Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 12

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 12

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
12-ci hissə
 

 

6

FİTNƏ ZAMANI İNSANLARA RƏHBƏRLİK[1]

 

Bağişlayan və mehriban Allahın adı ilə!

أُوصِيكُمْ عِبَادَ اللَّهِ بِتَقْوَى اللَّهِ فَإِنَّهَا خَيْرُ مَا تَوَاصَى الْعِبَادُ بِهِ وَ خَيْرُ عَوَاقِبِ الْأُمُورِ عِنْدَ اللَّهِ وَ قَدْ فُتِحَ بَابُ الْحَرْبِ بَيْنَكُمْ وَ بَيْنَ أَهْلِ الْقِبْلَةِ وَ لَا يَحْمِلُ هَذَا الْعَلَمَ إِلَّا أَهْلُ الْبَصَرِ وَ الصَّبْرِ وَ الْعِلْمِ‏ بِمَوَاقِعِ الْحَقِّ فَامْضُوا لِمَا تُؤْمَرُونَ بِهِ وَ قِفُوا عِنْدَ مَا تُنْهَوْنَ عَنْهُ وَ لَا تَعْجَلُوا فِي أَمْرٍ حَتَّى تَتَبَيَّنُوا فَإِنَّ لَنَا مَعَ كُلِّ أَمْرٍ تُنْكِرُونَهُ غِيَراً[2]

Xütbənin başlanğıcında Peyğəmbər (s) və onun haqq canişininin tanıtdırılması

Bu dəyərli kəlam, məzmunundan əldə olunan nəticəyə əsasən, Əmirəlmöminin Əli (ə) ilə Müaviyənin ordusu arasında müharibə odunun qalandığı zamana aiddir. Xütbənin başlanğıcında Allahın Peyğəmbəri (s), Onun vəhyinin əmanətdarı haqqında söz açılır ki, xalq öz vəzifəsini bilsin, möminlərin əmirinə itaət və şəraitə uyğun zəruri məsələlərdə qərar qəbul etsin; sanki Peyğəmbərin (s) besət və nübuvvətinin xatırlanması zəruri imiş. Nübuvvətlə bağlı bəhslərdə indiyə qədər bir-iki dəfə qeyd edilmişdir ki, nübuvvətə etiqad bir zərurət və öhdəliyin daşıyıcısıdır. İnsan Peyğəmbəri-Əkrəmin (s) Allahın seçib göndərdiyi son peyğəmbər olduğuna inanıb şahidlik etdikdə, həqiqətdə, öhdəsində bir məsuliyyət olduğunu qəbul edir. Bu məsuliyyət iki kəlmədən – Peyğəmbərin (s) hədəfini qəbul etmək və hərəkət etdiyi yolda irəliləməkdən ibarətdir. Əmirəlmöminin Əli (ə) bu xütbədə nübuvvətlə bağlı bəzi mətləblərə toxunduqdan sonra Peyğəmbərin (s) canişinliyinə layiq şəxsdən söhbət açmağa başlayır.

Haqq imam və xəlifənin xüsusiyyətlərini bəyan etməyin səbəbi

Lakonik və ibrətamiz cümlələrdə dövrün insanlarının agahlığı üçün belə bir insanın xüsusiyyətləri haqqında söz açır. Bu da o zaman üçün lazımi mətləb imiş. Mərhum Seyid Rəzi[3] bu xütbənin “Siffeyn” döyüşünün başlanğıcında söylənildiyini qeyd etməsə də, ümumilikdə belə qənaətə gəlmək olar.

Bütün mətləblərin puç və yalan olmadığını camaata anlatmaq və camaatın Əlinin (ə) ardınca hərəkət etməsinin hisslərə deyil, haqq və həqiqətə söykənməsini və o Həzrətə itaətin səbəbini açıqlamaq üçün onlarda əsaslı şəkildə ideologiya formalaşdırmaq lazım idi. Bu ideologiya yalnız camaat namazında, yaxud Əmirəlmöminin Əlinin (ə) möizə məclislərində iştirak etmək, məsciddə insanlar arasında o Həzrətin mədhi və tərifindən danışmaqla, Əbu Dərda[4] kimilərin də o Həzrətə və yaxınlarına məhəbbət göstərməyə hazır olduğunu bildirməklə formalaşmırdı. Bu məşhur hekayə hələ də dillər əzbəridir. Bir gün Əbu Dərda, müsəlmanlardan və Peyğəmbərin (s) səhabələrindən bir qrupu əyləşmişdilər. Onlar: “Peyğəmbərin səhabələri arasında ən üstün, ən şərəfli və ən aliməqamlı şəxs kimdir?” – sualı haqqında bir-birilə bəhs edirdilər və hərə bir söz deyirdi. Əbu Dərda bu gün də dillərdə gəzən Əmirəlmöminin Əlinin (ə) gecə ibadətini nəql etməyə başladı: “Bir gün Əli (ə) gecə yarısı xurmalıqda ibadət edərkən o qədər ağladı ki, qəşş etdi.”[5]

