Azərbaycan Amerika tərəfindən dinlənilir?

İlham İsmayıl: `İnanmıram ki, dinləmələrə görə ABŞ- Azərbaycan arasında hansısa gərginlik yaşansın`

“The Washington Post” qəzeti ABŞ Milli Kəşfiyyat Agentliyinin Azərbaycan hökuməti barədə kəşfiyyat məlumatları toplamasına icazə verən tam məxfi qrifli hökumət sənədini yayıb. Orada göstərilir ki, Milli Kəşfiyyat Agentliyi “Xarici kəşfiyyat fəaliyyəti haqqında” qanun əsasında Azərbaycan da daxil olmaqla, dünyanın 193 ölkəsini dinləyir. Sənədə əsasən, Milli Kəşfiyyat Agentliyi bu məlumatları xaricdəki Amerika şirkətləri vasitəsilə də əldə edə bilər. Sənəd 2010-cu il, iyulun 16-da möhürlənib.
 
Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirib ki, dinləmələr daha çox mobil telefon vasitəsi ilə aparılır: “Dünyada texnologiya inkişaf etdikcə  ondan müxtəlif məqsədlər üçün də istifadə edilir. Eləcə də cihazlar vasitəsilə dinləmə aparılan zaman dinlənilən tərəf bunu anlamır.  Dinlənilən ölkə bunu anladıqda isə  ikitərəfli münasibətlər pozulur və gərginlik yaranır. Azərbaycanda Milli Məclisə mobil  telefonla daxil olmağın qadağan edilməsi də təsadüfi deyil. Hazırda dinləmələrin əksəriyyəti mobil telefonlar vasitəsi ilə aparılır.  Bu heç kəsə sirr deyil. Milli Məclis kimi yerdə mobil telefonun açıq olması, xarici ölkələrdən orada gedən danışıqları dinləməyə birbaşa əlverişli şərait yaradır. Hətta  telefonla danışılmadan belə əgər hansısa ərazidə mobil telefon açıqdırsa, onun vasitəsilə həmin məkanı dinləmək mümkündür.  Telefon danışıqlarının dinlənilməsi isə qeyd etdiyim kimi artıq adi hala çevrilib. Son zamanlar rəsmi Kiyevdə aparılan danışıq  dinləmələr sayəsində dünyaya yayılıb”.
 
Ekspert bildirib ki, dinləmələrin qarşısını almaq mümkündür: “Təcrübə göstərir ki, hətta dövlət başçılarının belə telefon danışıqları dinlənilir. Əvvəla qeyd edim ki, bu etik baxımından olduqca yanlış hərəkətdir.  Dinləmənin qarşısını almağa gəlincə, bu hal çətin olsa da, mümkündür. Əks proseslər vardır ki, belə əməliyyatlar nəticəsində dinləmələr aşkar edilir və qarşısı alınır”.
 
İctimaiyyətdə yayılan məlumatlara görə, son zamanlar Amerika ilə Azərbaycan arasında yaşanan gərginliyin səbəbləri sırasında dinləmələr də yer alıb.  Yayılan məlumatlara görə, xaricdən maliyyələşən müxtəlif QHT-lər bu prosesdə alət rolunu oynayırlar. 
 
Məsələyə münasibət bildirən İlham İsmayıl yayılan məlumatları doğru saymayıb: “Əgər bizə dəqiq məlum olsa ki, Amerika tərəfindən dinlənilirik, bu, yaxşı qarşılanmaz. Almaniya və ABŞ arasında dinləmələrə görə narazılıq yarananda ABŞ rəsmiləri açıq şəkildə Almaniya kansleri Angela Merkelə də bildirdilər ki, dünyanı dinləyib, lazım olan materialları götürürlər. Yəni mən inanmıram ki, dinləmələrə görə ABŞ- Azərbaycan arasında hansısa gərginlik yaşansın.”

Google+ WhatsApp ok.ru