Avropa Oyunlarında özəl taksilərə qadağa

I Avropa Oyunları zamanı Bakıda avtomobillərin (buraxılış vərəqəsi) lisenziyalaşdırılması ləğv edilib. Bu barədə Trend-ə Bakı şəhər Icra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, paytaxt sakinləri Avropa Oyunları zamanı avtomobillərindən park etmədən sərbəst şəkildə istifadə edə biləcəklər. Parkedilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək. Xüsusi qapalı yerlərdə parketmədən istifadə olunacaq.
Məlumatda qeyd olunur ki, vətəndaşlar Avropa Oyunları zamanı xüsusi ayrılacaq ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.
Xatırladaq ki, daha öncə məlumat verilmişdi ki, Avropa Oyunları zamanı Bakıda avtomobillərdən istifadə edilməsi üçün müvafiq qurumlardan xüsusi buraxılış(lisenziya) vərəqəsi alınmalı idi.
Qeyd edək ki, Avropa Yay Oyunları zamanı şəxsi maşınlarla taksi fəaliyyətilə məşğul olmağa qadağa qoyulacaq. Azadlıq bu barədə hələ mart ayında məlumat yaymışdı. Bu məlumat təsdiqini tapıb. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Trend-ə bildirib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq.
Bu arada bəlli olub ki, nəqliyyatda elektron ödəmə sisteminin tətbiqi yaxın vaxtlar üçün real deyil. Kart sisteminin tətbiqi ilə bağlı müəyyən dəyişikliklər olacaq.  Namiq Həsənov Report.az-a bildirib ki, əvvəlcə bu sistemin 2015-ci ilin martında tətbiq ediləcəyi deyilsə də, sonradan müəyyən təkmilləşdirmə işlərinin aparılması qərara alınıb.
Bakıda ictimai nəqliyyat sektorunda sərnişin daşınması ilə məşğul olan operator şirkətlərdən də bildiriblər ki, elektron ödəmə sisteminin paytaxtda tətbiqi yaxın zamanlarda real görünmür. Şirkət hesab edir ki, bunun üçün ilk növbədə bu sahədə çalışanlara zəmanət verilməlidir: “Düşünürəm ki, Bakıda ictimai nəqliyyatda elektron ödəmə sisteminin vahid şəkildə işləməsi üçün bu, kütləvi olaraq bütün ictimai nəqliyyat vasitələrində tətbiq edilməlidir. Buna isə böyük vəsait tələb olunur. Bütün bunların yaxın vaxtlarda olacağını gözləmirik”.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi əvvəlcə martın 1-dən ictimai nəqliyyatda kart sisteminin tam tətbiq olunacağını açıqlamışdı. Onu da qeyd edək ki, bu sistemin qurulmasına külli miqdarda vəsait xərclənib. /
 

Google+ WhatsApp ok.ru