Əmirəlmöminin Əlinin (ə) fəziləti ilə bağlı söz düşdükdə, hamı onun mədhi və fəziləti haqqında danışmaq istəyir. Əbu Dərda da bundan istisna deyil. Əbu Dərda sonralar Müaviyənin süfrəsində əyləşməsinin, onun zalımanə hörmətsizliklərinə şərik olduğunun, bəzən də söz aparıb-gətirdiyinin şahidi oldğumuz həmin şəxsdir.[6]

Camaat namazında Əliyə (ə) iqtida etmək məsələsi ortalığa gəldikdə, yenə hamı o Həzrətlə namaz qılmaq istəyir. Əlidən öyüd-nəsihət dinlənilməsindən söz düşdükdə, hamı hazır olduğunu bildirir. Bu iş o qədər də çətin deyil, amma döyüş zamanı Əlinin (ə) yanında olmaq, öz canını ortaya qoymaq, daha önəmlisi qarşına çıxanları qılıncdan keçirməklə qana boyamaq, döyüş meydanında öz canından keçmək, yaxud zahirdə müsəlman olan birinin qanını axıtmaq kimi məsələlərlə qarşılaşdıqda, varlığını güclü və möhkəm iman, sarsılmaz etiqad və kamil yəqin bürüməlidir. İndi də “Siffeyn” döyüşünün başlanğıcında Əmirəlmöminin Əli (ə) xalqla xilafətə və Allah Rəsulunun (s) canişinliyinə həqiqətən də layiq olan şəxs haqqında əsaslı şəkildə danışır, həssas və həlledici vəziyyətin yarandığını bildirir. Bu, xütbənin bir hissəsindən ibarətdir.

Hər yerdə və hər zaman təqvanın zəruriliyi

Amma nəzərdə tutuduğumuz hissənin bir neçə ibrətamiz cümləsi var ki, həmin cümlələri tərcümə və şərh etmək istəyirəm. Birinci cümlə budur:

أُوصِيكُمْ عِبَادَ اللَّهِ بِتَقْوَى اللَّهِ

“Ey Allah bəndələri, sizə ilahi təqvanı və Allahdan qorxmağı tövsiyə edirəm.”

Çox maraqlıdır! Hər yerdə təqvaya tövsiyədir. Təqvanı ibadət mehrabı, səccadə və məscidlə yekunlaşdırmamalı, xaricdə və zehnimizdə təqvalılıq jesti ilə uzlaşan hər bir şeylə inhisar etməməliyik. Təqva mömin bir insanı günah dairəsindən – Allahın əmri ilə müxalifətçilikdən – uzaqlaşdıran halət və ruhiyyəyə deyilir. Bir zaman bəzi söhbətlərimdə təqvanı günaha qarşı peyvəndə bənzətmişdim. Bəzən, insan xəstələndiyi zaman özünü müalicə etdirir. Bəzən isə onda elə bir müqavimət halı yaranır ki, xəstəlik ona təsir etmir. Təqva belə bir halətdir. Hər bir işdə, hər bir peşədə, həyatın hər bir sahəsi və səhnəsində “təqva” fərqli mənalar kəsb edir. Namazın ilk vaxtda qılınmasında təqvanın mənası insanın təvazökarlıq və qəlb iştirakı, zahiri və batini paklıqla Allaha ibadət və zikr etməsidir. “Ticarətdə təqva”nın mənası insanın “alış-veriş” adı ilə oğurluq etməməsidir. “Düşmən müqabilində təqva”nın mənası insanın ona aldanmamasıdır. “Döyüş meydanında təqva”nın mənası döyüş meydanından fərar etməməsidir. “Danışıqda təqva”nın mənası haqq danışması və həqiqəti gizləməməsidir. Həyatın hər bir sahəsində təqva fərqli nümunə kəsb edir. Ümumiyyətlə, təqvanın məfhum və mənası bəzi rəvayətlərdə belə qeyd edilib:

یراقب الله فی کل حال فعل یفعله و فی کل یترکه

“Yerinə yetirilən və yetirilməyən hər bir işdə ilahi göstəriş, vəzifə, məsuliyyət və öhdəliyə diqqət yetirməkdir.”

أُوصِيكُمْ عِبَادَ اللَّهِ بِتَقْوَى اللَّهِ

“Sizə ilahi təqvanı tövsiyə edirəm.”

