Ayətullah Sistaninin Kərbəla nümayəndəsindən əhəmiyyətli açıqlamalar

Maide.az xəbər verir ki, Ayətullah Sistaninin Kərbəla nümayəndəsi və Kərbəlanın imam cüməsi Seyid Əhməd Safi Aşura mərasiminin sakitçiliklə keçirilməsində əməyi olan İraq təhlükəsizlik güclərinə təşəkkür edib və belə danışıb: "Allaha həmd olsun ki, tam bir təhlükəsizlik və sakitçiliklə Aşura günündə, bu böyük gündə möminlər Şəhidlər sərvəri İmam Hüseyn (ə) və silahdaşlarını ən gözəl şəkildə andılar. 
 
Bir çox bölgədə təhlükəsizlik güclərimizin əldə etdiyi müvəffəqiyyətlər onsuz da xalqımızın gözlədiyi bir şey idi. Çünki bu millətin saleh övladlarından bundan başqa bir şey gözlənilə bilməzdi. Ümidimiz bu müvəffəqiyyətlərin davam etməsi və İraq torpaqlarının bu çirkli ünsürlərdən təmizlənilməsidir. İŞİD-ə qarşı tam zəfərin təmin ediləcəyi gün çox yaxındır.
 
İraqın son illərdəki təcrübəsi, siyasi ixtilafların ölkəyə həmişə zərər verdiyini və ölkəni geri apardığını isbat etmişdir. İraq bir çox sahədə irəliləyiş əldə edə bilməyibsə, bunun səbəbi siyasi çəkişmələrdir. Hətta bu gün ölkəmizin başına bəla olan terror bu ixtilafların acı meyvəsidir. Siyasi ixtilaflar nəticəsində ortaya çıxan nüfuz boşluğu terrorun özünə yer tapmasıyla nəticələnmişdir. Bütün siyasi partiyalar İraqın təhlükəsizliyi və bütövlüyü üçün səy sərf etməli və keçmişdəki sonsuz çəkişmələri bir tərəfə qoyaraq, İraqın gələcəyinə istiqamət verməlidirlər. Çünki ixtilafın girdiyi yerdə təxribat vardır, terror vardır, qan vardır, gözyaşı vardır, milli sərvətlərin heç edilməsi vardır. Bu ixtilaflar İraqı qurbanlıq bir qoyun kimi terroristlərin yeminə çevirmişdir. Siyasətçilərdən bunu istəyir və gözləyirik: Keçmişdən dərs alın və eyni səhvləri təkrarlamaqdan çəkinin."

Google+ WhatsApp ok.ru