Avropa Məhkəməsinin qərarı ilə Hilal Məmmədova kompensasiya ödənəcək

Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb.
 
AİHM H.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb.
 
Qərarda qeyd olunur ki, 2012-ci ilin iyununda həbs edilmiş H.Məmmədov saxlanılan zaman polis və mülkigeyimli şəxslərin zorakılığına məruz qalıb. Onlar H.Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər.
 
Məhkəmə qərara alıb ki, 3-cü maddə H.Məmmədovla bağlı iki dəfə pozulub. Belə ki, o, işgəncələrə məruz qalıb və onun şikayəti araşdırılmayıb.
 
Məhkəmə mənəvi zərərə görə H.Məmmədova 13 min avro həcmində kompensasiya və məhkəmə xərclərinə görə 2 min 500 avro ödənilməsi barədə qərar çıxarıb.
 
H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.
 
«Amnesty International» H.Məmmədov «vicdan məhbusu» kimi tanıyıb.

Google+ WhatsApp ok.ru