Əgər insanlar təqvalı olsalar, özlərində günah müqabilində müqavimət halı yaratsalar, o zaman insanı xarici qüvvələr – cürbəcür kəndirlər və hiylələrlə istənilən tərəfə çəkməyə çalışan müxtəlif şeytanlar bu möhkəm qayanı yerindən tərpətməkdə aciz qalacaqlar. İnsanda təqva yarandıqda, əks istiqamətdə əsən külək onu hərəkətə gətirə bilməz. Odur ki, Əmirəlmöminin Əli (ə) insanlarda təqva haləti yaratmağa çalışır.

Ən yaxşı işə – Təqvaya tövsiyə

أُوصِيكُمْ عِبَادَ اللَّهِ بِتَقْوَى اللَّهِ

“Sizə ilahi təqvanı tövsiyə edirəm.”

فَإِنَّهَا خَيْرُ مَا تَوَاصَى الْعِبَادُ بِهِ

“Şübhəsiz, təqva Allah bəndələrinin bir-birinə tövsiyə etdiyi ən yaxşı işdir.”

İnsanlar bir-birinə bir çox işləri tövsiyə edə bilərlər, amma təqva bu tövsiyələrin ən xeyirlisidir. İnsanlar qayğı və xeyirxahlıq səbəbilə dostlarını, yaxınları və qardaşlarını bir çox göstərişlərə yönəldə bilərlər, amma həmin göstərişlərin ən üstünü təqvadır.

فَإِنَّهَا خَيْرُ مَا تَوَاصَى الْعِبَادُ بِهِ

“Şübhəsiz, təqva bəndələrin bir-birinə tövsiyə etdiyi ən yaxşı işdir.” Çünki onu təkamül və mənəviyyat yolunda irəli aparan təqvadır. İnsanın tarixi təkamül yolunda asanlıqla hərəkət etməsi, sürətinin artması, iffətsizliyə bulaşmaması, pak qalması və pak yaşaması, düzgün yolda və istiqamətdə addımlaması, şeytani və nəfsi istəklərin heç birinə uymamasına səbəb olan təqvadır. İnsanı təkamül yolunda irəlilədən, onu kamil insana çevirən bu halətdir.

Təqva – Ən gözəl sonluq

وَ خَيْرُ عَوَاقِبِ الْأُمُورِ عِنْدَ اللَّهِ

“Allah dərgahında (işlər üçün fərz olunan) ən gözəl aqibət və ən gözəl sonluq təqvadır.”

Siz nə üçün zəhmət çəkirsiniz? Sizin çalışıb səy etməyinizdə məqsəd və məramınız nədir? Bir sıra işlər, təlaşlar təqva əldə etmək məqsədilə yerinə yetirilir. Qurani-Kərimdə bir çox əməl və vəzifələri bəyan etdikdən sonra لَعَلَّكُمْ تَتَّقُونَ (bəlkə təqvalı olasınız) – deyə buyurulur. “Bu işi yerinə yetirin, bu işə səy göstərin, bu addımı atın ki, təqvalı olasınız.” Təqva insanın təkamül vasitəsi olmaqla bərabər, bir çox fəaliyyətlər üçün hədəf, qayə və ən gözəl sonluqdur. Dünya üçün işləməyin dəyəri yoxdur, nəfsin istəklərinin təmini üçün zəhmətə qatlaşmaq puç və mənasızdır. Lakin təqvalı olmaq üçün nə qədər çalışsan da, əməyin faydasız olmayacaq, gördüyün iş və hərəkət mənalı olacaq, gözəl sonluqla bitəcək. Nə üçün? Çünki yaxşı iş görmək, yaxşı aqibətə sahib olmaq üçün dünyaya gəlmişik.

Əgər hərəkət etmək, bir nöqtə və bir yerə çatmaq üçün (Allah tərəfindən) gəldiyimizi qəbul ediriksə, gəlişimizi küləyin göyə sovurduğu bir ovuc saman və bir ovuc yarpaq hesab etmiriksə, onda çalışmalı və təqvaya yiyələnməliyik.

Görəsən, bizim dünyaya – bu böyük varlıq aləminə gəlişimiz təsadüfidirmi? İlahi məntiq bunu inkar edir. İlahi məktəb deyir ki, səni gətirən biri var və onun səni gətirməkdə məqsədi var. Yəni, sən boş yerə yaradılmamısan, əgər səni bu dünyaya bir qüdrətin gətiridiyini qəbul edirsənsə, onda səni gətirməkdə bir səbəbi, bir hikməti və bir məqsədi vardır. Əgər buna inanır və mənzil başına doğru hərəkət ediriksə, bilməliyik ki, təqva bu yolda bizə güc verən ən yaxşı amil, iş və fəaliyyətimizi hədəf və məqsədə doğru aparan sürətli vasitədir.

وَ خَيْرُ عَوَاقِبِ الْأُمُورِ عِنْدَ اللَّهِ

“Allah dərgahında ən gözəl aqibət və ən gözəl sonluq təqvadır.”

Döyüşün başlanğıcında təqvaya tövsiyənin səbəbi

Nə üçün təqvalı olmalıyıq? Əmirəlmöminin Əlinin (ə) söz açdığı bu meydanda, bu zaman və məkanda təqvanın faydası nə ola bilər? O zaman Əmirəlmöminin Əli (ə) bu ritorik sualın cavabında dil açıb dillənir:

وَ قَدْ فُتِحَ بَابُ الْحَرْبِ بَيْنَكُمْ وَ بَيْنَ أَهْلِ الْقِبْلَةِ

“Həqiqətən, sizinlə qiblə əhli(ndən olan fitnəkarlar) arasında döyüş qapısı açılmışdır.”

Yəni, siz Allahın Peyğəmbəri (s) ilə sağ olduğu müddətdə birgə döyüşdünüz, cihad meydanlarına birgə getdiniz, amma kiminlə döyüşürdünüz? Kafir bildiyiniz kəslərlə, parlaq günəşdən də aydın olan Allah kəlamını, ayələrini, hökmlərini və dəlillərini görməzdən gələnlərlə! İnsanlıq qapısını öz üzlərinə bağlayan kəslərin üzərinə qılınc çəkir, xeyirxahlıq yolunun quldurları, qurdları və oğruları sayılanları aradan qaldırırdınız. Müharibə meydanlarında Peyğəmbərin (s) hüzurunda düşmənlərlə, kafirlər və yəhudilərlə döyüşdüyünüz zaman, kimlərlə döyüşdüyünüzü bilirdiniz. Kimin qolunda güc və qəlbində iman vardısa, bu meydana daxil olurdu. Aydın Quran ayələri də onlara ilham verirdi, sizə Allahın nemətini xatırladırdı. Siz də gedib döyüşürdünüz. Belə döyüş elə də çətin deyil, belə döyüşdə iştirak etmək ayıqlıq istəmir, belə döyüşdə bəsirət və mərifət elə də böyük rol ifa etmir. Nə üçün? Çünki düşmən bəlli idi, cərgələr bir-birindən fərqlənir, seçilirdi. Sən hansı cərgədə olduğunu və qarşındakı düşmənin də harada və hansı cərgədə olduğunu bildiyin halda, onunla döyüşür, mübarizə aparırdın. Bunun üçün hədsiz mərifət, bəsirət və ayıqlığa ehtiyac duyulmurdu. Amma Əmirəlmöminin Əlinin (ə) bu sözü bəyan etdiyi gün vəziyyət tamamilə dəyişmişdi. Meydan döyüş meydanı olsa da, döyüş həmin döyüş deyildi. Ordular sıralara düzülsə də, Peyğəmbərin (s) zamanındakı sıralardan fərqli idi. Hətta düşmən o zamanın düşmənindən güclü və təchizatlı idi, onun qəlbindəki kin-küdurət belə daha şiddətli, daha dərin idi. Zahirdə isə eyni sırada, müsəlman kimi görünürdü. Həmin düşmən, həmin qılınc və həmin qərarla indi sizin kimi həqiqi müsəlmanlarla döyüşə gəlmişdilər. Amma həqiqi düşmənçiliyini göstərən məğrurcasına şüarları bir kənara ataraq daha bişmiş, daha ağıllı, daha bacarıqlı şəkildə döyüşə gəlirdilər. Burada düşmən qiblə əhlidir! Sən qıldığın namazı o da qılır. Sən yerinə yetirdiyin ibadəti o da yerinə yetirir, hətta zahirdə səndən daha yaxşı, ədəb qaydaları və hər şəraiti öz yerində!

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1].“Nəhcül-bəlağə”nin 168-ci xütbəsinin bir hissəsinin şərhi – 1974/11/01.

[2]. “Nəhcül-bəlağə” xütbə 168.

[3]. Seyid Rəzi adı ilə tanınan Əbülhəsən Məhəmməd ibn Hüseyn ibn Musa 4-cü əsrin fəqih və şairlərindən olmuş və “Nəhcül-bəlağə”ni toplamışdır.

[4]. “Əbu Dərda” ləqəbi ilə tanınan Üvəymir ibn Zeyd Xəzrəci - Peyğəmbərin (s) səhabələrindən və Quranı toplayanlardan biri olub. Əmirəlmöminin Əlinin (ə) xilafəti dönəmində baş verən “Siffeyn” döyüşündə iştirak etməkdən imtina etdi.

[5]. “Əmali”, Şeyx Səduq, səh.78-79.

[6]. “Vəq`ətu Siffin”, səh.190.

 

Google+ WhatsApp ok.ru