Avtomobil yollarında yeni uçqun-sürüşmə sahələri yaranıb

Avtomobil yollarında yeni uçqun-sürüşmə sahələri yaranıb

-- Astarada, Quba-Xınalıqda, Lənkəran-Lerik..

“Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Avtomobil yolunun sol yamac hissəsində olan çatların və qırılma qaşının ölçülərində artım qeydə alınıb”.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
Onun sözlərinə görə, Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri də artıb, sürüşmə sahəsində aktivlik müşahidə olunur: “Bundan başqa, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun olub. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib. Xızı-Altıağac avtomobil yolunun 1-ci və 11-15-ci kilometrliklərində sürüşmə sahələrində aktivlik baş verib, avtomobil yolu boyu yeni uçqun-töküntü prosesləri müşahidə edilib”.
 
Ekspedisiya rəisi deyib ki, Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu km-liyində uçqun və sürüşmə sahələri aktivləşib, yolboyu bir neçə yerdə yeni sürüşmə, oturma prosesləri qeydə alınıb: “Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci kilometrliklərində atmosfer yağıntılarının təsirindən yolboyu yamacın bir neçə yerində yeni uçqun və sürüşmə sahələri əmələ gəlib. Lənkəranın Gəgiran kəndində də yeni sürüşmə və uçqun sahələri əmələ gəlib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunu 12-ci kilometrliyindəki sürüşmə sahəsində isə nisbi aktivlik müşahidə edilib, yolboyu avtomobil yolunun hərəkət hissəsində çökmə-oturma prosesləri çoxalıb”.
 
Ə. Qaralov qeyd edib ki, Masallıda Zuvand sürüşmə sahəsi aktivləşib, rayonun Güllütəpə sürüşmə sahəsinin parametrləri artıb: “Bundan əlavə, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25 və 4-26-cı kilometrliklərində müşahidələr zamanı sürüşmə və uçqun sahələrində aktivlik qeydə alınıb”.(APA)
 

Google+ WhatsApp ok.ru