Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 9

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 9

İslam alimləri – müsəlmanlar qalasının gözətçiləri

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
 
9-cu hissə
 

3. Məzlumlara yardımda ümmətin ayıq insanlarından alınan ilahi əhd-peyman

Üçüncü səbəb Əmirəlmöminin Əlinin (ə) hökumətinin fəslsəfəsini, eyni zamanda cəmiyyətin ayıq təbəqəsinin çox ağır məsuliyyətini müəyyənləşdirir və başa salır ki, alimlər haqqında nələr yazılıb, ayıq və elmli insanların vəzifəsi nədir?

وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ

(Həzrət buyurur ki,) hökuməti qəbul etməyimin üçüncü səbəbi budur ki, Allah-Taala alimlərdən, cəmiyyətin ayıq və bilikli insanlarından əhd-peyman almışdır. Onların məsuliyyəti, götürdükləri qəti öhdəliklərin müəyyən tələbləri vardır:

وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ

İslam cəmiyyəti təbəqəsiz cəmiyyətdir, yer üzünün sərvətləri bütün insanlara aiddir. İslam cəmiyyətində insanların həyat tərzinin bir-birindən fərqlənməsi mənasızdır. Allahın dini yarandığı gündən, başqa sözlə, insan yarandığı gündən etibarən, hökm belə olub, İslam və bəşər cəmiyyətində ədalətin bərqərarına hökm verilib. Bütün insanlar ilahi nemətlərdən vahid şəkildə bəhrələnməli, fürsətlər və imkanlar hamıya bərabər şəkildə bölüşdürülməlidir. Yoxsa, bəziləri ilahi nemətlərdən layiqincə bəhrələndiyi halda, digərləri həyatın primitiv tələbatını ödəyə bilməzlər. İslam cəmiyyətində imkanlar hamıya ehtiyacı qədərində həvalə olunmalı, istifadə meydanı hamının üzünə açıq olmalıdır. Güc, şüur və dərketmə qabiliyyəti hamıya verilir və çox çalışan insan daha çox fayda əldə edir. Amma imkanların yalnız müəyyən bir zümrə və sinfə, müəyyən bir tayfa və topluma verilməsi yanlışdır. Belə olmamalıdır. Bildiyiniz kimi, tarix boyu ədalətsevər və ədalət sorağında olan cərəyanlar müqabilində fərqli və müxalif cərəyanlar da olmuşdur. İlahi ədalətə söykənən bu cərəyanın qarşısında ayrı-seçkilik, ixtilaf, sosial bərabərsizlik və ictimai təbəqələşmə ideyası dururdu. Bəziləri bütün imkanlara malik olurdu; həm daha çox pul qazana, həm ali ictimai mövqeləri mənimsəyə, həm də həyatın müxtəlif növ ləzzətlərindən bəhrələnə bilirdi. Çox təəssüf ki, bu təbəqə daha dərrakəli, daha bilikli ola bilərdi (amma olmadı). Bu, bir təbəqə!

Başqa bir təbəqənin isə nə pulu var idi, nə də onlara pul qazanmaq, ilahi nemət və ləzzətlərdən bəhrələnmək, nə də yüksək vəzifə və mövqelərə yiyələnmək imkanı verilirdi. Daha betəri bu idi ki, onlara anlamaq, öyrənmək və agahlıq imkanı belə verilmirdi. Bu günə kimi dünyanın zəif və məhrum təbəqəsinə qarşı törədilən ən böyük cinayət onları anlamaqdan, dərk etməkdən, lazımi agahlığı təmin edən səbəblərdən mərhrum etməkdir. Yanlış tərbiyələr, zərərli əyləncələr və zəhərli təbliğatlar vasitəsilə məhrum xalqlar və kütlələrə elə bu cür də olmağı təlqin edirdilər. Yolları onların üzünə bağlayır, şüur və agahlığı onlardan alır, insanları nadan, avam və kütbeyin böyüdür, sonra da onlarla istədikləri kimi davranırdılar.

Bu sahələrdə İslam bütün insanlar arasında bərabərlik bərqərar edir; ilk olaraq bütün müsəlman fərdlərinin, hətta bütün insan cəmiyyətinin maarifləndirilməsinə çalışır, onların idrak, şüur və agahlıq səviyyəsini yüksəldir. İlkin sərmayə və investisiyanı onların hamısının ixtiyarında qoyduqdan sonra, iş meydanını onların üzünə açır və genişləndirir. Onlara xatırladır ki, artıq çalışmaq və Allahın sənə bəxş etdiyi gücdən istifadə etmək vaxtıdır. Bu zaman İslam cəmiyyətində Bilal Həbəşi kimi qara, eybəcər və dili qüsurlu bir qul cahiliyyət dövrünün ən böyük və hörmətli insanlarını belə üstələyir. İnsanların şüuru, dərketmə qabiliyyəti və ayıqlığı o qədər yüksəlir, tərəqqi edir ki, keçmiş elit təbəqə ögeylik hiss edir, qınağa məruz qalır. Mədinədə Peyğəmbər məscidinin tikintisində o Həzrətə gileylənirlər ki, ey Allahın Rəsulu (s), biz tənəli sözlər eşitmək üçün müsəlman olmuşuqmu?

