Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 3

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 3

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
3-cü hissə
 
 

فَأَبْدَلَهُمُ الْعِزَّ مَكَانَ الذُّلِّ

“Onlara o bədbəxtliklər, çətinliklər və köləliklərin əvəzində izzət, hörmət və ucalıq verildi.”

وَ الْأَمْنَ مَكَانَ الْخَوْفِ

“O qorxu-hürkülər, qaçıb gizlənmələr, həyəcan və iztirablar əmin-amanlıqla əvəz edildi.”

Beləcə, onlar ucaldılar, hörmətə layiq görüldülər, dünyaya sahib oldular, hakimiyyət onların ixtiyarına keçdi, asayiş əldə etdilər. Firon və zalımların zülmü qorxusundan bu diyardan o diyara üz tutanlar və bir (haqq) söz demək istədikdə, həyəcan keçirənlər əmin-amanlıq və asayişə nail oldular.

فَصَارُوا مُلُوكاً حُكَّاماً

Səbir və müqavimət nəticəsində cəmiyyətə rəhbərlik onların əlinə keçdi. “Onlar hakim və padşah oldular.”

وَ أَئِمَّةً أَعْلَاماً

“Bəşəriyyətin əmr verən rəhbərləri, yolgöstərən öndərləri oldular.”

وَ قَدْ بَلَغَتِ الْكَرَامَةُ مِنَ اللَّهِ لَهُمْ مَا لَمْ تَذْهَبِ الْآمَالُ إِلَيْهِ بِهِمْ

“Onlara Allah tərəfindən arzusunda olduqlarından da çox izzət, hörmət, şərəf, kəramət və böyüklük bağışlanıldı.”

Zehinlərindən belə keçirmədikləri uca məqam və kəramətə, izzət və şərafətə yetişdilər.

فَانْظُرُوا كَيْفَ كَانُوا حَيْثُ كَانَتِ الْأَمْلَاءُ مُجْتَمِعَةً

“Beləliklə, baxın, görün, onların cəmiyyətləri, dəstələri və orduları bir yerə toplaşdıqda, necə olurdular?”

وَ الْأَهْوَاءُ مُؤْتَلِفَةً

“İstəkləri bir idi.”

وَ الْقُلُوبُ مُعْتَدِلَةً

“Qəlbləri bir yolda idi.”

وَ الْأَيْدِي مُتَرَادِفَةً

“Bir-birinə yardım edirdilər.”

وَ السُّيُوفُ مُتَنَاصِرَةً

“Qılıncları bir-birinə kömək edirdi. Hamılıqla bir-birinə yardım edirdilər.

وَ الْبَصَائِرُ نَافِذَةً

Bəh-bəh! Fəda olum bu dilə! “Bəsirət gözləri iti idi.”

Agah, şüurlu və müdrik idilər, başa düşürdülər.

وَ الْعَزَائِمُ وَاحِدَةً

“Qərarları bir idi.”

Aralarında ixtilaf və pərakəndəlik olmazdı. Bu səbəbdən də, onların əlləri bir, qəlbləri bir, istəkləri bir, qılıncları bir, gücləri bir idi; bəsirətli, uzaqgörən, ayıq, dərrakəli, zəkalı və hər cəhətdən birgə idilər. Belə bir şəraitə sahib olduqda və bu dərəcəyə çatdıqda (yer üzünün sahibi oldular):

أَلَمْ يَكُونُوا أَرْبَاباً فِي أَقْطَارِ الْأَرَضِينَ

“Məgər, yer üzünün sərvərləri və böyükləri olmadılarmı?!”

وَ مُلُوكاً عَلَى رِقَابِ الْعَالَمِينَ

“Məgər, bütünlüklə bəşər cəmiyyətinin rəhbərləri olmadılarmı?!”

Bəli, oldular!

Təfriqə – Ümmətlərin izzət və kəramətini aradan qaldıran amil

فَانْظُرُوا إِلَى مَا صَارُوا إِلَيْهِ فِي آخِرِ أُمُورِهِمْ

Onların ağalıq etmələrini gördünüz. Bu ağalığın səbəbləri ilə tanış oldunuz. İndi onların bədbəxtlikləri, geriləmələri və irticaçılığına bir nəzər salın. Ağalıq və hökmranlığa çatan bu zümrə (və yaxud digər zümrələr) yenidən bədbəxtlik, tənəzzül və zillət günlərinə qayıtdılar. Nə üçün?

