Avtobus sürücüləri nəzarət altına alınacaq

Ötən gün Bakıda sərnişin avtobusunda baş verən faciəvi hadisədə sürücünün heç bir günahı olmayıb. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS-ə məlumat verib. Onun sözlərinə görə, hadisə ehtiyatsızlıqdan baş verib.
 
“Qurban Əliyev 71 saylı xətt üzrə idarə etdiyi “Midibus” markalı avtobusu Nərimanov rayonu Ə.Qayıbov küçəsində yerləşən dayanacaqda saxlayarkən sərnişini - Bakı şəhər sakini Bəhruz Cəfərov yıxılıb. Onun ayağı burxulub və yıxılıb”, - deyə Namiq Həsənov bildirib.
 
Nazirlik rəsmisi onu da əlavə edib ki, əslində sərnişin avtobusları hərəkətdə olarkən qapıları mütləq bağlamalıdırlar. Yoxsa bədbəxt hadisələr baş verə bilər. Qapını açıq saxlayan sürücülər qanunla məsuliyyət daşıyır. Bundan başqa. avtobus qapısından sallanan sərnişinin özü də qanunu pozmuş hesab olunur.
 
Namiq Həsənov bildirdi ki, bundan sonra sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıda avtobuslar üzərində nəzarəti gücləndirib. Onun sözlərinə görə, həm sürücülərə, həm də sərnişinlərə nəzarət olunacaq.
 
N.Həsənov onu da əlavə edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Hüseyn Salamovun şəxsi nəzarəti altında olan gündəlik reydlər keçirilir. Onun sözlərinə görə, Dövlət Xidmətinin rəhbərinin şəxsən iştirakı ilə belə reydlərin keçirilməsi xüsusi yeni tədris ilinin başlanması ərəfəsində vacibdir.

Google+ WhatsApp ok.ru