Ayətullah Xamenei Fransada baş vermiş terror hadisələrinin ardınca Qərb gənclərinə məktub ünvanlayıb

 
Ayətullah Xamenei Fransada baş vermiş terror hadisələrinin ardınca Qərb gənclərinə məktub ünvanlayıb.
 
Maide.az xəbər verir ki, Məktubda deyilir:
 
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
 
Sözüm Qərb ölkələrində yaşayan bütün gənclərədir.
 
Kor terrorun Fransada törətdiyi acı olaylar məni siz gənclərə bir daha müraciət etməyə sövq etdi. Bu cür olayların müzakirə mövzusu olması mənim üçün son dərəcə təəssüfləndiricidir, amma reallıq budur ki, faciəvi hadisələr həmfikirlik, birgə çıxış yollarının düşünülməsi üçün zəmin yaratmazsa, gələcəkdə üzləşəcəyimiz xəsarət ikiqat ola bilər. Dünyanın istənilən yerində istənilən insanın çəkdiyi əziyyət özü-özlüyündə onunla eyni növdən olanlar – bəşər övladları üçün kədərvericidir. Əzizlərinin gözü önündə can verən körpənin, ailəsinin sevinci matəmə çevrilmiş ananın, həyat yoldaşının cansız cəsədini tələsik bir kənara çəkən ərin, yaxud bir neçə dəqiqədən sonra öz həyat tamaşasının son səhnələrinə baxacağından xəbərsiz olan tamaşaçının görüntüsü insanın hiss və emosiyalarına təsir göstərməyəcək mənzərələr deyil. İnsanlıq və sevgidən nəsibini almış hər kəs bu səhnələri görərkən təsirlənərək kədərə boğulur; istər bütün bunlar Fransada baş versin, istərsə də Fələstində, İraqda, Livanda və ya Suriyada. Sözsüz ki, milyard yarım müsəlman bu hissləri keçirir və bu faciəni törədənlərə, onun səbəbkarlarına qınaq və nifrətlə yanaşır. Amma məsələ bundadır ki, əgər bu gün yaşanan faciələr daha yaxşı və təhlükəsiz sabahların qurulması üçün zəmin yaratmazsa, yalnız acı və faydasız xatirəyə çevriləcək. Mən inanıram ki, yalnız siz gənclər bu gün yaşanan xoşagəlməz olaylardan dərs götürməklə gələcəyi qurmağın yeni yollarını tapa biləcək, Qərbi bugünkü nöqtəyə gətirib çıxarmış dolanbac yolların qarşısına sədd çəkəcəksiniz.
 
 
Doğrudur, bu gün terror sizin və bizim ortaq dərdimizdir, amma bilməlisiniz ki, son olayda yaşadığınız iztirab və asayiş pozuntusunun İraq, Yəmən, Suriya və Əfqanıstan xalqlarının uzun illərdir ki, mütəmadi olaraq çəkdiyi əziyyətdən iki əsas fərqi var: birincisi, İslam dünyası dəfələrlə geniş miqyasda, daha acınacaqlı bir formada və daha uzun müddət ərzində aqressiya və terrorun qurbanı olmuşdur, ikincisi isə, təəssüflər olsun ki, bu zorakılıq dünyanın bəzi böyük dövlətləri tərəfindən cürbəcür metodlarla və çox effektiv surətdə dəstəklənmişdir. Bu gün “Əl-qaidə”, “Taliban” və onların məşum ardıcıllarının yaradılmasında, gücləndirilməsində və silahlandırılmasında ABŞ-ın rolu olduğundan xəbərsiz olan çox az adam tapılar. Bu birbaşa havadarlıqdan əlavə, təkfirçi terrorizmin açıq və bəlli himayəçiləri ən geridəqalmış siyasi quruluş modelinə malik olduqlarına baxmayaraq, həmişə Qərbin müttəfiqləri sırasında yer alır, halbuki regiondakı canlı xalq hakimiyyətlərinin ortaya çıxardığı ən mütərəqqi və aydın beyinlər rəhimsizcəsinə əzilərək təzyiqlərə məruz qalır. Qərbin İslam dünyasındakı oyanışa ikili standartlardan yanaşması Qərb siyasətindəki təzadlara nümunədir.
 
Bu təzadın digər bir nümunəsini İsrailin həyata keçirdiyi dövlət terrorunun dəstəklənməsində görmək olar. Məzlum Fələstin xalqı 60 ildən çoxdur ki, terrorun ən pis formasına məruz qalır. Bu gün Avropa əhalisi bir neçə günlük evindən çölə çıxmamağa, sıxlıq olan ictimai yerlərə getməkdən çəkinməyə məcbur olursa, bir fələstinli ailəsi artıq 10 ildir ki, hətta öz evində belə özünü öldürücü və dağıdıcı İsrail maşınından təhlükəsizlikdə hiss etmir. Bu gün aqressivlik dərəcəsi baxımından hansı terroru İsrailin işğal edilmiş Fələstin torpaqlarında yeni yaşayış qəsəbələri salması ilə müqayisə etmək olar? Heç vaxt öz nüfuzlu müttəfiqlərinin, yaxud ən azından üzdə müstəqil görünən beynəlxalq qurumların ciddi və təsirli qınağı ilə üzləşməmiş bu rejim hər gün fələstinlilərin evlərini viran qoyur, bağ və tarlalarını məhv edir, hətta vacib əşyalarını çıxarmağa, yaxud məhsulunu toplamağa macal vermir. Və bütün bunlar əksər hallarda öz ailə üzvlərinin vurulmasını və yaralanmasını, bəzən isə dəhşətli işgəncələrə məruz qalacaqları həbsxanalara aparılmasını müşahidə edən qadın və uşaqların qorxu və vəhşət dolu, yaşlı gözləri qarşısında baş verir. Müasir dünyada bu miqyasda və səviyyədə, belə uzun müddət davam edən bir terror tanıyırsınızmı? Günahı yalnız təpədən dırnağa qədər silahlanmış əsgərə etiraz etmək olan bir qadını küçənin ortasında atəşə tutmaq terror deyilsə, bəs nədir?/
 
 

Google+ WhatsApp ok.ru