلْیَأْخُذْ کُلُّ رَجُل مِنْکُمْ بِیَدِ صاحِبِهِ أَوْ رَجُل مِنْ إِخْوَتِی وَ تَفَرَّقُوا فِی سَوادِ هذَا اللَّیْلِ وَ ذَرُونِی وَ هؤُلاءِ الْقَوْمَ، فَإِنَّهُمْ لا یَطْلُبُونَ غَیْرِی، وَ لَوْ أَصابُونِی وَ قَدَرُوا عَلى قَتْلی لَما طَلَبُوکُمْ؛

“Artıq qaranlıq sizə üz gətirib. Ayağa qalxın və bu qaranlıqdan minik tək istifadə edin (və bu məntəqədən uzaqlaşın). Bu gecənin qaranlığında sizdən hər biriniz mənim yaxınlarım və qardaşlarımdan birinin əlindən tutub pərakəndə olun. Məni bu zümrə ilə tək-tənha buraxın ki, onlar yalnız məni (tutmaq-öldürmək) istəyir, əlləri mənə çatdıqda və məni qətlə yetirdikdə, artıq sizinlə işləri olmayacaq.” (“Əl-fütuh”, İbn Əsəm, 5-ci cild, səh.169-170.)

İmam (ə) ilahi hədəfini gerçəkləşdirmək üçün, sanki ilahi dostların seçimi ilə məşğul idi. Əlbəttə, dairəni böyütmək üçün də bir sıra addımlar atdı. Məsələn, Aşura gecəsi Həbib ibn Məzahir o həzrətə: “İcazə verin, Bəni-Əsəd qəbiləsindən yardım istəyim!” – deyə müraciət etdikdə, İmam (ə) icazə verdi. Yaxud da imam Hüseyn (ə) Kərbəla yolunda ikən, Züheyr ibn Qeyn kimiləri özünə cəzb etdi, belə insanların haqq cəbhədə olacağına, Kərbəlaya gedəcəyinə israrla yanaşdı. Təəssüflər olsun ki, Ömər Səd kimilər də var idi ki, İmamın (ə) onların haqq cəbhəsində qərarlaşması üçün təlaşı nəticə vermədi. Onlar İmamın (ə) yolunun haqq olduğunu bildikləri halda, dünya tamahı və rahattələblik düşüncəsi onların batil cəbhədə qalmalarına səbəb oldu. (“Bihrul-ənvar”, 44-cü cild, səh.388.)

Belələrinin sayı çox olduğundan, İmam (ə) Kərbəlaya daxil olduqdan sonra belə buyurdu:

النَّاسُ عَبِيدُ الدُّنْيَا ، وَ الدِّينُ لَعِقٌ عَلَى أَلْسِنَتِهِمْ ، يَحُوطُونَهُ مَا دَرَّتْ مَعَايِشُهُمْ ، فَإِذَا مُحِّصُوا بِالْبَلَاءِ قَلَّ الدَّيَّانُون

“İnsanlar dünyanın quludurlar, din isə onların dillərinin lağlağısına çevrilib. Din sayəsində yaşadıqları müddətdə onun ətrafında gəzib-dolaşırlar, amma imtahan zamanı gəlib çatdıqda, dindarların sayı azalır.” (“Biharul-ənvar”, 44-cü cild, səh.383.)

İmam Hüseyn (ə) o çətin şəraitdə belə, oz səhabələrinin mənəviyyatından qafil olmadı. Aşura gecəsi düşməndən möhlət istədi. Səhabələri ilə birgə fürsətdən layiqincə istifadə etdi, gecəni namazla, Quran tilavəti ilə, dua ilə, raz-niyazla məşğul oldu. Həqiqətdə, o böranlı vəziyyətdə, nəinki Allahdan ayrılmadı, rabitəsini daha da möhkəmlətdi. İmamın səhabələri də öz İmamına iqtida edərək Rəbbinə sığındılar, dünyalarının son gecəsi axirətlərinin abadlığı haqda düşündülər. O gecənin raz-niyaz və Quran səsləri düşmən ordusu üçün də bir xatirəyə çevrildi. İmam sübut etdi ki, həm özü, həm də vəfalı səhabələri ən təhlükəli şəraitdə belə, dindən əl çəkmədilər. Məhz bu səbəbdən də, Aşura günü imam Hüseynin (ə) sədaqətli səhabələri şücaətlə döyüşdülər, ölümdən qorxmadılar, eşq və şövqlə canlarını Allah yolunda qurban verdilər.

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru