Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 21

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 21

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
21-ci hissə
 

Əmirəlmöminin Əli (ə) belə bir viranəni islah etməliydi. Amma bu viranəni necə islah edəcəkdi? O Həzrətin ilkin proqramı və iş prinsipi dörd kəlmədə göstərilir:

وَ الَّذِي بَعَثَهُ بِالْحَقِّ

“And olsun Peyğəmbəri haqq və doğru olaraq göndərənə!” Elə düşünürsünüz ki, sizi rahat yatmağa qoyacağam? Ey özünü İslam əsgəri adlandıran müsəlmanlar! Rahat yatacağınızı düşünürsünüzmü? O yüksək kürsülərdə əyləşənlər elə güman edirdilər ki, Əli ibn Əbitalib (ə) onların həmin kürsülərdə qalacağına razılıq verəcək. Həzrət buyurur:

لَتُبَلْبَلُنَّ بَلْبَلَةً

“Bir-birinizə qarıçacaqsınız.” Cəmiyyətin özülləri arasında titrəmə yaranacaq. Əmirəlmöminin (ə) buyurur ki, bu işi biz icra edəcəyik. “Nəhcül-bəlağə” şərhçilərindən biri yazır ki, Əmirəlmöminin Əlinin (ə) buyruğuna əsasən, bu işi Müaviyə icra edəcək, yəni o Həzrət Müaviyənin və Əməvi sülaləsinin çirkin siyasətindən xəbər verirdi. Xeyr! Bu, Əli ibn Əbitalibin (ə) öz işi və tədbiri idi, buyurur ki, bu işi mən icra edəcəyəm, özü də söhbətinin başlanğıcında bunun icrasına dair and içir:

ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ

“Mənim əhdim dediyim sözlərin girovundadır və mən onların hamısına zəmanət verirəm.”

Yəni, bütün bu tədbirləri özüm icra edəcək, Zeyd, Əmr və başqalarına da həvalə etməyəcəyəm. Sizin ictimai cərgələrinizi elə dağıdacaq, sizi elə qarışdaracağam ki, həqiqi İslam cəmiyyətinin necə olacağından xəbərdar olacaqsınız. Bəziləriniz xalqın qəflətindən istifadə edib yuxarılarda əyləşdiniz, pullarını yediniz, onların pulları ilə qızıl külçələr düzəldib varisləriniz üçün yığdınız. Bunları sizin varislərinizin boğazından çəkib çıxaracağam.

وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً

Sizin aranızda islahat və təmizlik işləri aparacaq, hamınızı bir-bir ələkdən keçirəcəyəm. Adətən, bütün hakim dairələrdə vəzifə islahatları aparılır; yeni rəhbər hakim dairələrdə islahat işləri aparır, yeni təyinatlar imzalayır, birini vəzifədən kənarlaşdırır, öz xətti və iş strukturuna uyğun başqa birisini vəzifəyə təyin edir və adını da “islahat” qoyur. Həqiqi islahat isə belə olmur. Əmirəlmöminin (ə) buyurur ki, yalnız yüksək təbəqələr arasında deyil, bütün cəmiyyət arasında islahat aparacağıq; hamınızı böyük sınaqlardan keçirəcəyik. Belə də oldu. O Həzrətin hakimiyyətdə olduğu dörd il on ay müddətində müsəlman xalqının üzləşdiyi üç islahat aparatı təşkil olundu. Bir çoxları islahat aparatının filtirindən keçirilərək tullantılar sırasında həlak oldular. Bəziləri Ayişənin rəhbərliyi ilə baş verən “Cəməl” döyüşündə Haşimilər və Qüreyşlilərin abır-həyalı insanlarının, Təlhə və Zübeyrin, Peyğəmbəri-Əkrəmin (s) böyük səhabələrinin Əli (ə) ilə döyüşdüyünü və onun əleyhinə qılınc çəkdiyini gördükdə, əl-ayaqları əsdi. Bəziləri “Nəhrəvan” ordusundan Quran səslərini eşitdikdə, qəlbləri döyünüb süstləşdi. Bəziləri də Müaviyənin ordusunun əllərindəki nizələrə taxılan Quranları gördükdə, Əlini (ə) müdafiə etmək və onunla birgə hərəkət etməkdən çəkindilər. Onların hamısı ələkdən, filtirdən keçirilərək tullantılardan sayıldılar. Bəziləri isə həqiqi mömin olduqlarını isbat etdilər.

وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً

Sizi imatahan edəcəyik və bu imtahan bütün insanlara, bütün zaman və məkanlara aiddir. İmam Əli (ə) buyurur ki, (dua edərkən) “İlahi, bizi imtahan etmə!”[1] – deməyin. Bu qeyri-mümkündür, çünki imtahanda iştirak etməyənlər imtahandan kəsilirlər. İmtahandan kəsilməyə hazırsanmı? Deməyin: “İlahi, bizi imtahan etmə!” İmtahan var, həmişə də olacaq. O qəlbləri döyündürən Quran səsləri, nizələrə taxılan Quranlar və abır-həyalı görünən insanlar həmişə Əlinin (ə) müqabilində səf çəkəcəklər. “Cəməl”, “Nəhrəvan” və “Siffeyn” döyüşləri həmişə olacaq. Xoş o kəsin halına ki, gözü görür, qulağı da eşidir!

وَ لَتُسَاطُنَّ سَوْطَ الْقِدْرِ

“Qaynar qazan tək qaynayacaqsınız.”

حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ

Sizdən ən aşağıda olan ən yüksək məqama yüksələcək, ən yüksəkdə olanınız isə ən aşağı məqama enəcək.

Həzrət bu cümlədə aşağı cərgədə olanların yüksələcəyi və yüksəkdə olanların alçalacağından söz açmır, əksinə buyurur ki, ən aşağı məqamda olanlar ən yüksək məqama ucalacaq, lap yüksəkdə olanlar isə lap aşağı enəcəklər. Cəmiyyətdəki mövcud tərkib və quruluş düzgün deyil, odur ki, cəmiyyətdə dəyişiklik edəcəyik.

Ələvi hakimiyyətinin sayəsində istedadların çiçəklənməsi

Budur meydan; kim bu meydandan getmək istəyirsə getsin. Kimin də dözümü və iradəsi güclüdürsə, Allah yoluna və ilahi məqsədə şövqü çoxdursa, meydana daxil ola bilər. Odur ki, Həzrət buyurur:

وَ لَيَسْبِقَنَّ سَابِقُونَ كَانُوا قَصَّرُوا

“Qədir-qiyməti olmayanlar önə keçsələr də, dayanacaqlar.”

Səhlənkarlıq edənlər geridə qalacaqlar. Öncüllərin isə ayaqlarına zəncir vurulsa da, irəlilədilər, sadə dillə desək, üzməyi yaxşı bacarırdılar, lakin qarşılarında su yox idi; belələri bir tərəfdən ən yüksək ictimai məqama, digər tərəfdən isə ən yüksək mənəvi məqama yiyələnə bilərdilər. Lakin yanlış ictimai quruluş onların əl-qolunu bağlamışdı; nə yüksək ictimai vəzifələrə yiyələnməyə, nə də mənəvi baxımdan yüksəlməyə icazə verirdi. Nadan, avam, mərifətsiz və şüursuz camaat tək cismani və ruhi baxımdan ən aşağı səviyyədə qalmışdılar. Lakin ilahi enerjiyə sahib idilər, İslamda öndə gedənlər idilər, İslam üçün əllərindən gələni əsirgəməmişdilər, uzun yollar qət etmişdilər. Amma Osmanın və qohub-əqrəbasının yanlış siyasəti və siyasi rejim onlara özlərini göstərməyə icazə vermədi. Biz isə onların üzünə meydanı açacaq, zəncirləri ayaqlarından qıracaq və deyəcəyik: “Gedin, hərəkət edə bilmədiyiniz təqdirdə, əlinizdən də tutacağıq.”

