Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb. Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb. Bayram namazının qılınmasından sonra A. Paşazadə jurnalistlərə açıqlamasında Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqa rifah, əmin-amanlıq arzulayıb, Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar etdiyini bildirib. 
 
Qeyd edək ki, Azərbaycanda dünən və bu gün Ramazan bayramı qeyd olunur.
 
İyunun 29-da başlayan Ramazan ayı başa çatır.
 
Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 28-i və ya 29-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır.
 
Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Google+ WhatsApp ok.ru