Ayətullah Cəfər Sübhani: “İslam alimləri tarixə qızıl hərflərlə yazılan əsərlər ərsəyə gətiriblər”

Ayətullah Cəfər Sübhani: “İslam alimləri tarixə qızıl hərflərlə yazılan əsərlər ərsəyə gətiriblər”

-- İranda keçirilən beynəlxalq konfrans öz işini yekunlaşdırıb

Xəbər verdiyimiz kimi İran İslam Respublikasının Qum şəhərində "İslam elmlərinin genişlənməsində Əhli-beyt məktəbinin rolu" mövzusunda Beynəlxalq elmi konfrans bu gün öz işini yekunlaşdırıb.
 
Maide.Az xəbər verir ki, dünyanın bir çox ölkələrindən və ölkə daxilindən yüzlərlə din alimi, yazıçı, təhqiqatçı və din rəhbərlərinin qatıldığı konfransda böyük İslam alimi Ayətullah Cəfər Sübhani çıxış edib.
 
Alimlərin dünyada tanıdılmasının vacib amil olduğunu diqqətə çatdıran Ayətullah Sübhani bildirib ki, tarix boyu Əhli-beyt məktəbinin ardıcılları olan alimlər haqqında çox az məlumatlar yayılıb. “Hicrətin əvvəllərindən bu insanlar məzlum olub və tanınmayıb. Halbuki çox böyük işlər görüblər ki, bu gün biz nəticəsindən bəhrələnirik.”
 
Əhli-beyt tərəfdarı olan alimlərin dünya elminə böyük töfələr verdiyini önə çəkən Ayətullah Sübhani istər fiqh, istər Quran, istərsə də dünyəvi elmlərdə bu insanların dəyərli əsərlər ortaya qoyduğunu vurğulayıb. “Şeyx Müfid, Seyid Mürtəza, Seyid Rəzi, Şeyx Tusi, Əllamə Hilli və bu kimi böyük ustadlar tarixə qızıl hərflərlə yazılan əsərlər ərsəyə gətiriblər. Bu insanları tanıntdırmaq bizim üçün çox zəruridir.”
 
Qeyd edək ki, bu gün sona çatan Konfransda çıxış edənlər Əhli-beyt məktəbinə mənsub alimlərin İslam elmlərinin inkişafına verdiyi töhfələr, İslamın yayılmasındakı rolu və çiçəklənməsinə yol açan əsərləri haqda fikirlərini çatdırıb, bu mövzuda məqalələrini təqdim etdilər. Qonaqların səfər çərçivəsində Ali Rəhbər Ayətullah Xamenei ilə də görüşləri nəzərdə tutulub.
 
 
 

Google+ WhatsApp ok.ru