Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarının qarşını alıb

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə Dövlət Gömrük Komitəsinin Xaçmaz  Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya Federasiyası istiqamətindən Azərbaycana  Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən “Daimler Chrysler”  markalı,  H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiyaya məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub.
 
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiyadan Azərbaycana gələn “fəhlə geyimləri” və “fəhlə ayaqqabıları” yüklü “Daimler Chrysler”  markalı,  H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “Samur” gömrük postunda baxış keçirilib. Baxış keçirilməzdən əvvəl sürücülər, Azərbaycan vətəndaşları X. Hüseynov və E. İsmayılovdan nəqliyyat vasitəsinin yük yerində hansı yüklərin olduğu soruşulduqda, onlar yük yerində fəhlə geyimləri və fəhlə ayaqqabıları yükünün olduğunu qeyd ediblər.
 
Bundan sonra qoşqunun yük yerinə baxış keçirilib, karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalar boşaldılaraq hal şahidlərinin iştirakı ilə açılıb, hər birinin içərisində  6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda,  ümumi sayı 576  ədəd Rusiyaya məxsus aksiz markası ilə markalanmış “Beluga Transatlantik Rasing” markalı araqlar aşkar edilib.
 
Xaçmaz  Gömrük İdarəsinin əməkdaşları tərəfindən valyuta qaçaqmalçılığının da qarşısı alınıb. Belə ki, Rusiya istiqamətindən Azərbaycana “Samur” gömrük postunun piyada keçidi ilə keçməklə gələn Rusiya vətəndaşı Raqimov Zaur Şamsaddinoviç postun giriş qapısına yaxınlaşıb və Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı verib. Sonra ondan bağlamanı  qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilib, Z. Raqimovdan nə  qəbul etdiyi barədə şifahi sorğu-sual olunub.
 
Özünü Azərbaycan  vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən  şəxs bildirib ki, ona ötürülən bağlamada pul olub. Bundan sonra, Z. Raqimovun gömrük nəzarətindən gizli yolla B, Güləhmədova ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların 69 ədəd 500-lük avro, ümumi 34.500 avro olduğu müəyyən edilib.
 
Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Google+ WhatsApp ok.ru