Avropa Oyunları zamanı təcili tibbi yardım briqadaları necə fəaliyyət göstərəcəklər?

"Bakı - 2015" ilk Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün məkanlarda, о cümlədən hotellərdə, Olimpiya şəhərciyində və kütləvi tədbirlərin təşkil olunacağı yerlərdə təcili tibbi yardım briqadaları növbə çəkəcək.
 
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mühüm idman tədbirinədək beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni "Mersedes" markalı təcili tibbi yardım avtomobillərinin istismara verilməsi də nəzərdə tutulub.
 
Avropa Oyunları Təşkilat Komitəsinin tələblərinə əsasən, tibbi yardım xidmətlərinə cəlb olunmuş heyət xüsusi təlimlərdən keçməli, dünyanın qabaqcıl ölkələrində qəbul edilmiş və beynəlxalq standartlara uyğun bilik və vərdişlərə malik olmalıdır. Bu məqsədlə Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında Amerika Ürək Assosiasiyasının nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu keçilib.
 
Təlim və məşqlərə 400-ə yaxın təcili tibbi yardım işçisi cəlb olunub. Tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, təcili tibbi yardım xidməti həkimləri üçün ingilis dili kursları da təşkil edilib.
 
Səhiyyə Nazirliyi həmçinin rezidentlərə müraciət edərək, onları "Bakı-2015" ilk Avropa Oyunlarında həkim qismində iştiraka dəvət edib.

Google+ WhatsApp ok.ru