Aynar Məmmədova məxsus kafedə keçirilən əməliyyat zamanı 8 nəfər saxlanılıb - RƏSMİ -YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

 

Qeyd edək ki, mətbuatda deputat Elton Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən “Nar Cafe”-də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

 
 
*****
Bu gün bəzi KİV-lər sosial şəbəkələrə istinadən Bakının Yasamal rayonunda yerləşən “Nar” kafesində deputat, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun və daha 20 vəzifəli şəxsin övladının saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığına dair məlumatlar yayıb.
 
Məlumata əsasən saxlanılanlar arasında Bakının Xəzər rayonunun icra hakimiyyəti başçısının müavini Vaqif Həsənovun oğlu da yer alır.
 
Virtualaz.org saytı “Nar” kafesinin yaxınlığında yaşayan sakinlərin birinə istinadən həqiqətən də kafeyə xüsusi təyinatlıların basqın etdiyini və bir qrup şəxsi saxlayıb apardığını təsdiq edir.
 
“Nar” kafesi Aynar Məmmədova məxsusdur. Ora Aynar Məmmədovun və dostlarının müntəzəm yığışdığı məkan kimi tanınır. Belə iddialar var ki, vəzifəli şəxslərin kafedə toplaşan övladları qumar oynayır və son vaxtlar öz aralarında “anti-hakimiyyət xarakterli müzakirələr” də aparırmış. Ehtimal edilir ki, saxlanılmanın səbəbi də bu ola bilər.
 
 
 
Maraqlıdır ki, Daxili İşlər Nazirliyi “Nar” kafesində xüsusi əməliyyatın keçirilməsini və Aynar Məmmədov da daxil olmaqla bir qrup məmur övladının saxlanılmasını inkar etməyib. Nazirlikdən 1news.az-a bildiriblər ki, bu barədə məlumata malik deyillər.
 
“Əgər bu haqda hansısa məlumat daxil olsa, ictimaiyyətə açıqlanacaq”- deyə DİN-dən bildiriblər.
 
“Qafqazinfo”nun əməkdaşı bu xəbəri dəqiqləşdirmək üçün “Nar Café”yə baş çəkib. Məlum olub ki, kafenin qapısı açıq olsa da fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi saytın müxbiri ilə söhbətində dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləyib. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunuraq aparılıblar. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır.
 
Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər həmçinin qeyd ediblər ki, kafe açıq olsa da artıq müştəri qəbul etmirlər.
 
Sayt xatırladır ki, kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Əməliyyatın MTN, yoxsa “Bandotdel” tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb. 
 
Sayt bu barədə DİN-dən hələlik heç bir informasiya əldə edə bilməyib. Eyni zamanda redaksiya Elton Məmmədovla da əlaqə yaratmağa çalışıb, deputat da zəngləri cavabsız buraxıb. /

Google+ WhatsApp ok.ru