Ayətullah Xamenei: Ölkədə  möhkəm təhlükəsizlik qalxanı qurulub- YENİLƏNİB

Ayətullah Xamenei: Ölkədə möhkəm təhlükəsizlik qalxanı qurulub- YENİLƏNİB

(İlk xəbər bu gün saat  16:32-də dərc olunub) 
 
Xəbər verdiyimiz kimi  bu gün İran prezidenti və Nazirlər Kabinetinin üzvləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, görüş "Dövlət Həftəsi" münasibəti ilə baş tutub. Görüşdə Ayətullah Xamenei hökumət işçilərini “Dövlət Həftəsi” münasibəti ilə təbrik edib və çəkdikləri zəhmətlərə görə onlara təşəkkür edib. 
 
Ayətullah Xamenei çıxışında ölkənin əsas proritet məsələlərini  və qarşıdan gələn bir il ərzində “müqavimət iqtisadiyyatı”, “xarici siyasət”, “elm və texnologiya”, “təhlükəsizlik”, “mədəniyyət”,  “altıncı inkişaf proqramı” və “sosial media” sahələrində hökumətin yol xəritəsini açıqlayıb. 
 
Ayətullah Xamenei şəhid Bahünər və şəhid Rəcayinin xatirəsini yad edib və bildirib ki, bu iki böyük şəxsiyyət “ixlas nümunəsi, xalqabağlı və çox çalışqan” idilər. “Təəssüflər olsun ki, bəziləri minlərlə insanı, bir çox tanınmış şəxsiyyət və məsul şəxsləri şəhid etmiş cinayətkarları məzlum kimi göstərməyə çalışır. İmam Xomeynin (rəh.) o nurani simasını təxrib etmək istəyirlər. Bu xəbis və qərəzli əllər heç vaxt istədiklərinə çata bilməyəcəklər və keçmişdə olduğu kimi nakam qalacaqlar”.
 
Ayətullah Xamenei hökumətin ötən üç ildə çoxlu zəhmət çəkdiyini və çətinliklərlə üzləşdiyini bildirib və 11-ci hökumətə qarşıda olan 1 il ərzində proqramla və tam ciddiyyətlə səmərəli istifadə etməyi tövsiyə edib.
 
Ali Rəhbər hökumətə qarşıdan gələn seçkilərdə qalmaqallardan çəkinməyi məsləhət görüb. “Hökumət  başını seçki məsələlərinə qatmamalıdır. Sona kimi iş üçün, problemlərin həlli üçün proqramlar hazırlamalı və çalışmalıdır.  İş başında olan hökumət üçün ən yaxşı təbliğat həmin hökumətin əməldə gördüyü işlərdir”.
 
Ayətullah Xamenei ölkənin birinci problemini iqtisadi məsələlər olduğunu vurğulayıb. “Bu gün iqtisadi problemlər ölkənin əsas məsələsidir ki, bu problemlər həll olunmalıdır. Onun həlli yolu müqavimət iqtisadiyyatı layihəsinin dəqiq və düzgün icrasından asılıdır. Müqavimət iqtisadiyyatı siyasətlərinə uyğun olmayan iqtisadi proqram və layihələrin icrası və davam etdirilməsinin qarşısı alınmalıdır. Müqavimət iqtisadiyyatının icra olunmasına lazım olan önəmli məsələlərdən biri “dialoq” yaratmaqdır. Müqavimət iqtisadiyyatının siyasətləri düzgün bəyan edilməli və onun təsiri üçün məsul şəxslər şərait yaratmalıdır”.
 
Ayətullah Xamenei son illər ölkənin elmi sahədə, xüsusi ilə də kosmos, nüvə, nano texnologiyası və biotexnologiya sahəsindəki uğurlarını ötən 12 ildə elmi dairələrdə dialoq atmosferası yaradılması nəticəsində əldə olunduğunu bildirib. “Müqavimət iqtisadiyyatı məsələsində də cəmiyyətdə bu cür dialoq yaradılmalıdır. Əyalətlərə qərar qəbuletmə hüququnun verilməsi, bank kreditləri və maliyyə vəsaitlərinin istehsala yönəldilməsi, ixracatçılara güzəştlərin edilməsi, əkinçilərə kənd təsərrüfatı məhsullarının pulunun vaxtında ödənilməsi, emal sənayesi və kəndlərə daha çox diqqət edilməsi, müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün mümkün və atılacaq əsaslı addımlar ola bilər. Müqavimət iqtisadiyyatının siyasətlərinin icrasına istehsalçılar və iş sahibləri üçün uzun-uzadı qaydaların olması və bürokratiya kimi amillər maneə yaradan amillərdəndir”.
 
Ayətullah Xamenei yerli “Daneş-Bonyan” (elmi araşdırma mərkəzli şirkətlər) şirkətlərinin dəstəklənməsinin zəruriliyini vurğulayıb. “Ölkə daxilində Daneş-Bonyan şirkətləri tərəfindən icra oluna biləcək layihələr əcnəbi şirkətlərə verilməməlidir”.
 
Ayətullah Xamenei prezident Ruhani hökumətinin proritet məsələlərindən birinin  xarici siyasət olduğuna toxunaraq bildirib: “Mən bu məsələ ilə razıyam və həmişə diplomatiyanın tərəfdarı olmuşam, amma dünyada mütənasib və balanslı diplomatiya yürüdülməlidir. Asiya, Afrika və Latın Amerikası ölkənin xarici siyasətində özünün mütənasib payına sahib olmalıdır”.
 