Bir müsəlmana zarafatyana və istehzalı bir cümlə deyildiyində, kasıb və əliboş, eyni zamanda ayıq, şüurlu, dərrakəli, son dərəcə məntiqli bir müsəlman elə cavab verir ki, qarşı tərəfin ağzı quruyur.

İslami təlimlər və bilgilər nəticəsində şüur və agahlıq səviyyəsi o qədər yüksəlmişdi ki, İslam cəmiyyətində insanları aldatmaq qeyri-mümkün idi. Bizim keçmiş yazıçımız[1] öz keçmiş əsərində[2] bir dağın başında pusquda əyləşmiş oğruların macərasını necə də gözəl təsvir edir: Hüquq-mühafizə orqanları onların kökünü kəsməkdən aciz qalmışdılar. Qərara aldılar ki, tədbir töküb onları yaxalasınlar. Oğrular yorulduqları, istirahət yerlərinə gəlib yatdıqları zaman hüqiq-mühafizə orqanları əməliyyat keçirir və onların əl-ayaqlarını bağlayaraq şəhərə aparırlar. Müəllif yazır: “Oğrulara hücum edən ilk düşmən yuxu idi.” Silahlı qüvvələr onlara hücum etməmişdən öncə “yuxu” adlı düşmənin hücumuna məruz qaldılar. Yatdılar və əsir düşdülər. Yatan kimi əl-ayaqları bağlandı və canlarının şirəsi çəkildi. Nə qədər ki, xalq oyaq və ayıq idi, nə qədər ki, Quran təlimləri nəticəsində agahlıq və ayıqlığı özləri və başqaları üçün ilahi bir vəzifə hesab edirdilər, bütün işləri yerli-yerində idi. Yuxuya daldıqda və bu təhlükəli düşmən onlara qələbə çaldıqda, növbəti düşmənlər də onlara hücum etdi.

Əmirəlmöminin Əli (ə) bu böyük ədalətsizliklə üz-üzə qalmışdı; tarix boyunca ilahi ənənələrə, bütün dinlərin əmrlərinə, Quran və İslam Peyğəmbərinin (s) qəti göstərişlərinə qarşı çıxan və iki təbəqəyə bölünən bir cəmiyyətlə rastlaşmışdı. “Həqiqətən, möminlər qardaşdırlar [3] – tövsiyəsinə rəğmən, qardaşlar arasında ixtilaf və ikitirəlik yaradan, qərəzli rəhbərlər vasitəsilə məlumatsız və günahsız insanları bir-birinin canına salan bir ictima ilə üzləşmişdi. Quranınوَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِ  (Mallarında da dilənçi və yoxsulun haqqı var idi!) və yaxudوَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنفِقُونَهَا فِي سَبِيلِ اللّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ  ((Ey Peyğəmbər!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!) – ayələrindəki aşkar göstərişlərini heçə sayaraq qızıl-gümüş yığanlar və insanlar arasında müqəddəslər kimi yaşayıb ümumi sərvəti mənimsəyənləri, bununla belə, müsəlman xalqının qəzəbindən amanda qalanları, göydələnlər və sarayların divarlarının altında acqarına gecələyənləri görmüşdü. Bu səbəbdən də, o Həzrət xilafət və hakimiyyət kəndirini əlinə almaq məcburiyyətində qaldı. İslam cəmiyyətini güclü və iqtidarlı əllə islah etməkdən başqa, bir çarə görmədikdə, bu güc və iqtidarı qəbul etmək qərarına gəldi. İnsanlara yalnız danışmaq və məsləhətlər verməklə onların dindən həqiqi şəkildə bəhrələndirməyin qeyri-mümkün olduğunu gördükdə, əməli olaraq özü işbaşına keçdi və bu vəzifəni müdafiə etdi. Demək, Əmirəlmöminin Əlinin (ə) hakimiyyətə gəlişinin səbəbi İslam cəmiyyətinin vəhdəti, birliyi və bərabərliyini müdafiə etmək idi.

وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ

Aləmlərin Rəbbi alimlər, elm sahibləri və cəmiyyətin ayıq insanlarından belə bir əhd-peyman alıb:

أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ

Möhtac insanlar aclıq, yoxsulluq, məzlumluq və zülmkarların hədsiz acgözlükləri müqabilində sükut etməsinlər. Bu isə alimlərin və ayıq insanların vəzifəsidir. İslam alimi öz qarşısında fəsad və pozğunluqları görürsə, aclıqları, ifrat toxluqları, zülmkarlıqları, insanlar arasındakı ayrı-seçkilikləri, möhtacların narahatlıqlarıını müşahidə edirsə, Əmirəlmöminin Əlinin (ə) buyruğuna əsasən, ilahi əhd-peyman onun çiyninə ağırlıq etməli və gözü ilə gördükləri ilə razılaşmamalıdır.

Biz müsəlman xalqı, xüsusən də, alim və agah təbəqə hər şeydən öncə digər insanlara nisbətdəki öz vəzifə və məsuliyyətlərimizi bilməliyik. Bir tərəfdən sənaye və texnologiyası bəşərin ağlını mat-məəttəl qoyan, digər tərəfdən isə əxlaqi pozğunluqlarla bəşəriyyətin ürəyini bulandıran, hər bir guşəsində xüsusi bir cilvə ilə özünü göstərən, yüz üzü və yüz yönü olan belə bir dünyada yaşamaq istəyən kəs hər bir şeyi başa düşməli, hər bir məsələ haqqında məlumatlı olmalıdır.

Biz hər künc-bucağında qana bulaşmış əllər və yaxud bədənlər görürük. Elə bir dünya ilə qarşılaşırıq ki, acgöz insanların nəfsi istəklərinin qurbanına çevrilmiş məzlum və zəif xalqlar hədsiz bədbəxtliklər, məhrumiyyətlər və narahatlıqlar içində çapalayırlar. Burada aclıq hökm sürür, yoxsulluq dərəcəsi baş gicəlləndirir, hər saatda minlərlə insan acından tələf olur, insanlıq əleyhinə minlərlə cinayət baş verir, hər saatda minlərlə xaincəsinə planlar cızılır, bəşəriyyətin xoşbəxtlik saraylarını dağıtmaq üçün minlərlə bomba atılır, Quran və İslam xüsusi olaraq zəhərli oxların vasitəsilə hədəfə alınır.

Bəşərin düçar olduğu uğursuzluq və bədbəxtliklər nəticəsində yavaş-yavaş İslam və Quranın qiyməti-dəyəri bilinir, onun sayəsində mənfur və qara qəlblər aydınlanır. Quran adlı günəş təcəlli etdikcə, Quran düşmənləri və müxalifləri, Quranın diriliyinin onların ölümünə bərabər olan kəslər hər an və hər gün Quranın məhvi üçün tədbirlər tökür, planlar cızırlar. Müsəlman qalmaq, müsəlman ölmək, Quran və İslam təlimləri əsasında yaşamaq və Allahın razılığını qazanmaq istəyən kəs belə bir dünyada olduqca diqqətli və gözüaçıq olmalıdır.

İslam alimləri – müsəlmanlar qalasının gözətçiləri

Mən, adətən, təsəvvür məqamında və öz zehnimdə din və İslam alimini bir qalanın gözətçilərinə bənzədirəm; bir qrup insanın yaşadığı və düşmənlərin də ətrafını mühasirəyə aldığı, tavanı hündür və görkəmi çox gözəl olan bir qalanı, onun ətrafındakı göydələnləri və onu qoruyan çoxsaylı gözətçiləri təsəvvür edin.

Allah eləməmiş, birdən bu göydələnlərin başında əyləşən gözətçilər mürgüləsə, yatsa, qorxaq olsa, gözləri zəif olsa, öz rahatlıqlarını güdüb dörd tərəfi izləməsə, ətrafa baxmasa, əllərində silah tutub hücuma hazır vəziyyətdə dayanan düşmənləri görməsə, qalaya və onun divarlarına doğru hücuma keçənləri tanımasa, düşmənlər çox rahatlıqla qalaya yaxınlaşıb onun divarlarını dələrək içəri keçə biləcək, onu çapıb talayacaq, abır-həya qoymayacaq, namusa toxunacaq və pulları da yığışdırıb aparacaq. Çünki başda əyləşən gözətçi mürgüləmiş və hadisədən xəbərsizdir. Bəli, İslam dünyası da, gözəl ifadə ilə desəm, İslamın göstəriş və hökmləri də həmin qala və onun ətrafındakı göydələnləri xatırladır. Bu göydələnlərin başında gözətçilər var və onlar İslam alimləridir. Bu gözətçilər əlləri və dillərində Quran olan kəslərdir. Həmin kəsləri biz əsrlər boyu məzhəb qəyyumları və carçıları, çoxlu xidmətlər göstərmiş, böyük və dəyərli işlər görmüş insanlar kimi tanımışıq. Biz öz keçmişimizə və İslamın bu gözətçilərinə nəzər saldıqda, belimizi onların xidməti altında bükülmüş görürük. İslam maarifi və hökmləri, möhkəm fiqhimiz və ixtiyarımızda olan islami irs onların sayəsində formalaşmışdır. Amma bugünkü dünya başqa bir dünyadır. Bu gün bu göydələnlərin daha ayıq-sayıq gözətçilərə ehtiyacı var, xüsusən də daha hündür göydələnlərin başında dayananların məsuliyyəti daha böyük, daha ağırdır.

