Avropa ilə müqayisədə də baha

Avropa ilə müqayisədə də baha

"Modern.az"da "Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə meyvənin baha olması səbəbləri barədə iqtisadçı-ekspert Vüqar Bayramovla söhbətləşir.
 
Müəllif deyir ki, idxal edilən məhulların bir qisminin qiyməti qonşu ölkələrlə müqayisədə xeyli bahadır və bu da son zamanlar müzakirə olunan məsələlərdən biridir.
 
Yazı müəllifi əlavə edir ki, istehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır.
 
V.Bayramov "modern.az"a bildirib ki, hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır: "Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi. Ola bilər ki, bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin aylarla dəyişməməsi və qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz".
 
Ekspert deyir ki, Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir: "Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır".
 
V.Bayramov deyib ki, məsələ sadəcə portağalın qiymətinin baha olması ilə bitmir, bu, təkcə bir meyvənin qiymətinin müzakirəsi deyil: "Əslində bu, ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edərdilər".
 
Ekspert bundan irəli gələrək belə qənaət ifadə edir ki, bəzən hətta statistikada say çox görünsə də, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər və təəssüf ki, bu, bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur.
 
İqtisadçının sözlərinə görə, CESD istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullarla bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasını və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqində ictimai nəzarətin gücləndirilməsini təklif edir.
 
"Bu isə gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qaldırılması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür", - deyə V.Bayramov bildirir.
 

Google+ WhatsApp ok.ru