Avropada qızılca niyə yayılır?

Avropada qızılca niyə yayılır?

-- Vaksinlərlə bağlı ziddiyyət nədən qaynaqlanır?

Artıq dünyanın ayrı-ayrı yerlərində qızılcaya demək olar ki, rast gəlinmir. Ancaq Avropanın insanların peyvənddən yayındığı yerlərində hələ də bu xəstəlik vaxtaşırı özünü göstərir.
 
Qızılca bu gün hələ də Afrika və Asiyanın bəzi yerlərində problem olaraq qalmaqdadır. Uşaqların normal qidalanmadığı, vərəm və AIDS kimi digər xəstəliklərə yoluxduğu bu ərazilərdə qızılcanın yayılması ciddi problemdir. Dünyada hər il 89 minədək insan qızılcadan dünyasını dəyişir. Bu ölümlərin əksər hissəsi inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. Bu haqda «The Washington Post» qəzeti yazır.
 
Ötən il Avropada 21 mindən çox adam qızılcaya tutulub, bu xəstəlikdən 35 ölüm halı qeydə alınıb. Bu göstərici daha öncəki illə müqayisədə dörd dəfə artıqdır. Ən böyük epidemiya Rumıniya və İtaliyada qeydə alınıb. Bu ölkələrin hərəsində 5 mindən çox insan qızılcaya yoluxub. İtaliyada uşaqlara qızılca peyvəndi vurulması məsələsi martın 4-də keçirilən seçkidə əsas mövzulardan birinə çevrilib.
 
Qarşısı peyvəndlə alına bilən bu xəstəliklə mübarizəyə nə mane olur?
 
Qızılca dünyada ən yoluxucu xəstəliklərdən biridir. Qızılca virusu hava-damcı yolu ilə yayılır.
 
Bu xəstəliyin qarşısı hələ 1960-cı illərdən bəri istifadədə olan vaksin vasitəsilə alına bilər. Tibb mütəxəssisləri epidemiyanın önlənməsi üçün əhalinin 95%-nin vaksinasiyadan keçməli olduğunu deyirlər. İtaliyanın bəzi bölgələrində bu göstərici 85%-ə qədərdir. Bu, bütün Avropada ən aşağı göstəricilərdən biridir. Epidemiya Ukrayna, Yunanıstan və Rumıniya da daxil olmaqla, bir sıra başqa ölkələrdə də qeydə alınıb. Bu ölkələrdə də tibb rəsmiləri ümumi vaksinasiya işinin zəiflədiyini, vaksin təchizatı və xəstəliyə nəzarət sistemlərində problemlərin olduğunu vurğulayıblar.
 
İmmunizasiya ilə bağlı daha öncə yaşanmış problemlərdən sonra Avropanın bir çox yerlərində vaksin skeptisizminin dərəcəsi yüksək olaraq qalmaqdadır.
 
Fransada Hepatit B-yə qarşı vaksinasiya kampaniyası hələ 1998-ci ildə dayandırılıb. Səbəb peyvəndin göstərdiyi yan təsirlər və əhali arasında peyvəndlə bağlı şübhələrin yayılması idi.
 
2009-cu ildə baş vermiş «donuz qripi» pandemiyası zamanı Avropada çoxsaylı vaksin skeptikləri iddia edirdilər ki, «donuz qripi» peyvəndinin təbliğ olunması əczaçılıq sənayesinin Ümumdünya Səhiyyə Təşkilatına təsir göstərməsi ilə bağlıdır.
 
2016-cı ildə London Gigiyena və Tropik Təbabət Məktəbinin keçirdiyi qlobal sorğunun nəticələrinə görə, Avropa əhalinin vaksinlərin təhlükəsizliyinə ən az inandığı regiondur.
 
Vaksinlərlə bağlı ziddiyyət nədən qaynaqlanır?
 
1998-ci ildə britaniyalı tədqiqatçı Andrew Wakefield «Lancet» tibb jurnalında bir məqalə dərc etdirib. O bu məqalədə qızılca, qulaqdibi, məxmərək əleyhinə birləşmiş peyvəndin (MMR) autizmə yol aça biləcəyini iddia edib. Sonradan bu sahədə aparılan tədqiqatların heç biri peyvəndlə autizm arasında hər hansı əlaqə aşkarlamayıb. Sözügedən məqalə sonradan geri çağırılıb, onun bir həmmüəllifi məqalədə göstərilən nəticələrdən imtina edib, Wakefield-in özü isə Britaniyada tibb praktikası ilə məşğul olmaq lisenziyasından məhrum edilib. Rəsmilər onu peşəsində ciddi pozuntulara yol verməkdə suçlu biliblər.
 
Ancaq məqalə çıxandan sonra Britaniya, ABŞ və başqa ölkələrdə vaksinasiya dərəcəsi aşağı düşüb. Nəticədə Avropada illərlə qızılca epidemiyaları müşahidə olunur. Britaniyada Kral Həkimlər Kolleci də daxil olmaqla, azı 12 tibb birliyi MMR vaksininin təhlükəsiz olmasına dair bəyanatlar verib.
 
Hesab edilir ki, bir çox ölkələrdə adi uşaq immunizasiyasının bir hissəsi olan MMR vaksininin tam dozası qızılcanı önləmək baxımından 97% effektivdir.
 
Adətən, yüksək hərarətlə başlayan qızılca üz və boyun nahiyəsində səpkilərlə müşayiət olunur. Qızılcaya tutulan əksər insanlar sağalsa da, ÜST-nın məlumatına görə, bu xəstəlik azyaşlı uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.
 
Qızılcanın korluq, beyində şişmə kimi fəsadlarına daha çox azyaşlı uşaqlarda və yaşı 30-u keçmiş böyüklərdə rast gəlinir. Amerika qitəsində vaksinasiya proqramlarının köməyi ilə qızılcaya son qoyulub. Bir çox başqa ölkə isə 2020-ci ilədək xəstəliyin yayılmasına son qoymaqla bağlı öhdəlik götürüb.
 
Vaksinasiya faizlərini artırmağın yollarından biri bəzi xəstəliklərlə bağlı immunizasiyanın qanunla məcburi elan edilməsi, peyvənd aldıqlarını təsdiqləyən sənəd olmadan heç bir uşağın məktəbə buraxılmamasıdır.
 
Bu yaxınlarda İtaliyada valideynlərin uşaqlarını məcburi qaydada qızılca və daha doqquz uşaq xəstəliyinə qarşı vaksinasiya etdirməsi haqda qanun qəbul olunub. Rumıniyada da buna bənzər qanun qəbul olunub. Burada, üstəlik, uşaqlarına peyvənd vurdurmayan valideynlər ciddi cərimə cəzaları alacaqlar.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru