Ayətullah Xamenei: İranın regiondakı proseslərdəki iştirakının ABŞ və Avropaya heç bir dəxli yoxdur!

Ayətullah Xamenei: İranın regiondakı proseslərdəki iştirakının ABŞ və Avropaya heç bir dəxli yoxdur!

-- Hər zaman ABŞ-dakı proseslərdə iştirak etmək istəsək, onda sizinlə müzakirə edərik.

Müsəlman qadın cəmiyyətdə təsiredici gücə malikdir, ailənin idarəedicisi və kişinin qayğıkeşidir.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, bu sözləri Ayətullah Seyid Əli Xamenei bu gün ismət və paklıq nümunəsi Fatimeyi-Zəhranın (s.ə) anadan olması münasibətilə Əhli-beyt (ə) şairləri və söz ustadları ilə görüşündə çıxışı zamanı deyib. 
 
Ayətullah Xamenei çıxışının əvvəlində xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibəti ilə bütün müsəlmanları təbrik edib və o həzrətin həyatından, əxlaq və təqvasından danışıb.
 
Ayətullah Xamenei bildirib ki, İslam məntiqinə əsasən, qadının kamil nümunə və modeli vardır:
 
“Müsəlman qadın mömin və iffətli məxluqdur. Ailənin, insan tərbiyəsinin ən önəmli idarəedicisi, kişinin qayğısına qalan, cəmiyyətdə təsiredici gücə və eyni zamanda elmə, mənəvi inkişafa malikdir. Bütün bu zəriflik və ürəyi yumşaqlıq kimi qadınlıq xüsusiyyətləri ilə yanaşı İlahi nuru əldə etmək üçün hazırdır. Bu, müsəlman qadının nümunəsidir.”
 
Ayətullah Xamenei deyib ki, bunun qarşısında tarixdə həmişə səhv bir nümunə olmuşdur. Bu gün o səhv nümunə qərb qadınıdır ki, müsəlman qadın üçün sadaladığımız bütün bu xüsusiyyətlərin yerini tutub. “Qərb qadını kişilərin diqqətini özünə cəlb edən və kişinin ləzzət almasını təmin edən qadındır. Buna görə qərb qadınının şəxsiyyəti çılpaqlıqdır. Görürsünüz ki, kişilər tədbirlərdə tamamilə örtünməlidir, qadın isə mümkün qədər çılpaq olmalıdır.
 
Ayətullah Xamenei deyib ki, qərblilərin gender bərabərliyi iddiası yalnız sözdədir. “Bu gün qərb qadını məhsulları reklam edir, bəzənmək və kişiləri ehtiraslandırmaq vasitəsidir. Artıq gender bərabərliyi kimi iddialarının hamısı yalnız sözdə və məsələnin zahiri tərəfindədir. Batini isə başqa bir şeydir. Yəqin eşitmisiniz ki, bir qrup məsul vəzifələrdə çalışan qərbli xanım neçə ay öncə bir-birinin ardınca elan etdilər ki, gənclik dövrlərində rəhbərlik tərəfindən sui-istifadəyə məruz qalıblar, həmdə onlara qarşı zorakılıq olub! Bunlar hələ qərbin qabaqcıl qadınlarıdır.”
 
Ayətullah Xamenei deyib ki, İslam dini qadın cinsinin bu kimi əyri yola sapmasının qarşısını "hicab" vasitəsilə alır. “Hicab qadın üçün toxunulmazlıq vasitəsidir, məhdudiyyət deyil. Bu gün qadının müstəqillik və mədəni kimliyi İranlı qadınların əlindədir. İranli qadınlar hicabı qorumaqla özlərinin müstəqilliyi və mədəni kimliyini  olduğu kimi elan edir və dünyaya ixrac edirlər. Yəni dünya təzə söz eşidir. Qadın ictimai meydanlarda aktiv iştirak edir və dərin təsirə malikdir. Bu gün ölkəmizin qadınlarının belə təsiredici qabiliyyətləri vardır. Eyni zamanda hicablı, iffətli və digərlərindən fərqlidirlər. Özlərini tamahkar kişilərin sui-istifadəsinə məruz qoymayıb, naməhrəm kişilərin ləzzət mənbəyinə çevrilərək özlərini təhqir etməyiblər. Bunlar bu günkü İranlı qadınların xüsusiyyətləridir. Bizim bu cür nümunə və modellərimiz vardır. Bu nümunəyə xanımlarımızın bəziləri həddən artıq çox yaxşı səviyyədə, bəziləri isə orta səviyyədə diqqət edirlər.”
 
Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının düşmənləri 40 ildir ki, davamlı olaraq İrana və sistemə qarşı çirkli planlar  hazırlayır və bu bizim fəxrimizdir. “Milyardlarla pul xərclənir və öz ətraflarında  düşüncə sahiblərini toplayırlar, düşünürlər, planlar cızırlar ki, sistemə zərbə endirsinlər və məhv etsinlər. Amma bu şəcəreye-təyyibə (pak ağac) 40 ildir ki, hər gün inkişaf edir və bu bizim qürurumuz və fəxrimizdir”.
 
Ayətullah Xamenei deyib ki,  heç bir xalq və ölkə əleyhinə bu qədər çirkli planlar cızılmayıb və eyni zamanda onlar heç bir qələt edə bilməyiblər. “Ötən bir neçə ay ərzində oturdular, düşündülər, proqram hazırladılar, zamanı da müəyyən etdilər: yanvar, fevral, mart....  Deyirdilər ki,  yanvarda, fevralda  və nəhayət ki, ilin sonuna kimi İslam Respublikasını məhv edəcəyik! Ac toyuq yuxuda darı görər."
 
Ayətullah Xamenei deyib ki, hamı İran xalqının yanvarda onlara necə cavab verdiyini gördü. Xalqın fevral ayındakı izdihamlı mitinqləri də onlara verilən cavablardan biri oldu. İran xalqı hər bir təcavüzkarı, torpağına əl uzadanı öz yerində oturtmağa hazırdır.
 
Ayətullah Xamenei qeyd edib ki, regiondakı proseslərdə iştirak etmək üçün ABŞ-la müzakirə  etmirik. Bura bizim regiondur. “ABŞ deyir ki, niyə İran  regiondakı proseslərdə iştirak edir? ABŞ özü hər yerdə fitnə və fəsad yaradır. ABŞ-ın fitnəkar və korrupsioner hökuməti deyir ki, regiondakı proseslərə qoşulmayın. Bura bizim regionumuzdur, sizdən icazə almalıyıqmı? Biz regiondakı proseslərlə bağlı region ölkələri ilə müzakirə etməliyik. Sizinlə niyə danışaq? Hər zaman ABŞ-dakı proseslərdə iştirak etmək istəsək, onda sizinlə müzakirə edərik. Avropa ölkələri də İrana deyirlər ki, sizinlə regiondakı proseslərlə bağlı danışmaq istəyirik. Sizə nə aidiyyatı var? Siz burda nə edirsiz? Bura bizim regiondur. Biz özümüz region xalqları və hökumətləri ilə danışırıq və qərarlaşırıq. Şükürlər olsun ki, indiyədək uğur qazanmışıq və yenə də uğurlar qazanacağıq".

 

Google+ WhatsApp ok.ru