Bu gün müsəlman cəmiyyətinin bir an belə qəflətə düçar olmayan, dünyanı yaxşı tanıyan, İslam düşmənlərinin planlarını gözəl başa düşən alimlərə ehtiyacı vardır. Onlar düşmənin hansı tərəfdən hücuma keçəcəklərini yaxşı bilməlidirlər. Əgər göydələnin üstündəki bir gözətçi qartal tək onun ətrafını izləmək əvəzinə, evin içinə girib yatacaqsa, düşməni görməyəcək. Əgər olduğu yerdə gözlərini bağlayacaqsa, düşməni ayırd etməyəcək. Əgər bir an mürgüləyəcək və görməzdən gələcəksə, düşməni tanımayacaq. Əgər düşməndən qorxacaqsa, düşməni görsə də, onun qarşısında müqavimət göstərməyəcək. Əgər düşmənlə münasibət quracaqsa, onu vurmayacaq, ona və çirkin qəlbinə oxu batırmayacaq. Başda əyləşən (gözətçi) sürətlə uçan, iti baxışları ilə uzaqları görən qartal tək İslam məntəqəsinin hər tərəfini görməli, elə ayıq olmalıdır ki, uzaqdan düşməni tanımalı, düşmənin hücum nöqtəsini dəqiqləşdirməli, düşmənlə mübarizədə cəsarətli olmalı, düşmən yerindən tərpəndikdə, uzaqdan oxla hədəfə almalı və beləcə, İslam qalasını himayə etməlidir. Bu, ayıq İslam aliminin vəzifəsidir. İslam cəmiyyətinin şiddətlə ehtiyac duyduğu, ölmüş bədənə ruh və can verə biləcək şəxs də elə budur! İslamda belə gözətçilər olduğu zaman düşmənin Quran və İslamın əleyhinə hücumu nəticəsiz qalacaq, onun tərəfindən atılan ox İslam bədəni və İslam qalasına dəyməyəcəkdir. Alim, onun vəzifəsi və üzərindəki məsuliyyət budur! Mən öz nəzərimdə alimi hər zaman gözətçi tək möhkəm oxlara, tutarlı dəlil-sübutlara, güclü məntiqə, yüksək düşüncəyə sahib, əlində kaman tutub, daim hər tərəfi gözdən keçirən, hər tərəfdən düşməni izləyən, hər tərəfdən İslam qalasına hücum edən düşməni əzib yerində otuzduran, hücumlarını dəf və planlarını alt-üst edən kimi canlandırmışam.

Əmirəlmöminin Əli (ə) alimlərin məsuliyyətini xatırlayır:

وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ...

“Əgər Allahın (hər cəmiyyətdə) alimlərdən, tox zalımlar və ac məzlumlar qarşısında susmamaqla bağlı aldığı əhdi (və boyunlarına qoyduğu məsuliyyət) olmasaydı, xilafət dəvəsinin yüyənini boşlayar və ondan əl çəkərdim...”

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, müsəlman xalqına agahlıq bəxş et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Muhəmməd və ali-Muhəmmədin həqiqi ardıcıllarından et!

İlahi! Bizi Muhəmməd və ali-Muhəmmədin həyatı ilə yaşat, onlara əta etdiyin ən gözəl və ən şərəfli ölümü bizə də nəsib et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, nadanlıq, çaşqınlıq və xürafat pərdələrini müsəlman xalqının gözləri önündən qaldır!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, öz həyatlarını İslam və Quranın məhvinə həsr edənləri öldür, Quran və İslama düşməncəsinə uzanan təcavüzkar əlləri qır!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizimlə İslam və Quran arasındakı fasiləni aradan qaldır!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi müsəlman kimi yaşat və müsəlman kimi öldür!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, Öz yolunu bizim üçün daha da işıqlandır!

İlahi! Bu yolda bizim iradə və əzmimizi daha da mökəmləndir!

İlahi! Süstlükləri, şəkk-şübhələri və büdrəyişləri bizdən uzaqlaşdır və bizim hamımıza qətiyyətlilik mərhəmt et!

İlahi! Mövlamızın zühurunu tezləşdir!

Ardı var.. 
 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. Sədi.

[2]. “Gülüstan”, 1-ci fəsil.

[3]. “Hucurat” surəsi, ayə 10.

 

Google+ WhatsApp ok.ru