وَ لَيَسْبِقَنَّ سَابِقُونَ كَانُوا قَصَّرُوا

Bu ifadədə qeyd olunan “قَصَّرُوا” (qəssəru) sözü “təf`il” qəlibində olsa da, “lazım fel” قَصَرُوا (qəsəru) mənasını ifadə edən “mütəəddi” (tamamalıq tələb edən) feldir. Əmirəlmöminin Əlinin (ə) kəlamı, çox ehtimal ki, elə bu mənanı daşıyır. Mövlanın kəlamını təfsir və şərh edənlər bu cümlələr barəsində çoxlu qeydlər aparmış, bəziləri qənaətbəxş bir məna tapmaq üçün çox çalışmışlar. Amma “qəssəru” sözünü “qəsəru” kimi mənalandırsaq, cümlənin mənası belə olacaq: Keçmiş öndərlər fəaliyyətləri ilə özlərinin öndər olduqlarını başa saldılar, lakin yanlış ictimai quruluş onların yüksəliş və tərəqqisinə icazə vermədi, yoxsa, sözsüz ki, tərəqqi edəcəkdilər. Buna Süheyl ibn Hüneyf, Osman ibn Hüneyf və Malik Əştər kimiləri misal göstərə bilərik. Malik Əştər İmam Əlinin (ə) vaxtında ərəblərin şücaətdə birinci şəxsi idi. Ərəblərin ən şücaətlisi olmaq zarafat deyil. Yaşlı idi. Əbu Bəkr və Ömərin xilafəti dövründə, islami fəthlər zamanında gənc deyildi ki, onun gənc və təcrübəsiz olduğunu deyəsiniz! Xeyr! Əmirəlmöminin Əlinin (ə) zamanında şəhadətə yetdikdə, qoca kişi idi. Bəlkə də, 70 və ya 70-dən çox yaşı var idi. İran döyüşlərində Malik Əştərin adı hallanmır, ictimai vəzifələrdə onun adı çəkilmir. Bəs haradaydı? Nə üçün valilik və hakimlik vəzifələrində Ziyad ibn Əbih, Mərvan, Müaviyə və başqalarının adları qeyd olunur, Malik Əştərin adı isə heç yerdə yoxdur? Çünki Malik Əştər zülm və haqsızlıqlara boyun əymədi, Osmana dəstək olmadı, onun zalımcasına siyasi strukturunun faciələrinə əlini batırmadı, bu hakimiyyətlə razılaşmadı. Buna görə də adı heç yerdə yoxdur. Malik Əştərin adının yalnız Əbuzər Qifarinin dəfnində qeyd edildiyini oxumuşam. O müsəlman səhralıqda tək-tənha can verir. Birdən Malik Əştər Misir karvanı ilə birgə hazır olur və Əbuzər Qifarini dəfn edir. İctimai fəaliyyətlərdə Süheyl ibn Hüneyf və Osman ibn Hüneyf kimi İslamın ilkin mübarizlərinin də adı çəkilmir. Süheyl ibn Hüneyf Peyğəmbərin (s) sevimli və böyük səhabəsi idi. Əmirəlmömöminin Əli (ə) buyurur ki, biz hakimiyyətə gəldikdən sonra bu zəncirləri qırdıq, qohumbazlığa son qoyduq, yanlış meyarlara söykənən və Allah bəndələri ilə istədiyi kimi rəftar edən quldurları kənarlaşdırdıq və meydanı açdıq. İnsani keyfiyyətləri həbs edilən məhbusları azadlığa çıxartdıq və dedik ki, gedin və istədiyiniz qədər qanad çalın.

Hədəfli insanın bir xüsusiyyəti

وَ لَيَقْصُرَنَّ سَبَّاقُونَ كَانُوا سَبَقُوا

“Hamıdan öndə olanlar arxada qalacaqlar.”

Ən yaxşı və ən üstün bir şeyi əldə etməyə çalışan insana “səbbaq” deyilir. Hədəfli insanın təfəkkür tərzi isə fərqlidir. O, hansısa yüksək vəzifəyə sahib olmaq üçün can atmır, yalnız hədəfinin təmin olunması ilə kifayətlənir. Mən bəzən əbədiyyətə qovuşmuş böyük, aliməqamlı və ilahi bir şəxsiyyətin dili ilə dostlara deyirəm ki, ilahi insanların alicənablığı və güzəşti vəsfolunmazdır; əgər Allah-Taala Öz Peyğəmbərinə (s) desə ki, bütün zəhmətlərə sən qatlaşacaqsan, sən əziyyət çəkəcək, sən kötəklənəcək, sən fəaliyyət göstərəcək, sən mübarizə aparacaqsan, amma bütün əməyin başqasının adına yazılacaq, Peyğəmbər (s) azacıq belə düşünmədən müsbət cavab verəcək. Hədəfli və məqsədyönlü insan bu xüsusiyyətə sahibdir. Onun böyük nümunəsi İslam Peyğəmbəri (s), ondan sonra isə, eyni hədəfi izləyən, özünü düşünməyən və görməyən, yalnız Allahı və Onun yolunu düşünüb bu istiqamətdə hərəkət edən bütün insanlardır. Odur ki, hədəf və məqsədyönlü insan daha yüksək vəzifə və məqam, daha şirin həyat ardınca deyil, amma dünya ardınca olan insan daim hansı işin, hansı peşənin, hansı yeməyin, hansı vəzifənin, hansı mövqeyin və adın daha gəlirli olduğunu düşünür. Buna isə “səbbaq” (qabaqcıllığa can atan) deyilir.