فَانْظُرُوا إِلَى مَا صَارُوا إِلَيْهِ فِي آخِرِ أُمُورِهِمْ

“Onların işlərinin sonunda geriyə dönmələrinin səbəblərinə nəzər yetirin.”

حِينَ وَقَعَتِ الْفُرْقَةُ

“Belə ki, aralarında təfriqə yarandı.”

Necə də təəssüfləndirici bir haldır! Cinayətkar və muzdur əllər uzun illər boyu müsəlmanlar arasında ixtilaf salmaq üçün nə qədər çalışmışlar?! ...və sonda bunu bacardılar, təfriqə saldılar, öz istəklərinə çatdılar və müsəlman xalqlarını nakam qoydular.

وَ تَشَتَّتَتِ الْأُلْفَةُ

“Ülfət və mehribançılıqları aradan qlaxdı.”

وَ اخْتَلَفَتِ الْكَلِمَةُ وَ الْأَفْئِدَةُ

“Dilləri (dedikləri) ilə qəlbləri arasında fərq yarandı.”

وَ تَشَعَّبُوا مُخْتَلِفِينَ

“İxtilafa düşüb dəstə-dəstə oldular.”

وَ تَفَرَّقُوا مُتَحَارِبِينَ

“Bir-birindən ayrılıb qruplara bölündülər.”

قَدْ خَلَعَ اللَّهُ عَنْهُمْ لِبَاسَ كَرَامَتِهِ

“Bu zaman Allah izzət və kəramət libasını onların əyinlərindən çıxartdı.”

Həm izzət və şərəf libasını, həm də

وَ سَلَبَهُمْ غَضَارَةَ نِعْمَتِهِ

“nemət bolluğunu, rifah və rahatlıqlarını onlardan aldı.”

And olsun Allaha! Bu bəyan 14 əsr öncəyə aiddir. Alim və filosoflar arasında bir neçə il olar ki, tarixi hadisələrin təfsir və təhlili ənənəyə çevrilmişdir. Bəşər sivilizasiyasında tarixi faktların təhlili uzaq keçmişə sahib deyildir. Amma Əmirəlmöminin Əli (ə) 14 əsr qabaq tarixi təhlil edir, bəşər tarixində baş vermiş hadisələrin səbəblərini, irəliləmə və geriləmə amillərini bəyan edir. Bu, Həzrət Əlinin (ə) möcüzəsidir. Bu möcüzə o Həzrətin Xeybər qalasında Xeybərin Mərhəbini öldürməsi ilə özünüzə təsəlli verdiyiniz möcüzədən qat-qat üstündür. Bu möcüzədir; xas insanların möcüzəsidir. Mənim nəzərimcə, günümüzdə çaşqınlıqda qalan nəsillər üçün sözləri ilahi elçilərin sözləri tək qəbul edilən dünya Hegelləri[1] və filosofları Əmirəlmöminin Əlinin (ə) bu kəlamlarını görüb anlasaydılar, sözsüz, bu şəxsiyyətin şagirdləri və ardıcılları sırasına qoşulardılar.

وَ بَقِيَ قَصَصُ أَخْبَارِهِمْ فِيكُمْ عِبْرَةً لِلْمُعْتَبِرِينَ

Onlar zəiflik göstərdikləri, aralarında ixtilaf yaratdıqları və ayrılıq saldıqları üçün dağıldılar, məhv oldular. Lakin xəbərləri, əhvalatları, nişanələri hələ də qalmaqdadır. Nə üçün qalır? Əylənmək və baş qatmaq üçünmü? Xeyr! İbrət götürənlərin ibrət götürməsi üçün.

Qeyd etdiklərimiz “Qasiə” xütbəsindən bir hissə idi. Əmirəlmöminin Əli (ə) yeni söz deyir, aydın, şəffaf və başa düşülən tərzdə danışır.

Çalışın, Əmirəlmöminin Əlinin (ə) “Nəhcül-bəlağə”si ilə müəyyən qədər tanış olun. Əgər ömrümüz və fürsətimiz qalarsa, yenə gələn Bazar ertəsi axşamı Həzrətin kəlamlarından bir hissəni tərcümə edərik!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əmirəlmömininin (ə) hikmətamiz sözləri ilə tanış et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əmirəlmömininin (ə) şiələri, tərəfdarları, ardıcılları və layiqli şagirdlərindən et!

İlahi! Səni Muhəmməd və ali-Məhəmmədə and veririk, Quranı və “Nəhcül-bəlağə”ni bizim aramızda dirçəlt!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, İslamın böyük nişanələrini bizim üçün ibrətli nişanələr, öyüd-nəsihət və ibrəatmiz dərslər et!