Ayətullah Xamenei xarici siyasətdə fəal mövqe bildirmənin zəruriliyini bildirib və deyib: “Bəzi məsələlərdə, xüsusi ilə də çox qarışıq olan regionumuzda baş verən məsələlərdə meydana diqqətli, ayıq, düşünmə gücü, fəal və təsiredici rolla girmək lazımdır. Diplomatiya potensialından iqtisadi inkişaf üçün istifadə etmək lazımdır. Diplomatiyada zahiri hərəkətlərə etimad etmək olmaz. Diplomatiyada etimad ediləcək yeganə şey sabit, imzalanmış, müəyyən və arqumentə söykənən işdir”. 
 
Ayətullah Xamenei bildirib ki, amerikalıların nüvə məsələsi ilə bağlı imzalanmış "Hərtərəfli Fəaliyyət Planı"nın icrasında öhdəliyini yerinə yetirməməsindən təcrübə götürmək lazımdır. “Bu təcrübə bizə öyrətdi ki, ABŞ-dakı hökumətlərin verdiyi vədələrin heç birinə etimad etmək olmaz və onların vədələri qarşısında hansısa ciddi addım atmaq olmaz. "Hərtərəfli Fəaliyyət Planı" məsələsində mənim tənqidim qarşı tərəfədir, öz müzakirə edənlərimizə deyil. Ona görə ki, bizim müzakirə edənlər gücləri çatdığı qədər gecə-gündüz çalışdılar və biz bu zəhmətlərə görə təşəkkür  edirik”.
 
Ayətullah Xamenei son illər ölkənin elmi inkişaf tempinin azalmasını tənqid edib və bildirib: “Ölkə inkişaf etmək üçün elm və texnologiyaya sahib olmalıdır. Ötən illər bu sahədə yaxşı nailiyyətlər əldə olunub. Dünyada elmi inkişaf tempi sürətlidir, lakin bizim ölkədə elmin inkişaf tempi zəifdir. Dünyadakı elmi inkişafdan geri qalmamaq üçün ölkənin elmi inkişaf tempini sürətləndirmək lazımdır. Universitetlərdə təhqiqatlar üçün büdcə artırılmalıdır, büdcə vaxtında ödənilməlidir və universitetlər ilə sənaye müəssisələri arasında əlaqələr qurulmalıdır”.
 
Ayətullah Xamenei çıxışının davamında təhlükəsizlik məsələsinə də toxunub. “Allahın lütfü və polis və təhlükəsizlik qüvvələrinin zəhməti və çalışması nəticəsində hazırda bölgədə sabitsizlik hökmə sürsə də, ölkədə möhkəm təhlükəsizlik qalxanı qurulub. Ölkənin möhkəm  təhlükəsizlik qalxanının əsas elementlərindən biri xalqın dini və inqilabçı ruhiyyəsinin olmasıdır. Bu milli müdafiə qalxanına heç bir ziyan dəyməməlidir. Ölkənin möhkəm təhlükəsizlik qalxanının digər bir elementi də polis və təhlükəsizlik təşkilatlarıdır. Bu təşkilatlara həmişə yardım edilməli və onlar təşviq olunmalıdır. Təhlükəsizlik qalxanının diigər bir elementi isə ölkənin müdafiə texnologiya və təchizatıdır. Düşmən ölkənin müdafiə və raket gücünün artmasından narahatdır. Deməli müdafiə gücünün artmasına yardım etməli və onu dəstəkləmək lazımdır”.
 
Ayətullah Xamenei hökumət işçilərinə mədəniyyət sahəsindəki öhdəliklərindən də danışıb. “Mədəniyyət, ədəbiyyat, incəsənət, yaşayış tərzi, ictimai əxlaq və rəftarı əhatə edir. Mədəniyyət sahəsində çalışan qurumlar bu sahələrin hamısında məsuliyyət daşıyır və öhdəliklərini yerinə yetirməlidirlər. Mən mədəniyyət sahəsində doqmatizm, təzyiq və represiyanın tərəfdarı deyiləm. Bəlkə mədəniyyət  sahəsində azad düşüncənin olmasınə inanıram, lakin azad düşüncə laqeydlik və düşmənə ziyan vurmaq üçün icazə vermək anlamında deyil. Ölkədə faydalı və yaxşı işlərin çoxu mömin və inqilabçı gənclər vasitəsi ilə görülüb. Nə üçün teatr və ya hər hansı film istehsal olmalıdır ki, bu gəncin imanını kökündən məhv etsin?”
 
Ayətullah Xamenei mədəniyyət sahəsində çalışan qurumların həm “hücum” və həmdə “müdafiə” sahəsində zəif olduğunu vurğulayıb və deyib: "Mədəniyyət sahəsində azad düşüncə ruhiyəsi ədalətli proqramla birgə olmalıdır. Mədəniyyət sahəsindəki hücumların qarşısını yaxşı cücərmələrə yardım etməklə almaq lazımdır”.
 
Ali Rəhbər əlavə edib ki, virtual aləm inkişafda olan, çox geniş və dayanmayacaq bir dünyadır. Belə ki, böyük fürsətləri, eyni zamanda təhdidləri də ola bilər.
 
Ayətullah Xamenei çıxışının sonunda şişirdilmiş aylıq maaşlar məsələsinə də toxunub və bildirib: "Bu məsələnin üzərindən asanlıqla keçmək olmaz. Bu məsələdə xalqın inamına böyük zərbə dəyib. Ona görə ki, ali təhsilli gənclər və xalq öz aldıqları maaşla  bu ədalətsiz  maaşları müqayisə edir və bu sualı soruşur ki, hansı  meyar və imtiyaza görə bu qədər maaş ödənilib?”
 
Ayətullah Xamenei şişirdilmiş maaşlarla məsələsində bütün qurumlar və təşkilatların ciddi mübarizə aparmasının zəruriliyini vurğulayıb. 

Google+ WhatsApp ok.ru