Avropa Məhkəməsi hökuməti yenə cərimələdi

İyunun 11-də Avropa İnsan Haqıarı Məhkəməsi Müsavat Partiyasının Sumqayıt şöbəsinin üzvü Oqtay Tahirovun 2010-cu il parlament seçkiləri zamanı azad seçki hüququnun pozuntusu ilə bağlı şikayəti üzrə qərar qəbul edib.
 
Bu barədə vəkil Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumat yayıb. Gözlənildiyi kimi bu, hökumətin bəyannaməsinin qəbulu kimi yox, işin mahiyyəti üzrə geniş qərar oldu: "Qərarla Oqtay Tahirovun namizəd qismində qeydiyyata alınmaması insan huquqlarının pozuntusu kimi qiymətləndirilib. Qərarda seçki komissiyalarının və məhkəmələrin şikayətlərə formal baxması da ayrıca qeyd edilib. Bu qərar həm də onunla fərqlənir ki, o uzun illər dost olduğum Oqtay bəyin ailəsi haqqında Avropa Məhkəməsinin dördüncü qərarıdır. İlk qərar onun bacısı Çiçək Məmmədovanın məmur zorakılığı nəticəsində özünü öldürməsi, ikinci qərar onun qardaşının mülkiyyət hüququnun pozuntusu, nəhayət, üçüncü qərar həyat yoldaşının polis zorakılığına məruz qalması ilə bağlı idi. İndi isə özü barəsində qərar çıxdı".
 
Vəkil bildirib ki, qərarda mənəvi ziyana görə 7500, hüquqi xidmətə görə isə 3000 avro kompensasiya nəzərdə tutulub: "Güman edirəm ki, bu qərardan sonra yaxın günlərdü oxşar məzmunlu şikayətlər üzrə qərarlar qəbul olunacaq".
 
Əsabəli Mustafayevin sözlərinə görə, 11 iyun qərarı ilə Avropa Məhkəməsinə göndərdiyi 257 işdən təmin edilən şikayətlərin sayı 39 oldu. Qalan işlərdən 79 üzrə artıq kommunikasiya bitib və yaxın zamanlarda qərarların qəbulu gözlənilir. Digər 10 iş üzrə kommunikasiya davam edir: "Bunları uğur saymaq olarsa, hamısına görə bu sahədə müəllimim İntiqam Əliyevə borcluyam" (meydan.tv).

Google+ WhatsApp ok.ru