 

2

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) BESƏTİNİN TÖHFƏSİ VƏ MÜSƏLMANLARIN GƏLƏCƏYİ HAQDA PROQNOZLAR

Bağışlayan və mehriban Allahın adı ilə!

فَبَعَثَ اللَّهُ مُحَمَّداً (صلى‏ الله ‏عليه‏ و آله) بِالْحَقِّ لِيُخْرِجَ عِبَادَهُ مِنْ عِبَادَةِ الْأَوْثَانِ إِلَى عِبَادَتِهِ وَ مِنْ طَاعَةِ الشَّيْطَانِ إِلَى طَاعَتِهِ بِقُرْآنٍ قَدْ بَيَّنَهُ وَ أَحْكَمَهُ لِيَعْلَمَ الْعِبَادُ رَبَّهُمْ إِذْ جَهِلُوهُ وَ لِيُقِرُّوا بِهِ بَعْدَ إِذْ جَحَدُوهُ وَ لِيُثْبِتُوهُ بَعْدَ إِذْ أَنْكَرُوهُ فَتَجَلَّى لَهُمْ سُبْحَانَهُ فِي كِتَابِهِ مِنْ غَيْرِ أَنْ يَكُونُوا رَأَوْهُ بِمَا أَرَاهُمْ مِنْ قُدْرَتِهِ وَ خَوَّفَهُمْ مِنْ سَطْوَتِهِ وَ كَيْفَ مَحَقَ مَنْ مَحَقَ بِالْمَثُلَاتِ وَ احْتَصَدَ مَنِ احْتَصَدَ بِالنَّقِمَاتِ

“Nəhcül-bəlağə” ilə ünsiyyətə dəvət

Bu, müttəqilərin mövlası Əmirəlmöminin Əlinin (ə) kəlamlarından biridir. Əgər o Həzrətin şiələri “Nəhcül-bəlağə”nin bu mətnindən geniş təfsir və şərhə ehtiyac duymadan xəbərdar olsaydılar, “İslam ümməti”, və o Həzrətin “şiələri və ardıcılları” adı ilə məşhur olan zümrə həddən artıq bəhrələnərdi. Əmirəlmömininə (ə) bağlı olan və bu adı daşıyanlar “Nəhcül-bəlağə”nin həm zahiri (mətni), həm də məna və təfsirini dərk etsəydilər, ikinci, üçüncü və... onuncudərəcəli məsələləri bildikləri kimi, “Nəhcül-bəlağə”ni də bilsəydilər, bu şiə ümməti (hər biri ayrı-ayrılıqda) “İslam alimi” adını qazanar və hətta dünya onlardan faydalanardı. Çünki bəşəriyyət həmişə mütərəqqi ümmət, ayıq millət və qabaqcıl cəmiyyətdən çoxlu bəhrələnmişdir.

Bu xütbənin mündəricatı

Burada məqsədimiz bu ali, gözəl, yaradıcı, ibrətamiz, agahlıq bəxş edən xütbələri tədricən, çox şərh və izaha yer vermədən tərcümə və məna etməkdir. Əlbəttə, bu hissə xütbənin əvvəlindən sonuna qədərki hissə deyil. Xütbə elə bir cümlə ilə başlayır ki, onun başlanğıc olmadığı tamamilə aydındır. Şübhəsiz, ondan öncə cümlələr də qeyd edilmişdir. Amma Mərhum Seyid Rəzinin (r.ə) seçimi belə olub. “Nəhcül-bəlağə” kitablarında yazılan mətn elə bu qədərdir və ondan öncə bizim xəbərsiz olduğumuz giriş sözlər də olub. Bu verilən mətndə əvvəlcə İslam Peyğəmbərinin (s) besətindən (peyğəmbərliyə seçilməsindən) söz açılır. Görəsən, İslam Peyğəmbərinin (s) insanlara gətirdiyi ərməğan və mesajlar nə olub? Peyğəmbərin (s) besət və göndərilməsində məqsəd nə idi? Peyğəmbərin (s) dəvət vasitəsi nə olub? İslamın dəvət vasitəsi və səmavi kitab olan Qurana müraciətin faydası nədir? Mətndə bu dörd mətləbdən danışılır!

