AVAMLAR ARASINDA ŞÖHRƏT

AVAMLAR ARASINDA ŞÖHRƏT

Neçə vaxt idi ki, camaat arasında bir şəxsin adı şox hallanırdı və o, təqva və dindarlıqda şöhrət qazanmışdı. Hər yerdə onun böyüklük və əzəmətindən söhbət gedirdi. Dəfələrlə imam Sadiqin (ə) hüzurunda o şəxsin ixlas və iradəsindən danışmışdılar.

İmam Sadiq (ə) camaatın nəzərində bu qədər əzəmətə və məhəbbətə layiq olan həmin şəxsi yaxından görmək qərarına gəldi.

Günlərin birində o həzrət tanınmaz halda onun yanına gedir və görür ki, onun pərəstişkarlarının hamısı avam təbəqədən olanlardır. İmam (ə) özünü tanıtdırmadan və göstərmədən hadisələri müşahidə edirdi. Onun hiyləgər biri olması İmamın (ə) nəzərindən yayınmadı. Nəhayət, həmin şəxs camaatdan ayrılıb yoluna davam etdi. İmam (ə) da yavaşca onun arxasınca yollandı ki, onun hara gedəcəyini, nə edəcəyini və cəlbedici və diqqətəlayiq əməllərinin nədən ibarət olduğunu görsün.

Çox çəkmədi ki, həmin şəxs çörək dükanının qarşısında dayandı. İmam (ə) müşahidə etdi ki, dükançı gözünü yayındıran kimi, həmin şəxs 2 ədəd çörək götürüb öz paltarının altında gizlətdi və yola düşdü. İmam (ə) öz-özünə fikirləşdi ki, yəqin məqsədi çörək almaqdır və çörəyin pulunu qabaqcadan verib və ya sonra verəcək. Lakin sonra düşündü ki, əgər belə olsaydı, onda, nə üçün çörəkçidən gizli götürdü?!

İmam (ə) onu təqib etməklə məşğul ikən, gəlib bir meyvəsatanın qarşısında dayandı. Meyvəsatanın da başını qataraq 2 ədəd nar götürüb paltarının altında gizlətdi və yola düşdü. İmamın (ə) təəccübü bir az da artdı. Daha sonra həmin şəxsin bir yoxsulun yanına gedərək oğurladığı çörək və narları ona verdiyini gördükdə, o həzrətin təəccübü daha da artdı. Nəhayət, İmam ona yaxınlaşaraq müşahidə etdiyi hadisələr barədə izah verməsini tələb etdi. O, İmamın qiyafəsinə nəzər salaraq dedi:

–Zənn edirəm ki, sən Cəfər ibn Muhəmmədsən.

–Bəli, mən Cəfər ibn Muhəmmədəm.

–Əlbəttə, sən Peyğəmbərin (s) nəvəsisən və şərəfli nəsil-nəcabətə maliksən. Amma təəssüflər olsun ki, nadansan.

–Mənim nadanlığım nədədir?

–Elə bu sualı soruşmağından məlum olur ki, dində olan sadə bir hesab-kitabı dərk edə bilməmisən. Məgər, bilmirsən ki, Allah-Taala Qurani-Kərimdə belə buyurub?:

مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ اَمْثالِها؛

Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.

وَمَنْ جاَّءَ بِالسَّیِّئَةِ فَلا یُجْزى اِلاّ مِثْلَها؛

Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər...”

Bu hesabla mən cəmi dörd günaha mürtəkib olmuş və oğurladığım iki çörək və iki narı xəstəyə verməklə 40 savab qazanmışam. Ondan dörd savabı çıxsaq, yerdə 36 savab qalır və mən bu qədər savab qazanmışam.

İmam Sadiq (ə) onu danlayaraq buyurdu:

–Elə cahil olduğun üçün də bu cür düşünmüsən. Bəyəm, Allahın Qurani-Kərimin başqa bir ayəsində belə buyurduğunu eşitməyibsənmi:

اِنَّما یَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقینَ؛

“Allah yalnız təqvalıların əməlini qəbul edir.” Sən deyirsən ki, dörd günah qazanmısan. Amma xalqın malını sədəqə və ehsan adı ilə başqalarına verməyinin heç bir savabı olmadığı kimi, hələ onların hər biri qədərində günaha da mürtəkib olmusan. Demək, sənin əvvəlki 4 günahının üstünə 4 günah da əlavə olunur və cəmi 8 günah edir. İmam (ə) məsələni ona izah etdikdə, onun gözləri heyrətdən bərəlmişdi. Bir gün imam Sadiq (ə) bu əhvalatı dostları üçün nəql edərkən buyurdu: “Dinlə bağlı bu sayaq cahilanə və yanlış yozum insanın azğınlığına səbəb olduğu kimi, başqalarını da azğınlığa sürükləyir.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh.57; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.319-321.)

(Maide.Az)

 

 

Google+ WhatsApp ok.ru