Azərbaycanda sosial müavinət təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu il iyulun 1-dək Azərbaycan əhalisinin 4,2 faizinə və ya 358293 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin şəxslərin 266570 nəfəri (74,4 faiz) aylıq, 91723 nəfəri isə (25,6 faiz) birdəfəlik sosial müavinətlə təmin olunub.
 
Çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə prezidentin fərmanına əsasən, yanvarın 1-dən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir.
 
1 iyul tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 6340 nəfərdir. Eyni zamanda, prezidentin fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılaraq 37 manatdan 45 manata çatdırılıb.
 
Bu artım ümumilikdə 52959 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Google+ WhatsApp ok.ru