Növbəti cümlələrdən beşinci mətləb – İslam ümmətinin vəziyyəti və həyat tərzinin Allah-Taalanın iradə etdiyi vəziyyətlə uzlaşmamasının ən böyük bədbəxtlik olması da əldə olunur. Allah-Taala insanı bir hədəf və bir qayə üçün yaratmışdır. Dünyada var olan bu qədər nemətlər, insana, Adəm övladına həvalə edilən bu qədər qüvvələr, ardıcıl və hər biri müəyyən mesajlarla göndərilən, sıxıntı və çətinliklər içində dünya ilə vidalaşan peyğəmbərlər, dünyada bu qədər zənginlik və dəbdəbəli şəraitə sahib insanlar bir məqsəd, bir qayə və bir amal üçün yaranmışlar. Peyğəmbərlər gəlmişlər ki, bu kal meyvəni (insanı) yetişdirsin, bu xam maddəni bişirsinlər. Əgər sonuncu haqq Peyğəmbərin (s) gəlişindən 1400 il keçməsinə baxmayaraq, 10-20 əsr bundan öncə cahillik ənənələri içərisində çapalayan insanlar kimi, biz də keçmişdəki həmin cahillik içərisində çapalıyır və bu vəziyyəti duyuruqsa, onda ən böyük bədbəxtlikləri gözlərimiz önündə canlandırmalıyıq. Başa düşməliyik ki, bədbəxt və biçarəyik. Başa düşməliyik ki, əlimiz boş, üzümüz və bəxtimiz qaradır. Əgər bunu başa düşmürüksə, deməli, nadanıq. Ən böyük bədbəxtlik də elə budur! Özümüzə nəzər yetirmək, yaradılış məqsədi və qayəsindən, Allahın peyğəmbər və kitabları göndərməkdəki hədəfindən nə qədər uzaq düşdüyümüzü anlamaq üçün gözlərimizdən tozlu eynəyi götürməliyik. Əgər İslam ümməti bu bədbəxtliyi görərək onun öz ətrafında dolandığını anlayarsa və gözünü açıb özünü bataqlıqlarda görərsə, yenə Qurana – İslam Peyğəmbərinin (s) İslamın ilkin çağlarında bəşəriyyəti səadətə yetirdiyi vasitəyə müraciət etməli və üz tutmalıdır. Xütbənin uzun cümlələrindən istifadə etdiyimiz son mətləb budur!

Maraqlı xütbədir! Əlbəttə, bu xütbədə gələcəklə bağlı proqnozlar da vardır. Allahın bu seçilmiş bəndəsi, böyük vəlisi (Əmirəlmöminin Əli (ə)) İslam ümmətinin gələcəyi haqda məlumat verir və görəsən, bu gələcək haçandır və haçana qədərdir? Bu gələcək Əmirəlmöminin Əlidən (ə) sonra başlayıb haqq dövləti və dünyamiqyaslı İslam hakimiyyətinin qurulacağı günə qədərki bir dövrü əhatə edir. Bu gələcək yalnız Müaviyənin, Yezidin və Mərvanın zamanına aid deyil, əksinə bütün zamanlara şamildir. İndi isə xütbəni kəlmə-kəlmə tərcümə edirəm, siz də qulaq asın:

Peyğəmbərin (s) insan fitrətinə uyğun dəvəti

فَبَعَثَ اللَّهُ مُحَمَّداً (صلى‏ الله ‏عليه‏ و آله) بِالْحَقِّ

Allah Muhəmmədi (s) haqq olaraq, haqq vasitəsilə və haqq üçün göndərdi və yaxud haqqı onun əli ilə göndərdi. Peyğəmbərin (s) dəvəti haqq dəvətdir. Haqq dəvət nə deməkdir? Bu sözümü unutmayın! İnsanların, yaradılış aləminin fitrətinə uyğun məktəbə dəvət edilməsi “haqq dəvət” adlanır. Haqq budur! İnsan fitrəti ilə uzlaşmayan, ona uyğun gəlməyən və yardımçı olmayan hər bir quruluş, hər bir ideologiya, hər bir fəlsəfə, hər bir nizamnamə batildir və batil məhvə məhkumdur. İnsanın fitrəti, ehtiyacları, onun və dünyanın strukturunun tərkib xüsusiyyəti ilə bərabər olan, onunla uzalaşan hər bir dəvət və məktəb haqdır. Haqq budur! Belə bir haqq dünyada həmişə yaşayacaq. Çünki insan və dünyanın fitrətinə əsaslanır. Odur ki, həmişəyaşardır. Təbii aləmə hakim qanuna əsasən, həmişə yuxarıdan aşağı hərəkətdə olan bir arxa tökdüyünüz su həmişə orada cari olacaq. Amma üzüyuxarı istiqamətdə axan arxa tökdüyünüz suyu itələsəniz belə, azca cari olsa da, dayanıb geri qayıdacaq. İnsan fitrəti və dünyanın strukturunun əksinə olan, yəni haqqa, dinə, aləmlərin Rəbbinin məktəbinə, ilahi fəlsəfəyə əks olan hər bir şey yaşamaq və davamlı olmaq qabiliyyətinə malik deyildir. Bu gün var olmasına baxmayaraq, bil ki, sabah olmayacaq. Haqq meydanda əbədi, batil isə ötəridir.[2]

Batil suyun üzərindəki köpüklərdən ibarətdir. Görünməsinə baxma, bil ki, dərində deyil (üzdədir) və həmişə qalmayacaq. Peyğəmbərlər haqqı gətirdilər, insanlara haqqı çatdırdılar və onların fitrəti ilə uzlaşan şeyləri təqdim etdilər, ərməğan verdilər. Haqqın mənası, “Haqq nədir və batil nədir?” cümləsi ilə bağlı dediklərimi yadınızda saxlayın ki, bir çox ayə və rəvayətlərin, İslam maarifinin dərkində açar rolunu oynayır.

Peyğəmbərin (s) hədəfi – İnsanları tağuta (Allahdan başqa, ibadət edilən hər bir şey, büt və s.) ibadətdən nicat verib Allaha ibadətə dəvət etmək

بِالْحَقِّ لِيُخْرِجَ عِبَادَهُ مِنْ عِبَادَةِ الْأَوْثَانِ إِلَى عِبَادَتِهِ

Peyğəmbər (s) haqq hökmlər gətirdi, haqq məktəb təsis etdi. Nə üçün? Məqsəd nə idi? Allahın seçdiyi Peyğəmbər (s) nə etmək istəyirdi? Məqsədi bu idi ki, insanları bütlərə ibadətdən, bütlərə bəndəçilik və köləlikdən çıxarıb Allaha ibadət və bəndəçiliyə doğru yönəltsin; bu, birinci cümlə!

İfadədə qeyd edilən “əvsan” sözü “bütlər” mənasını verir. Sadəlövh və nadan insanlar ağac və əqiqdən düzələn, taxçaya qoyulub qarşısında əyildikləri heykəlin büt olduğunu güman edirlər. Düzdür, bu da bir növ bütdür, ən böyük büt isə bütün düzəlmə əmrini verən bütdür. Ən böyük büt bütpərəstdir. Onu insanlar üçün büt edən şəxsdir. Böyük büt odur! Fironun bütxanasında bütlər çox idi, amma bütlərin hamısından böyük büt elə Fironun özü idi.

İnsanlardan olan şeytanlar cinlərdən olan şeytanlardan daha təhlükəlidir

“Büt” sözünün yanlış məna edilməməsi, düzgün başa düşülməsi və yalnız ağac, dəmir, palçıq, metal və bu kimi şeylərdən düzələn “cansız varlıqlar” mənasında anlaşılmaması üçün sonrakı cümlədə belə buyurulur:

وَ مِنْ طَاعَةِ الشَّيْطَانِ إِلَى طَاعَتِهِ

(Allah-Taala Peyğəmbəri göndərdi ki,) insanları Şeytana itaət, pərəstiş və mütilikdən nicat verib Allaha itaətə, ibadət və pərəstişə yönəltsin, onları Allaha itaətkar etsin.

Şeytan kimdir? Bizim görmədiyimiz varlıqlar şeytanlardır. Onlar şeytanların bir növüdür. Lakin onlardan daha təhlükəlisi bizim gördüyümüz və gözlə görünən şeytanlardır:

Ardı var.. 

 

1-ci hissəni BURADAN oxuya bilərsiz!

2-ci hissəni BURADAN oxuya bilərsiz!

 

 


[1]. Alman filosofu Georq Vilhelm Fridrix Hegel.

[2]. Hədisdə buyurulur: لِلْحَقِّ دَوْلَةٌ وَ لِلْباطِلِ جَوْلَةٌ  “Haqq üçün (zühur vaxtı) bir dövlət vardır, batil isə (o zamana qədər müvəqqəti olaraq) hay-küy salıb meydan sulayacaq.” (“Qurərul-hikəm və durərul-kəlim”, səh.544.)

 

Google+ WhatsApp ok.ru