Əmirəlmöminin Əlinin (ə) xüsusi təbəqələrdən olan qruplarla ciddi qarşıdurması

وَ لَيَقْصُرَنَّ سَبَّاقُونَ كَانُوا سَبَقُوا

“Hamıdan öndə olanlar arxada qalacaqlar.”

Öz şəxsi hədəf və arzularına çatmış öncüllərin əllərini qısaldacaq, onları kənara qoyacaq və imkan daxilində onlara cəza təyin edəcəyik. Bu, Əmirəlmöminin Əlinin (ə) proqramıdır. Bu proqram dörd cümlədən artıq deyildi. Amma sizə abır-həyalı ictimai həyat, layiqli həyat tərzi və insanlıq fidanı yetişdirən ictimai mühit və proqramlar əsasında təşkil olunan bir cəmiyyət təhvil verir. Sözsüz, insan belə bir mühit və cəmiyyətdə insanlıq məqamına yüksəlir, kamilləşir. Bu, Əmirəlmöminin Əlinin (ə) daha da dolğun, daha da lakonik cümlələrdən ibarət bir proqramı idi.

Əmirəmöminin Əlinin (ə) doğruluğu və gələcəkdən məlumatlı olması

Əmirəlmöminin Əli (ə) sözünə davam edir. Bu xalq Əli ibn Əbitalibdən (ə) 25 ildə ümumi xalq kütləsi və şahidlərin hüzurunda belə aşkar çıxışını eşitməmişdi. 25 ildir ki, bu nur qapısı onların üzünə birbaşa açılmamışdı. Odur ki, Həzrət bu xalqla hələ şox danışmalıdır. Buyurur:

وَ اللَّهِ مَا كَتَمْتُ وَشْمَةً

“Allaha and olsun, (camaatın agahlığı üçün deyilməsi lazım olan) heç bir sözü gizlətmədim.”

وَ لَا كَذَبْتُ كِذْبَةً

“Bir cümlə belə yalan danışmadım.” Nə dedimsə, düz dedim, haqqı faş etmək istədim.

وَ لَقَدْ نُبِّئْتُ بِهَذَا الْمَقَامِ وَ هَذَا الْيَوْمِ أ

“Bu məqam və bu gün barədə mənə (öncədən) xəbər verilmişdi.” Mənə gələcəkdə hansı hadisələrin baş verəcəyi və İslam cəmiyyətinin aqibətinin necə olacağını öncədən demişdilər və mən bunları bilirdim. Əmirəlmöminin Əli (ə) bunları haradan bilirdi? Bəlkə də Peyğəmbəri-Əkrəm (s) o Həzrətə keçdiyi dərslərin əsnasında gələcək hadisələrdən xəbərdar etmişdi, yaxud Qurandan ilham almışdı, yaxud da dünyanın qanunauyğunluqları ilə tanış olduğundan, həm keçmişi, həm də gələcəyi bilirdi. O Həzrət yaxşı bilirdi ki, cəmiyyətdə qanunauyğunluqlar necə təsir bağışlayır. Odur ki, İslam cəmiyyətinin aqibətinin necə olacağından xəbərdar idi.

İctimai səhvliklər – Cəmiyyətin məğlubiyyət amili

Həzrət dərinmənalı iki cümlə buyurur:

أَلَا وَ إِنَّ الْخَطَايَا خَيْلٌ شُمُسٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا وَ خُلِعَتْ لُجُمُهَا فَتَقَحَّمَتْ بِهِمْ فِي النَّارِ أَلَا وَ إِنَّ التَّقْوَى مَطَايَا ذُلُلٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا وَ أُعْطُوا أَزِمَّتَهَا فَأَوْرَدَتْهُمُ الْجَنَّةَ

Həqiqətən də, insan beyni və dili bu cümlələri izah etməkdə acizdir. İfadələr necə də dolğundur. Əmirəlmöminin Əli (ə) bu cümlələrdə insanın səhvlərindən – səhv edən və öz səhvinin üzərində möhkəm dayanan cəmiyyətdən danışır və onu çılğın ata minmiş şəxsə təşbih edir: “Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzəyir ki, onlara minən günahkarları od-alova atarlar.”

