Azərbaycanda nadir cərrahiyyə əməliyyatları keçiriləcək

Koxlear implantasiya ilk dəfə olaraq Daxili İşlər Nazirliyinin Hospitalında həyata keçirilir

Sentyabr ayından etibarən DİN-in A.Heydərov adına Respublika Hospitalında nadir əməliyyatların keçirilməsi nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə iyulun 16-da DİN-in A.Heydərov adına Respublika Hospitalında bu şəfa ocağının 50 illik yubileyinə həsr olunmuş koxlear implantasiya üzrə keçirilmiş master-klass zamanı məlumat verilib.

DİN Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov tədbiri giriş sözü ilə açaraq Avstriyadan, Rusiyadan və Belarusdan gələn qonaqlara daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını çatdırıb.

Hospitalın rəisi, tibb xidməti polkovniki, respublikanın əməkdar həkimi Ramiz Əkbərov bu qocaman səhiyyə ocağının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.

Daha sonra Sankt-Peterburq şəhərindəki "LOR" Elmi-Tədqiqat İstitutunun bölmə rəhbəri, 3000-dən çox implantasiya əməliyyatını həyata keçirmiş, Beynəlxalq "HEARRİNG" təkşilatının aparıcı eksperti, tibb elmləri doktoru Vladislav Yevgeniyeviç Kuzovkov tərəfindən yaşyarımlıq iki körpə üzərində həyata keçirilən əməliyyat konfrans zalına onlayn rejimdə translyasiya edilib.

Bildirilib ki, koxlear implantasiya respublikamızda ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin Hospitalında həyata keçirilir. Bu əməliyyatın əsas özəlliklərindən biri də anadangəlmə kar doğulmuş körpələrin gələcək əlilliyinin qarşısının vaxtında alınmasıdır. Nəzərə çatdırılıb ki, bir gün öncə də 2 xəstə üzərində uğurla eyni əməliyyat keçirilib. Əməliyyatda hospitalın "LOR" şöbəsinin baş ordinatoru, tibb elmləri namizədi Kamil Yusifov, Anesteziologiya və əməliyyat blokunun rəisi Zaur Tahirov və həkim İlqar Eyvazov iştirak ediblər.

Yeri gəlmişkən, bu tibb müəssisəsinin ən müasir infrastrukturla təmin olunması, maddi-texniki bazasının təkmilləşdirilməsi xarici tərəfdaşların da diqqətini cəlb edib. Birgə əməkdaşlıq nəticəsində burada daha unikal əməliyyatların aparılmasına imkan vardır.

Tədbirdə Avstriyadan, Rusiyadan və Belarusiyadan gəlmiş tibb mütəxəssisləri tətbiq olunan cərrahi yenilik barədə çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Google+ WhatsApp ok.ru