Ayətullah əl-Üzma Nuri Həmədaninin qarşılanma mərasimində nələr baş verib?

Maide.az xəbər verir ki, Ayətullah əl-Üzma Nuri Həmədaninin Gəncəyə səfəri zamanı baş verənlər barədə ilahiyyatçı Hacı Vüqar İsgəndərov Aypara.tv-yə açıqlama verib:
 
“Məlum olduğu kimi şiə aləminin böyük təqlid mərcelərindən biri, dünya müsəlmanları üzərində çox böyük nüfuza malik, əslən azəri olan Ayətullah əl-Üzma Nuri Həmədani Azərbaycana etdiyi səfər çərçivəsində, 2 sentyabr tarixində İmam Hüseyn (ə) şəhəri Gəncəyə təşrif buyurmuşdu. Şəhər əhalisi üçün məlum idi ki, qonaqlar əvvəlcə dahi Nizami Gəncəvini ziyarət edəcəklər və şam namazını Gəncənin came məscidi olan Şah Abbas məscidində qılacaqlar. İslam alimlərinə hər zaman xüsusi ehtiram etmiş Gəncə sakinləri artıq zöhr azanından etibarən məsciddə toplaşmağa və qonağı qarşılamaq üçün hazırlıqlara başlamışlardı. Şam azanına yaxın artıq yüzlərlə insan qonağı qarşılamaq üçün hazır idilər. Məscid xidmətçiləri əvvəlcədən böyük izdihamı qarşılamaq üçün bütün hazırlıqları görmüşlərdi. Məscidə girən hər kəs tək-tək yoxlanılırdı, əl yükü gətirmiş şəxslərin əl yükünə baxış keçirilirdi və s.
 
Qonağı qarşılamaq üçün cəm olmuş izdihamın zikrləri ucadan demələri şəhər rəhbərliyindən kiminsə xoşuna gəlməyib
 
Azana 15 dəqiqə qalmış məscidin yaxınlığında bir neçə avtomobil dayandı və içərisindən şəhər rəhbərliyi, məscid axundu və s din xadimləri enərək məscidə tərəf yaxınlaşmağa başladılar. Bunu görən möminlər (məscid dolmuşdu və məscidin həyətində də yüzlərlə insan cəm olmuşdu) peyğəmbər və ailəsinə salavat göndərir və müəyyən zikrlər səsləndirirdilər. Yeri gəlmişkən xatırladım ki, dünyanın hər yerində ali məqam sahibi olan İslam alimləri demək olar eyni zikrlərlə qarşılanırlar. Bu zikrləri demək tək Azərbaycana və ya Gəncəyə xas bir şey deyil. Qonağı qarşılamaq üçün cəm olmuş izdihamın zikrləri ucadan demələri şəhər rəhbərliyindən kiminsə xoşuna gəlməyib və kütləyə xitabən “ heç qonağı da belə qarşılayarlar?” deyib. Yaxında olan möminlərdən bir neçəsi İslam alimlərinin hər yerdə məhz belə qarşılandığını bildiriblər. Sosial şəbəkələrdə yayımlanan qısa videolar da həmin xatırlatdığım anın görüntüləridir ki, Ayətullah Nuri Həmədaninin avtomobilinin gəldiyini zənn edən izdiham ucadan zikrlər söyləyirlər. Çox keçmədən şəhərin axundu elan etdi ki, qonaq səhhətində yaranan narahatlıqlardan dolayı namaz üçün məscidə gələ bilməyəcək.
 
Hər halda düşünürəm ki, şəhər möminləri Gəncənin həqiqətən İmam Hüseyn (ə) şəhəri olduğunu, bu qədim diyarın Əhli-Beytə məhəbbətin mərkəz şəhərlərindən biri olduğunu və sonuncu İmamın naibləri hesab edilən İslam alimlərinə böyük ehtiramın hər zaman mövcud olduğunu nümayiş etdirdilər.
 
Bu gün Gəncə möminləri dünyaya çox böyük və önəmli mesajlar verdilər.
 
Ayətullah Nuri Həmədaninin camaatla görüşə bilməməsindən əsla ruh düşkünlüyü yaranmadı. Çox böyük bir tarix yazıldı. İnsanların qəlblərində fərəh, gözlərində dərin intizar və sevinc göz yaşlarının şahidi olduq. İslam tarixindən çox səhnələri xatırlatdı Gəncə.
 
Düşünürəm ki, əziz qonağımıza da onu gözləyən izdiham haqqında ətraflı, hətta görüntülü məlumatlar veriləcək.
 
Bu gün Gəncə möminləri dünyaya çox böyük və önəmli mesajlar verdilər. Onları belə sadalayardım:
 
1. İslamın böyük təqlid mərceləri dünyanın hər yerində insanlar üzərində kifayət qədər ciddi nüfuza malikdirlər və onlara çox dərin ehtiram və sevgi vardır.
 
2. Haqq cəbhəsi hesab edilən Əhli-Beyt məktəbi dünya xalqları arasında vəhdət yarada biləcək tək məktəbdir.
 
3. Gəncə hər zaman olduğu kimi İslama, Əhli-Beytə və peyğəmbər varisləri hesab edilən İslam alimlərinə sədaqətlidir. Həqiqətən Gəncə İmam Hüseyn (ə) şəhəridir.  Gəncəlilərin eşqləri və şövqləri hər zaman aşıb daşır.
 
4. Əli (ə) ilə başlayan və bu günə qədər davam edən vilayət xəttinə və əzəmətli din rəhbərlərinə itaət heç zaman aradan getməyib bu məmləkətdə.
 
5. Azərbaycanda dini dəyərlərimizə qənim kəsilmiş düşmənlərə bəyan oldu ki, İslami dəyərlər bu xalqın ayrılmaz parçasıdır.
 
Əlbəttə daha yaxşı olardı ki, cənab Nuri Həmədaninin də ismarıclarını dinləyə bilərdik. Qətiyyən məyus olmadıq. O böyük alimin istirahəti və səhhətinin yaxşılığı möminlər üçün daha önəmlidir. Azərbaycan möminlərinə çatdırmaq istədiyi ismarıcları isə KİV və sosial şəbəkələr vasitəsilə çox yaxından izləyirik.
 
Bir daha xatırladım ki, Azərbaycanda bir tarix yazıldı və Gəncə üzü ağ şəkildə bu tarixin bir parçasına çevrildi. Şəhərimizin mömin və möminələrini göstərmiş olduqları səbr, etika, dözümlülük üçün təbrik edirəm.”

Google+ WhatsApp ok.ru