Avropa hakimiyyətin təbliğatını alt-üst etdi

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Ermənistanı Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərini boşaltmasını tələb etməsi mühüm sənəddir. Noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat komitədə müzakirəyə çıxarılıb.
 
Qəbul olunan qətnamə layihəsində işğal altında olan ərazilər üzərində Azərbaycanın tam suverenliyinin tanımasına çağırış edilib.
 
Təmas xəttinə yaxın mülki yaşayış məntəqələrinə qarşı bilərəkdən edilən hərəkətləri qətiyyətlə pisləyən komitə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin digər bir sıra beynəlxalq böhranlar sırasına daxil olmasına görə təəssüflənir. Qətnamə layihəsində deyilir: “Bundan sonra da təxirə salma 2014-cü ilin əvvəlindən 100-dən artıq insan ölümü ilə nəticələnən və Avropa Şurasının iki üzv dövləti arasında əsl müharibəyə çevrilə bilən bu ”dondurulmamış” münaqişənin nizamlanmasını yalnız çətinləşdirir”.
 
Sənəddə eyni zamanda mühüm bir məqam yer alıb. Komitə, həmçinin Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxlq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırıb.
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, sessiyanın müzaikrəsinə təqdim edilməli olan layihə olduqca mühüm sənəddir. G.Hacıbəylinin fikrincə, bu sənəd Azərbaycan xarici siyasətinin Qarabağ mövzusunda qazandığı ən ciddi uğurlardan biri sayıla bilər: “Avropa Şurası bundan öncə də Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı çox prinsipial mövqedən çıxış edib. AŞ PA-nın məhşur 1416 saylı qətnaməsi hamıya bəllidir. Bu qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi birmənalı göstərilir. Ermənistandan BSMT-nin 4 qətnaməsinin icrası tələb edilir. Ümid edirəm ki, indi artıq AŞ PA-nın Siyasi Işlər Üzrə Komitəsində qəbul olunan bu sənəd sessiyadan da uğurla keçəcək. Bu sənəd bir həqiqəti ortaya qoyur ki, Avropa Azərbaycana münasibətdə kifayət qədər obyektiv və ədalətli mövqedən çıxış edir. Hələ bir müddət öncə Avropa Parlamentində də analoji sənədlər qəbul olunmuşdu. Həmin sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı açıq formada əksini tapmışdı. Eyni zamanda işğalda olan ərazilərin Ermənistan tərəfindən azad olunması tələb edilirdi”.
 
G.Hacıbəyli onu da vurğuladı ki, bu qətnamə həm də Avropanı Azərbaycana münasibətdə ikilistandartlarda ittiham edənlərin arqumentlərini əlindən alır. G.Hacıbəylinin sözlərinə görə, bu qətnamədən aydın olur ki, istər Avropa Parlamenti olsun, istər AŞ PA olsun Azərbaycana qarşı obyektiv mövqedən çıxış edirlər. “Ona görə bu təşkilatlar ölkəmizdə insan hüquqlarının qorunmasını, azad sözün təmin edilməsini də tələb edəndə obyektiv mövqedən çıxış edirlər”, deyə G.Hacıbəyli vurğuladı.
 
Qətnamədə ATƏT sülhməramlılarının Qarabağ və işğal altında olan digər ərazilərə yerləşdirilməsinə gəlincə isə G.Hacıbəyli əlavə etdi ki, bu barədə düşünmək olar. Amma Azərbaycan kifayət qədər potensialı olan bir dövlətdir. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan ən azı Cənubi Qafqazda istər ərazi, istərsə də əhali baxımdan digər iki qonşu ölkədən nüfuzludur. Ona görə Azərbaycanın işğal altında olan ərazilərdə suverenliyi bərpa olunacağı təqdirdə Azərbaycan öz imkanları ilə bu ərazilərdə təhlükəsizliyi tam təmin edə bilər: “Münaqişənin həlli yeni perspektivlər açacaq. Hətta Qarabağda yaşayan ermənilər də başa düşürlər ki, bölgənin gələcəyi Avropa ilə bağlıdır. Qarşımızda belə perspektiv olduqda istər Azərbaycan, istərsə də erməni vətəndaşları bir-birilə dil tapmağı bacaracaqlar. Yetər ki, kənar təsirlər, Rusiyanın təyziqi aradan qalxsın”.azadliq /
 

Google+ WhatsApp ok.ru