Avropa Şurası diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvinin tərəfdarıdır

Cinayət qanunvericiliyində diffamasiyaya görə məsuliyyət tədbirlərinin olması öz-özlüyündə fikri ifadə azadlığına məhdudlaşdırıcı təsir göstərir. Bu fikri Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamentinin rəhbri Patrik Penniks bu gün AŞ və Avropa İttifaqının “Azərbaycanda fikri ifadə və media azadlığı” adlı birgə layihəsi çərçivəsində təşkil edilmiş diffamasiya məsələlərinə həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Avropa Şurası araşdırma aparıb, Avropa məkanında 1000-dən çox jurnalist arasında anket aparıb və sorğunun əksər iştirakçıları təhlükəsizlikləri ilə bağlı risklər arasında diffamasiyaya görə cinayət təqibi mümkünlüyünü qeyd ediblər.

AŞ nümayəndəsi qeyd edib ki, ifadə azadlığı ilə bağlı məhdudiyyətlər yalnız açıq-aşkar ədavət və zorakılıq hallarında mümkündür.

Patriks həmçinin mülki qanunvericilik çərçivəsində diffamasiyaya görə yüksək cərimələrin yolverilməz olduğunu qeyd edib.

Onu fikrincə, jurnalistlərin diffamasiyaya görə həddindən artıq cəzalandırılmaqdan qorunması məsələlərində qanunverici, məhkəmə hakimiyyətlərinə və jurnalistlərin özlərinə böyük rol düşür.

Belə ki, parlamentlər beynəlxalq təşkilatlar arasında diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı konsensusu nəzərə almalıdırlar.

Məhkəmə orqanları diffamasiya iddialarına baxarkən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına riayət etməlidirlər.

Media öz növbəsində peşə etikası normalarına riayət etməlidir. Amma mətbuatın özünütənzimləmə mexanizmləri özünüsenzuraya keçməməlidir.

Penniks hesab edir ki, jurnalistlər ictimai cəhətdən əhəmiyyətli problemlərin işıqlandırılmasına görə təqibə məruz qalmamalıdırlar. Media nümayəndələri tərəfindən satira janrında nəşrlərə, kinayəli formada ifadələrə yol verilir, amma bir şərtlə ki, bu, kobud təhqir səviyyəsinə çatmamalıdır. Jurnalistlər və media həmçinin üçüncü şəxslərin müsahibələrinə görə məsuliyyət daşımamalıdır (nadir hallar istisna olmaqla).

Bu zaman dövlət xadimləri, siyasi-ictimai xadimlər, məşhur şəxslər tənqidə qarşı yüksək səviyyədə dözümlülük nümayiş etdirməlidirlər.

Öz növbəsində, media hüququ sahəsində ekspert Ələsgər Məmmədli bildirib ki, son 15 ildə Azərbaycanda jurnalistlərə qarşı 500 iddia irəli sürülüb, o cümlədən onların dörddə biri xüsusi cinayət ittihamı qaydasında verilib.

2010-cu ildə CM-in “təhqir”, “böhtan” maddələrinin tətbiqinə moratorium elan edilməsinə baxmayaraq, əslində jurnalist Xədicə İsmayılova, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gültəkin Hacıbəyli, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bu maddələrlə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda dövlət televiziyasının rəhbəri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı cinayət iddiası hazırda məhkəmə baxışı mərhələsindədir.

Vətəndaş cəmiyyətinin iştirakı ilə “Diffamasiya haqqında” proqressiv qanun layihəsinin işlənib hazırlanmasına baxmayaraq, parlament onun mahiyyətini dəyişib və nəticədə AŞ-ın Venesiya Komissiyası mənfi rəy verib, belə ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi nəzərdə tutulmurdu.

Diffamasiya haqqında qanun nəinki qəbul edilməyib, bundan əlavə, böhtan və təhqirə görə cinayət məsuliyyəti İnternetə də şamil edilib və artıq onun tətbiqinə başlanılıb. Belə ki, Astara sakini “Aksesbank” kommersiya bankını tənqid etdiyinə görə islah işlərinə məhkum edilib.

Məmmədli həmçinin qeyd edib ki, Azərbaycanda diffamasiya iddiaları, bir qayda olaraq, ictimai fiqurlar tərəfindən irəli sürülür, baxmayaraq ki, onlar tənqidə qarşı daha çox dözümlü olmalıdırlar.

Ekspert həmçinin hakimiyyətin diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməməsini qabaqcıl Avropa ölkələrinin qanunlarında da belə normalar olması ilə əsaslandırmasının mənasız olduğunu bildirib.

Bu zaman Məmmədli qeyd edib ki, məsələn, Fransada qanun normaları 19-cu əsrdən qüvvədədir və onlar sonuncu dəfə 35 il əvvəl tətbiq edilib.

Ekspert hesab edir ki, bu halda problemə AİHM-nin presedent hüququna əsasən yanaşmaq lazımdır.

AİHM-nin Azərbaycanla bağlı diffamasiya üzrə iki qərarı var – “Yaşar Ağazadə və Rövşən Mahmudov Azərbaycana qarşı” və “Eynulla Fətullayev Azərbaycana qarşı”, bu qərarlarda deyilir ki, Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyəti olması Avropa Konvensiyasında zəmanət verilmiş ifadə azadlığına ziddir.

Ümumiyyətlə, Avropa Məhkəməsi birmənalı olaraq müəyyən edib ki, ədavət və ya terror, yaxud kütləvi iğtişaşlar çağırışları istisna olmaqla, bütün digər hallarda ifadə azadlığı cinayət təqibinə səbəb olmamalıdır. Yəni başqa şəxsin şərəf və ləyaqətinin, nüfuzunun müdafiəsi üçün cinayət məsuliyyətindən istifadəyə yol verilmir.

Azərbaycan Avropa Konvensiyasına riayət etmək və Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürübsə, diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməlidir.

Bununla belə, ekspert rəsmi Bakı nümayəndələrinin bu konfransda diffamasiya haqqında qanunun qəbulu məsələsinin bağlanmadığı haqqında bəyanatları ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.

Onun fikrincə, bu görüşün təşkili özü beynəlxalq qurumlar tərəfindən də Azərbaycan üçün problemin aktual olduğunun etirafıdır. /

Google+ WhatsApp ok.ru