Avtobus qəzaları zamanı sərnişinlərə kim kompensasiya ödəməlidir? - RƏY

Avtobus qəzaları zamanı sərnişinlərə kim kompensasiya ödəməlidir? - RƏY

Azərbaycanda sərnişin avtobuslarının iştirakı ilə yol qəzalarının baş verməsi zamanı yaranan problemlərdən biri də xəsarət alan sərnişinlərə kompensasiyanın ödənilməsidir. Bəzən sərnişinlər dəymiş ziyana görə kompensasiya ala bilmədiklərindən şikayətlənirlər.
 
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov Trend-ə deyib ki, qanunvericilikdə bununla bağlı qaydalar mövcuddur:
 
“Birincisi, sərnişin avtobusunun mütləq icbari sığortası olmalıdır. Yol nəqliyyat hadisəsi də icbari sığorta hadisəsi sayılır. Yol nəqliyyat hadisəsində kim təqsirkar olsa, həmin nəqliyyat vasitəsini icbari sığorta etmiş sığorta şirkəti zərər çəkmiş sərnişinlərə kompensasiya ödəməlidir".
 
Ekspert bildirib ki, ancaq sığorta ödənişi məhduddur:
 
"Qanunvericiliyə əsasən, maddi ziyana görə kompensasiyanın yuxarı həddi 5 min manatdır. Sağlamlığa dəyən ziyan isə bir adam üçün 5 min manatdan artıq olmamaq şərti ilə toplam 50 min manatdan artıq ola bilməz. Əgər sağlamlığa dəyən ziyan 50 min manatdan çox olsa, sığorta şirkəti həmin məbləğdən çox pul verməyəcək. 5 min manat kompensasiya isə insan dünyasını dəyişdikdə ödənilir. Əgər insan sağ qalırsa, sığorta ödənişi daha az olur. Məsələn, I qrup əlil üçün bir nəfərə sığorta ödənişi 4 min manatdır. Əgər insan ağır xəsarət alıb sonradan sağalarsa, sığorta ödənişi cəmi 1500 manat təşkil edir. Hər bir halda çoxlu sayda insan xəsarət alarsa, dünyasını dəyişərsə, ümumi məbləğ 50 min manatdan artıq olmayacaq. Əgər insan sağlamlığına dəyən zərərin müalicəsi üçün tələb olunan məbləğ 1500 manatdan çox olarsa, yerdə qalan məbləğ Mülki Məcəlləyə əsasən zərər vuran tərəfdən, yəni sürücüdən və yaxud nəqliyyat vasitəsinin sahibindən tələb edilə bilər”.
 

Google+ WhatsApp ok.ru