Təsəvvür edin ki, yüyənsiz azğın və çılğın ata minən bir insan məqsədə, məsələn, Məkkəyə çatmalıdır. Sizcə, onun məqsədə çatma ehtimalı neçə mində bir faiz ola bilər? Onu yolun ortasında başıüstə yerə çırpmayınca, dərə-təpəyə tullamayınca, bədənini xurd-xəşil etməyincə, əl çəkən deyil, birdən məqsədə çatdırsa da, susuz, ot-ələfsiz bir yerə çatdıracaqdır. Ey yazıq süvari! Bu yüyənsiz azğın at yol ilə tanışlığı olmadığından səni yolda qoyacaq, onun ixtiyarı sənin əlində olmadığından səni istəmədiyin bir yerə aparacaq. Ey İslam cəmiyyəti! Üzərində möhkəm dayandığın səhvlər və xətalar, eynilə azğın atı xatırladır; süvar olduğun miniyin ixtiyarı sənin əlində deyil, özü də elə bir minik ki, azğın, çılğın və yüyənsizdir!

Cənnət – Ayıq və təqvalı cəmiyyətin mükafatı

أَلَا وَ إِنَّ التَّقْوَى مَطَايَا ذُلُلٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا وَ أُعْطُوا أَزِمَّتَهَا فَأَوْرَدَتْهُمُ الْجَنَّةَ

“Təqva isə yüyəni sahibinin əlində olan ram edilmiş miniklərə bənzəyir ki, onlara minənləri Cənnətə daxil edərlər.”

Təqvaya gəlincə, yadınıza salın ki, təqvanı necə mənalandırdıq və onun antonimi nədir? Təqvanın antonimi xəta və yanlışlıqdır. Yanlışlığın antonimi olan təqva nə deməkdir? Yəni, çəkinmək, ayıq və həssas olmaq, özünü qorumaq və gözləmək. Özünü qoruyan, ayıq və həssas olan, heç vaxt qış yuxusuna getməyən, gözünü və qulağını bağlamayan cəmiyyət təqvalıdır. Təqva nəyə bənzəyir?

أَلَا وَ إِنَّ التَّقْوَى مَطَايَا ذُلُلٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا

Təqva – cəmiyyətdə həssaslıq ruhiyyəsinə sahib olmaq, diqqətli və ehtiyatlı olmaq, oyaq və ayıq olmaq və sahibinin mindiyi ram edilmiş miniyə bənzəyir.

وَ أُعْطُوا أَزِمَّتَهَا

Ram edilmiş bu heyvanın yüyəni də sahibinin əlindədir. Bu heyvan onu hara aparacaq?

فَأَوْرَدَتْهُمُ الْجَنَّةَ

Onu arzuladığı Cənnətə aparacaqdır.

Sənin bəyanına fəda olum, ey Əmirəlmöminin! Həqiqətən də, bu ifadə barəsində deyə biləcəyim söz budur ki, artıq danışmayım. Mən “Nəhcül-bəlağə”ni mütaliə edərkən, haçan bu cümlə ilə rastlaşmışamsa, onun əzəməti müqabilində özümü dərk, şərh və bəyan etməkdə aciz görmüşəm. Olduqca dərin və dolğundur. Sizə yalnız tövsiyə edə bilərəm ki, onu oxuyun. Bu qeyd etdiklərim Əmirəlmöminin Əlinin (ə) buyurduğu cümlənin hərfi tərcüməsi və sadə izahından ibarətdir. Bu son cümləni sizin ixtiyarınıza buraxıram, onun üzərində düşünün, zəmanəyə hakim mədəniyyətlərlə bağlı məlumatı əldə edin, Allahın bəxş etdiyi zövq və istedadınızı düşünməklə çiçəkləndirin.

Əmirəlmöminin Əli (ə) yenə sözünə davam edərək buyurur:

حَقٌّ وَ بَاطِلٌ وَ لِكُلٍّ أَهْلٌ

“Təqva haqq yol, günahkarlıq isə batil yoludur və hər iki yolun öz əhli var.”

Əgər Allah ömür və fürsət verərsə, növbəti həftə, inşallah, bu xütbənin qalan hissəsi haqqında söhbət edəcəyəm.

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizə və bütün müsəlmanlara açıq göz, ayıq qəlb, eşidən qulaq və qəbul edən ruh mərhəmət et!

İlahi! Bizə həyatı başa salan bu cümlələri anlamaq və onlara əməl etmək qabiliyyəti bəxş et...!

 
Ardı var.. 
 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, hikmət 93.

 

Google+ WhatsApp ok.ru